AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sədəfvurma peşəsi

Nümunənin reyestr kodu : DA0104000054

Sədəfçilik və ya sədəfvurma peşəsi Orta əsrlərdə inkişafının yüksək mərhələsinə çatmışdır. Həmin dövrdə qapı, pəncərə, dolab, kürsü, çəkməcə, “Qurani-Kərim”in mühafizəsi üçün qablar, masa, divan, səhpa tipli ev avadanlıqları, silah qəbzəsi, tütün qutusu və s. ağac əşyalarının sədəfə tutulması geniş yayılmışdı. Orta əsrlərdə sədəfvurmaya “Sədəfkari”, bu işlə məşğul olan ustaya “Sədəfkar” deyilmişdir. Sədəfvurmada ceviz, qırmızı ağac, gül kimi gövdəli ağaclardan istifadə olunur, qurşun, qalay, gümüş, simlə motivlərin ətrafı bəzədilir. Sədəf şirin sulardan çıxarılan balıqqulağıdır. Sədəf yerinə və ya sədəflə birlikdə buynuz, tısbağa, fil sümüyü və sümük də istifadə olunmuşdur.

Sədəfvurmada “oyma” və “çaxma” üsulundan istifadə olunur. Əvvəlcə ağaca işlənəcək motiv cızılır. Polad uclu kəski aləti ilə motivin çevrəsi yarılır, ora sim yatırılır və çəkiclə yavaş-yavaş vuraraq tel ağaca gömülür. Daha sonra motivin içi oyulur və içi oyulmuş bu motivin şəklinə uyğun olaraq sədəf yapışdırıcı və ağac tozundan hazırlanmış maddə ilə motivin içinə çaxılır. Motiv içinə yerləşdirilən sədəfin yerinə düzgün oturması və sürtülmənin motivi pozmaması üçün sədəfin alt və üst hissəsi tənzimlənir. Sədəf yerləşdirilmiş hissə ən azı iki saat qurumağa qoyulur, sonra incə yeyə ilə yonulub sumbata ilə sürtülərək səthi hamarlaşdırılır, spirt içində əridilmiş qətran maddəsi ilə pambıqla parladılır. Açıq rəng olan qoz ağacının tündləşdirilməsi üçün ağac zeytunyağı ilə sürtülüb günəşin altında qurudulur, daha sonra cilalanır.

Maraqlıdır ki, zərgərliklə məşğul olmayan bir sıra peşə sahibləri, məsələn, sazbənd, tarbənd musiqi alətlərinin bəzədilməsində sədəfvurma üsulundan istifadə etmişlər. Tarzən, əməkdar mədəniyyət işçisi Kamil Əhmədov sədəfvurma ilə də məşğul olmuş, onun bəzədiyi musiqi alətləri sənətkarlıq baxımından yüksək qiymətləndirilmişdir.

Sədəfvurma zərgərliklə, xüsusi ilə xatəmkarlıqla sıx bağlıdır, bəzi hallarda sədəfvurma və xatəmkarlıq sinonim kimi işlədilir. Həm emal üsullarına, həm də bəzədikləri maddi mədəniyyət nümunələrinə görə bu iki peşə sahəsi və ya üsul bir-birinin eynidir. Bəzən isə sədəfvurma xatəmkarlıq daxilində dar ixtisaslaşma sayılır.

Taxta üzərində bəzəkaçma sənətinin üsullarından biri olan xatəmkarlıq da XVIII-XIX yüzilliklərin birinci yarısından inkişaf etmişdir. Zinət istehsalında bir sıra sənətkarlıq məmulatlarını (xəncər, qılınc, tüfəng, tapança, əsa, ev avadanlığı) bəzəmək üçün xatəmkarlıq (qaxma, yaxud çaxma) üsulundan istifadə olunmuşdur. Bu məqsədlə hazır məmulatın üzərində nəzərdə tutulmuş çeşni əsasında deşiklər açılır, sonra onlar çaxma yolu ilə qızıl və ya gümüş mıx, sədəf, sümük, qiymətli daş və s. kimi başqa materiallarla doldurularaq bəzənirdi. Çaxma əməliyyatı tamamlanandan sonra əşyanın üzü sürtülüb hamarlanırdı.

Qiymətli metalların bəzədilməsindən fərqli olaraq taxta üzərində xatəmkarlıq daha zərif və rəngarəngdir. Bu da onunla izah edilir ki, sənətkar üçün taxta üzərində işləmək metala nisbətən daha asandır. Burada sənətkar metalda işlədilən qızıl, gümüşdən başqa, qeyri materiallardan, o cümlədən sədəf, fil sümüyü, kəhrəba, müxtəlif qiymətli daş-qaşlardan və rəngli ağaclardan da istifadə edə bilir.

Xatəmkarlıq, sədəfvurma ilə yanaşı, zərgərlikdə “çaxma”, “oyma” üsulu ilə işləyən cavahirsaz peşəsi də fərqlənmişdir. Bir sıra ənənəvi zinət növlərinin bəzədilib yaraşıqlı hala salınmasında ləl-cəvahiratdan (inci, mirvari, kəhraba, sədəf, almaz, yaqut, əqiq, brilyant və s.) istifadə edilmişdir. Ona görə də ənənəvi zərgərlik sənətində cavahirsazlıq çox vaxt müstəqil peşə növü kimi fəaliyyət göstərirdi.

Sədəfvurma peşəsinin tarixi qədim olsa da sədəfin əşyada bəzək kimi istifadə olunması sonrakı dövrlərə aiddir.

Sədəfvurma peşəsi xüsusilə Səlcuqilər dövrünə aid motivlərdə özünü göstərir, burada geometrik naxışlar, yarpaq, çiçək kimi naxışlar əksini tapır. Bu ənənə Atabəylər, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövründə inkişaf etdirilmişdir.

Sədəfvurma Orta əsrlərdə qapı, pəncərə, dolab, kürsü, Quran mühafizəsi, masa, silah qəbzəsi, tütünqabı və s. kimi ağacişləmə məmulatlarında tətbiq olunmuşdur.

Azərbaycan ustalarının hazırladıqları maddi mədəniyyət nümunələri yerli və xarici muzeylərdə sərgilənir. Sədəf vurulmuş tar, saz, kamança, qaval, nağara kimi musiqi alətləri, xəncər qəbzələri, müxtəlif ev avadanlıqları sərgilərin diqqətçəkən eksponatlarıdır.