AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sümükişləmə

Nümunənin reyestr kodu : ST1000000001

Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri burada sümükişləmə sənətinin geniş yayıldığını deməyə əsas verir. Tətbiqi sənətin metalişləmə, silahsazlıq, dulusçuluq, ipəkçilik və digər sahələri ilə müqayisədə sümükişləmə Azərbaycanda geniş yayılmasa da, arxeoloji materiallar sümük məmulatı və onların istehsal texnologiyaları haqqında maraqlı məlumatlar verir. Eyni zamanda, etnoqrafik məlumatlara da söykənərək demək olar ki, Azərbaycanda sümük məhsullarının istehsalı dörd mərhələdə həyata keçirilirdi. Birinci mərhələ xammalın toplanması və seçilməsidir. Orta əsr nəqqaşları xammal kimi, əsasən, ev və vəhşi heyvanların buynuz və sümüklərindən istifadə etmişlər. Arxeoloji qazıntılardan tapılan sümük məmulatının yarıdan çoxunun ev heyvanlarının sümüyündən hazırlanması göstərir ki, sümükişləmə üçün xammal, əsasən, maldarlıq hesabına təmin olunmuşdu. Həmçinin vəhşi heyvanların buynuz və sümüyündən də uğurla istifadə olunmuşdu. Yumşaq və elastik olmasına, istənilən böyüklükdə və formada əşyaları kəsə biməsinə görə maral buynuzuna da üstünlük verilmişdi. Növbəti – sümüyün yumşaldılması mərhələsində xammal qələvi, kül, qıcqırdılmış süd məhsullarında dəfələrlə qaynamaya məruz qalır. Üçüncü mərhələdə isə sümükdən müxtəlif təyinatlı məhsullar hazırlanır. Bu mərhələni keçən sümük ilkin formasını itirir və hazırlanan əşyanın təyinatına görə ona lazımi forma verilir. Sümükişləmədə sonuncu mərhələ məhsulun üzərinə müəyyən ornamentlərin çəkilməsi və cilalanmasından ibarətdir. Ornamentlər, adətən, kəsmə, cızma və aşınma ilə çəkilir.

IX-XV əsrlərdə Azərbaycanda istehsal olunmuş sümük məmulatını belə qruplaşdırmaq olar: məişət əşyaları, əmək və musiqi alətləri, silah detalları, at ləvazimatı, bəzək əşyaları, oyun sümükləri və təyinatı məlum olmayan əşyalar. Sümük məmulatının böyük hissəsini bədii işləmələri olmayan məişət və əmək alətləri, silah detalları təşkil edir ki, bu əşyalar da olduqca qaba hazırlanmış, çox vaxt da səthi, sadə ornamentlərlə bəzədilmişdi. Bununla belə, IX-XV əsrlərə aid sümük məmulatı içərisində yüksək sənətkarlıqla hazırlanmış məhsullara da rast gəlmək mümkündür. Onlardan biri Qəbələ şəhərinin Selbir yaşayış məntəqəsindən tapılan və IX əsrə aid sümük bıçaqdır. Yaxşı cilalanmış, səthi ornamentlərlə bəzədilmiş, qırmızı rənglə boyanmış bu bıçağı digərlərindən fərqləndirən cəhət onun tamam sümükdən hazırlanmasıdır.

Oyun sümük zərləri isə Qəbələ və Mingəçevirdəki arxeoloji qazıntılardan aşkar edilmişdi. Kub formasında olan bu zərlərin üz səthinə müvafiq olaraq birdən altıya qədər oyuq çəkilmişdi. Nəqqaş zəri hazırlayarkən oyun zərlərinin hazırlanma qaydasını – iki əks üzvdəki rəqəmlərin sayı yeddiyə bərabər olmalıdır prinsipini gözləmişdi. Simvolik anlamı olan bu rəqəm astral təsəvvürlərlə bağlıdır və yeddi səyyarəyə işarə edir.

Arxeoloji qazıntılardan tapılan sümükdən hazırlanmış düymələr isə yüksək bədii tərtibatı ilə seçilir. Yuvarlaq, halqa şəklində hazırlanmış bu düymələrin bəzədilməsində həndəsi ornamentlərdən, xüsusən də “göz” ornamentindən istifadə olunmuşdu. Nəbati ornamentlər və təsviri motivlərdən düymə bəzədilməsində çox nadir hallarda istifadə olunur. Amma Qəbələdə tapılan və üzərində oyma üsulla quş təsvir olunmuş düymə istisnadır. Orta əsr nəqqaş emalatxanalarının, demək olar ki, hamısında hazırlanmış sümük düymələrin ən qədim nümunələri III-IV əsrlərə aiddir. Belə düymələr Müsəlman Şərqindən tutmuş Bizans və Şərqi Avropayadək geniş bir ərazidə tətbiq olunurdu.

Sümükdən hazırlanmış düymə ornamenlərinin təhlili göstərir ki, bu məmulatın bəzədilməsində düzxətli, əyrixətli, spiral ornamentlərdən, hətta stilizə olunmuş təsvirlərdən istifadə olunmuşdu. Dairə, yarımdairə formalı, əyri xətli ornamentlər isə üstünlük təşkil etmişdi. Sümük məmulatının bədii tərtibatında ən sevimli bəzək dünyanın bir çox xalqlarında günəşin rəmzi kimi qəbul olunan “göz” adlı dairəvi naxışdır. Müasir dövrümüzdə sümükişləmə sənəti ilə tanınmış ustalar məhdud formalarda məşğul olurlar.