AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sehrli alma

Nümunənin reyestr kodu : DR0203000019

Alma Azərbaycan folklorunda sakral mənşəli meyvə kimi xarakterizə olunur. Nağıl, dastan, mifoloji mətn və müxtəlif səciyyəli folklor əsərlərinin tərkibində ona rast gəlinir. Milli folklorda o, yaradıcı başlanğıc, möcüzəli doğuluş, əbədi həyat və ölümsüzlük, cavanlaşmaq funksiyaları yerinə yetirir. Haqqında bəhs olunan meyvəyə inamın kökündə mifoloji sistemdə dünya modelinin əsas ünsürü sayılan dünya ağacı ilə bağlı inanclar durur.

Almanın Azərbaycan folklorunda sakrallığının qabarıq nəzərə çatdırıldığı əsas motivlərdən biri möcüzəli doğuluş motividir. Alma ağacının meyvəsini yeməklə hamilə qalmaq bitkilərin məhsuldarlıq gücünə inamdan irəli gəlir. Azərbaycan folklor mətnlərində möcüzəli alma qəhrəmana dərviş, abid, nurani qoca, övliya, Yer Ananın simvolu sayılan qoca qarı, Zümrüd quşu, nadir hallarda yaşlı valideynlər tərəfindən verilir. Bəzən isə möcüzəli alma göydən düşür, bulağın gözündən tapılır, sandığın içindən çıxır, yaxud yuxuda yeyilir. Möcüzəli alma, bir qayda olaraq, ortadan bölünür, bir üzünü kişi, bir üzünü qadın yeyir. Məşhur “Şəms-Qəmər” nağılının simasında yüzlərcə digər nağıllarımızda bu tip epizodlar izlənilməkdədir: Uzun illərdir övlad həsrəti çəkən padşaha ovsunlanmış alma təqdim edən dərviş “al bu almanı tən bölüb, yarısını özün ye, yarısını da hərəmin yesin, sənin bir oğlun olacaq, adını Qəmər qoyarsan” deyir. Doqquz aydan sonra Allah ona bir ay parçası oğul kəramət eyləyir”. “Məlik Məmməd və Məlik Əhməd” nağılında isə almadan doğulan uşaqların bir-birinə bənzərliyi haqqında maraqlı məlumat vardır. Təsvirlərə görə, suyun üzü ilə axıb gələn sehrli almanın tən bölünmüş yarısını övlad arzulayan padşah öz hərəmiylə yeyir, digər yarısı isə uşağı olmayan naxırçı və arvadına qismət olur. Onların hərəsinin bir oğlu olur; hansı ki, bu uşaqlar çox oxşayırdılar, bir-birilərindən seçilmirdilər”. Ümumiyyətlə, eyni almadan doğulan uşaqlar adətən bir-birinə bənzəyir, bəzən valideynləri belə onları fərqləndirməkdə çətinlik çəkir.

“Səyyad və Sədət”, “Nəcəf və Pərzad”, “Tahir və Zöhrə”, “Şahzadə Bəhrəm”, “Şah İsmayıl”, “Şam Şahzadə” və s. dastanlarımızda da sehrli almadan doğulan uşaqlardan bəhs olunur. Dastanlarda almanın nağıllarda olmayan başqa bir funksiyası da diqqət çəkməkdədir. Qəhrəmanın haqq aşığına çevrilməsi üçün ona badə içirdilməsi, buta verilməsi və s. bu kimi proseslər onların alma ağacı altında yuxuya getmələrindən sonra baş verir.

Xalq inanclarında yuxuda almanın görülməsi övlad olacağına bir işarə kimi qiymətləndirilir. Hətta bəzi folklor nümunələrində alma övlad həsrəti çəkən insanlara yuxuda olarkən məsləhət görülür. Burada fredist anlayışın izləri müşahidə edilməkdədir. Həmin anlayışa görə, həyata keçməyən arzular (örnək olaraq: sonsuzluq – övlad sahibi ola bilməmək və s.) şüur sferasına keçərək yuxugörmə kimi hallarda özünü göstərir. Ona görə də yuxuları düzgün yozmaqla insanların qeyri-şüuri təəssüratları barədə mühakimə yürütmək olar. Bu məntiqlə, hamilə qadının yuxuda alma görməsi onun qız uşağını dünyaya gətirəcəyi şəklində yozulmuşdur.

