AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Saray

Nümunənin reyestr kodu : DA0204000009

Türkcə “saray”, farsca “səray” adlanan və “ev”, “qəsr”, “iqamətgah” mənasını verən, monumental arxitektura-kompozisiya həlli olan kompleks tikinti olduqca təmtəraqlı inşa olunub, özündə hökmdarların bütün məişəti üçün zəruri olan bir çox yaşayış binalarını, təsərrüfat tikililərini, məscid, türbə, karvansara, aşxana, divanxana, xidmətçi otaqları, su ovdanı, hamam və s. birləşdirirdi. Əvvəllər yalnız hökmdarların, sonralar isə cəmiyyətin yüksək təbəqəsinə mənsub şəxslərin də sarayı (iqamətgahı) olmuşdur.

Azərbaycanda saray memarlığının özünəməxsus xüsusiyyətlərini XVIII əsrdə inşa edilmiş Şəki xan sarayının timsalında aydın izləyə bilərik. Belə ki, dünyada öz orijinallığı ilə yeganə olan Xan sarayını 1762-ci ildə “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xan tikdirmişdir. Bina 31,7 metr uzunluğa, 8,5 metr enə və 10 metr hündürlüyə malikdir. Hər mərtəbənin hündürlüyü 3,35 metrdir. Həm fasad, həm də plan həlli xüsusiyyətlərinə görə saray binası simmetrikdir. İkinci mərtəbənin planı birinci mərtəbəni təkrarlayır. Otaqlar uzun ox üzrə bir cərgədə yerləşir. Hər iki mərtəbənin mərkəzində qəbul otaqları yerləşir. Zalın kənarlarında dəhlizdə kiçik otaqlar yerləşir. Onlar ikinci dərəcəli qonaqlar üçün nəzərdə tutulmuşdur. Sarayın hər iki mərtəbəsini əsas zalı oxşar plan əsasında inşa olunub. Onların şimal tərəfində küncdə vitrajla cənub pəncərələrinə açılan kiçik otaqlar yerləşir. Sarayın pəncərə işləmələri şəbəkədən hazırlanmışdır. Orada xalq təsviri incəsənətinin bir çox növləri, xüsusən XVIII-XIX əsrlərin maraqlı divar rəssamlığı nümunələri ümumiləşmişdir. Saray naxışları dörd qrupa bölünür: həndəsi və nəbati ornamentli naxışlar, süjetli və quşların təsviri həkk edilmiş naxışlar. Onlar müxtəlif kompozisiyalarda birləşdirilmişdir. Sarayın naxışları koloritinin zənginliyi, qızılı rəngin geniş tətbiqi ilə xarakterizə olunur. Ümumiyyətlə, Şəki xan sarayı şəbəkəçilik texnikasının və divar rəssamlığının orijinal nümunəsi kimi bu gün də seyrçilərini heyran qoymaqdadır.

Şirvanşah I Xəlilüllah (1417-1462) tərəfindən inşa etdirilmiş Şirvanşahlar sarayının ümumi kompozisiyasını isə sarayın özü ilə birgə, divanxana, Keyqubad məscidi, Seyid Yəhya Bakuvinin türbəsi, Murad darvazası (Şərq portalı), Saray məscidi, türbə, hamam və ovdan (su anbarı) tamamlayır. Naxçıvan və Lənkəran xan sarayları da Azərbaycan (eləcə də türk-islam) saray memarlığını zənginləşdirən monumental abidə kompleksləridir.

Saray memarlığı hökmdar sarayı, cəmiyyətin yüksək təbəqəsinə mənsub şəxslərin sarayı, yeni tipli ictimai saray memarlığı kimi təsnif oluna bilər.

Dünyada saray memarlığının tarixi qədimlərlə səsləşir. I əsrdə Qədim Romada Flavilərin sarayı, IV-VI əsrlərdə Bizansda (Konstantinopolda) inşa edilən “Böyük saray” saray memarlığının ən möhtəşəm abidələri hesab olunur. XIII-XIV əsrlərdə Mavritaniya memarlığı (Qranadada Əlhəmra sarayı və b.) Avropanın (xüsusilə də İspaniyanın) saray memarlığına qismən də olsa, təsir etmişdir. XVII-XVIII əsrlərdə saray tikintisində ətraf mühitlə binanın müxtəlif təyinatlı ayrı-ayrı hissələri arasında üzvi əlaqə, kompozisiyada kilsə və zəng qüllələrinin hündür həcmi (məs: Moskva Kremlindəki Terem sarayı – XVII əsr), eləcə də sarayların daxili bəzədilməsində divar rəsmlərindən geniş şəkildə istifadə edilməsi (məs: Şəki xanlarının sarayı – XVIII əsr) mühüm yer tutmağa başlamışdır. Azərbaycanda saray memarlığının zirvə nöqtəsi XVIII əsr hesab olunur. Tarixdən məlum olduğu kimi, XVIII əsrin ortalarında Azərbaycan ərazisində müstəqil xanlıqlar – xırda dövlətlər yaranmış, hər bir xan isə öz ərazisi daxilində müstəqil olmağa çalışmışdır. Bu səbəbdən də xanlar özlərinə idarəçiliyi həyata keçirmək, həm də yaşamaq üçün saraylar tikdirmişlər. Bu günümüzə qədər gəlib çatan Şəki xan sarayı, Bakı xanlarının sarayı, Naxçıvan xanlarının sarayı, Qarabağ xan sarayı, Lənkəran xanlarının sarayı, Quba, Dərbənd, Gəncə xanlarının iqamətgahları saray memarlığının gözəl və möhtəşəm nümunələridir.

Keçmiş Sovetlər dönəmindəki saray memarlığında da yeni-yeni saray tipləri meydana çıxmışdır. Moskva Kremlindəki Qurultaylar sarayı, ayrı-ayrı şəhərlərdə mədəniyyət sarayları, Pionerlər sarayı, İncəsənət sarayı, “Səadət sarayi” başda olmaqla nikah sarayları, məşhur dövlət xadimlərinin adı verilmiş saraylar (Bakıda Heydər Əliyev adına saray, Heydər Əliyev adına mərkəz-saray və s.). Günümüzdə də respublikamızda saray memarlığı ənənəsi davam etdirilir. “Gülüstan” sarayı, İdman sarayları və b. saray memarlığının yeni ifadəsidir.