Su çərşənbəsi
Nümunənin reyestr kodu : DB0204010008
Su çərşənbəsi – boz ayın dörd çərşənbəsindən biridir. Yaradılışın əsasında duran dörd əsas ünsürdən birinin – suyun “oyanması”, onun buzunun əriməsi münasibəti ilə keçirilir. Xalq arasında “əvvəl çərşənbə”, “əzəli çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə”, “sel çərşənbə”, “Zəmzəm çərşənbə” və sair adlarla tanınır. Həmin gün böyük təmtəraqla qarşılanılır, suların oyanması şəninə tonqal qalanılır, tonqalın üstündən tullanılır.
Digər çərşənbələr kimi, su çərşənbəsi də özünəməxsus mərasimlərlə müşayiət olunur. Əski inamlarda su sağlamlığın, təmizliyin, paklığın rəmzidir. Ona görə bir çox bölgələrdə su çərşənbəsi səhər ertədən axar suyun üstünə üz tuturlar, çillə kəsdirir, niyyət eləyib suyun üstündən tullanır və bu sözləri deyirlər: “Ağırlığımı su götürsün”. Bu çərşənbədə hamı bulaqda, axar çayda əl-üzünü yuyur, bir-birinin üstünə su çiləyir, “su mübarəkdir”, – deyirlər. Təzə sudan gətirib evə, həyət-bacaya, mal-qaranın üstünə səpirlər. Deyirlər, belədə il ruzulu olar, bərəkət artar. Qucaqda körpələri, hətta qocaları, xəstələri də su üstündən hoppandırırlar ki, salamatlıq, əmin-amanlıq, xoşbəxtlik olsun.
Bulaq başında, arx kənarında, çay qırağında suyun müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyurlar. Əski etiqadlara görə, su çərşənbəsi günü bir anlıq “təzə suya” qovuşanlar, azar-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olarlar, günahlarını su yuyub aparar.
Su çərşənbəsində həm də bir sıra sınamalara yadda qalır. Zəngilan rayonunda su çərşənbəsində suatma adlanan bir sınaq keçirilərdi. Qaranlıq düşən vaxtı qızlar ürəklərində niyyət tutub bir küncdə gizlənər, oradan gəlib keçən olanda vedrədəki suyu onun üstünə atardılar. Yaxud, yaxın adamların evlərinə gedib qapıdan və ya damın bacasından suyu atardılar, ev sahibinin ağzından çıxan sözə görə niyyətlərinin hasil olub-olmayacağını müəyyən edərdilər. Yaşlı sakinlərin dediyinə görə, atılan su bəzən süfrənin üstünə tökülərdi, amma ev yiyəsi yenə hirslənməz, “aydınlıq içində olasan”, “Allah səni ağ günlü eləsin” deyib onları yola salardı.