Azərbaycan folklorunda alma həm də insanlara cavanlıq bəxş edir. Nağıllarda cavanlıq bəxş edən almalar qızıl alma, yeddi dağ alması, cavanlıq alması, ölməzlik alması, “bir üzü süddən ağ, bir üzü lalədən qırmızı, qeyri-adi alma”, cənnət alması və s. adlarla təyin olunurlar. Folklor külliyyatımıza daxil olan “Bişibitdənin nağılı”nda qoca ər-arvadın ahıl yaşlarında dünyaya gələn övladları oz həmyaşıdlarından fərqlənmək istəmir: O, həmişə fikirləşir ki, mən nə edim ki, atamla-anam cavanlaşsın, onlar da tay-tuşlarımın valideynləri kimi olsunlar. Bir gün onun qarşısına bir dərviş çıxır və deyir: Sən istəyirsənsə ki, atan-anan cavanlaşsın, gərək gedib yeraltı dünyadakı öküzün belindəki almanı gətirəsən. Onlar həmin almanı yesələr, cavanlaşacaqlar”. Yeraltı dünyaya enən Bişibitdən qızıl almanı illərlə axtardıqdan sonra, sehrli qüvvələrin köməyilə tapmağa müvəffəq olur. İşıqlı dünyaya qayıtdıqdan sonra gətirdiyi almanı ata-anasına yedizdirdikdən sonra onlar da cavanlaşırlar”.

Alma folklorda həm də cənnət meyvəsi kimi təqdim olunur. Adəm və Həvvanın cənnətdən qovulmasına səbəb olan meyvələr arasında buğda və arpa ilə yanaşı, almanın da adı çəkilir.

Alma təkcə folklor mətnlərində deyil, məişətdə də sakral meyvə kimi çıxış edir. Axır çərşənbə gecəsi almanın qabıqlarını qırmamaq şərtilə bütöv soyub yeyirlər. Güzgünü həmin qabıqlarla bir yerdə baş altına qoyub yatanda, inanca görə, qismətinə çıxacaq insanı yuxuda görmək olur. Nağıllarda tez-tez müşahidə olunan qızın sevdiyi oğlana alma atması vaxtilə Azərbaycan məişətində də geniş yayılmışdır. Zəngilan rayonundan toplanmış etnoqrafik təsvirlərdə gəlin gətirilən zaman bəy eyvanda və ya qəlbi bir yerdə duraraq gəlin həyətə daxil olduqda ona alma atardı.

Beləliklə, alma sakral meyvə kimi mifoloji inamlar sistemində mühüm yer tutur. A.N.Afanasyev “Həyat ağacı” əsərində yazır ki, alma həyat ağacının elə birbaşa özüdür. Bu ağacın meyvəsini yeyən qoca cavanlaşır, xəstə sağalır, korun gözləri açılır, hətta onun meyvəsində “ölünü diriltmək” qüdrəti də vardır. Bütün bu təsəvvürlərin kökündə isə bitki aləminin həyatverici (məhsuldarlıq) gücünə inam durur. Bu inanca görə, bitkilər (meyvələr, tərəvəzlər, ağaclar, çiçəklər, otlar və s.) yaradıcı gücünü ilkin stixiyalardan biri olan torpaqdan alır. Belə ki, torpaq kosmoqonik subtansiya ilə bağlı varlıq kimi insan yaradıcı vasitə sayıldığı kimi, onda cücərən bitki aləmi də bu substansiyada çıxış edə bilər. Belə meyvələrdən biri olan alma Azərbaycan folklorunda kosmosda nizamı bərpa edən (digər xalqların folklorunda bunun tam əksini görmək olur) qurucu – yaradıcı, nizamlayıcı, şəfaverici substansiya kimi təsvir olunur.