AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sünnət toyu

Nümunənin reyestr kodu : DB0203010001

Sünnət adəti hələ ibtidai icma quruluşunda oğlan uşaqları yetkinləşərkən onları müxtəlif fiziki sınaqdan (aclıq, dəri çərtmə, sünnət, dişlərin sındırılması və s.) keçirməklə müşayiət olunan adətlə əlaqədar meydana gəlmişdir. Qədim misirlilər, həbəşlər və sami xalqları arasında geniş yayılmışdı. Sünnət yəhudilərdə dini mənsubiyyəti təsdiq edən ritual (adətən uşağın 7-8 günündə) kimi icra olunur. Ərəblər arasında islamaqədərki bir çox adət kimi Sünnət də sonralar islam dinini qəbul etmiş xalqlar arasında müsəlmançılıq əlaməti kimi yayılmışdır.

Adətə görə “kiçik toy” mərasiminə bir neçə gün qalmış uşağın valideynləri məsləhət bildikləri qohumlara, tanışlara xəbər verir, kiçik toyun gününü müəyyən edirlər. Sünnət olunacaq uşağa kirvə tuturlar. Kirvəlik əsasən, Qarabağ, Şirvan və Qərb bölgəsində geniş yayılmışdır. Xaçmaz, Quba, Dəvəçi, o cümlədən Bakı ətrafı kəndlərdə isə kirvə tutulmur, amma mərasimdə iştirak edənə, yəni kirvəni əvəz edən şəxsə həmişə ailənin, uşağın yaxın adamı kimi böyük ehtiram göstərilir.

Kirvə əsasən mərasim günü xonça tutar, uşaq üçün lazım olan təzə dəst kostyum və digər əşyalar alardı. Mərasimdən sonra dəlləyə pul verərdi. Bu “kül pulu” adlanardı. Xüsusi məcməyiyə qırmızı örpək, konfet, meyvə qoyulardı.

Toy günü dəllək çağrılır. Dəlləyin mərasimi icra etməsi üçün ona qarğıdan hazırlanmış xüsusi alət, ülgüc və s. lazımdır. Kirvə uşağı qucağında oturdur, əllərini dizi qatlanan hissədən yana çıxarıb, uşağın əllərindən tuturdu ki, uşaq tərpənməsin. Uşağın üzünə qırmızı örpək, kəlağayı (kolxana) salınırdı. Dəllək isə sünnəti başa çatdırırdı. Müsəlmançılıqda adət icra olunarkən dəlləklər sadə üsulla, yəni qarğıdan istifadə etməklə ülgüclə atılası dərini yuxarıdan aşağıya kəsirlər. Yəhudilərdə isə əksinə icra olunur. Dəlləklər yarpızı qurudur, ovub kül halına salır və ocaq külü ilə qarışdırır, kəsilən hissəyə səpir, uşağın üzünə isə görməsin deyə kirvənin gətirdiyi qırmızı rəngli kolxana (kiçik kəlağayı) salırdılar.

Gədəbəy rayonunda sünnət mərasimində kirvələr əllərinə uşağın qanından sürtür, əl-ələ verirlər, bununla da ölənəcən sadiq olacaqlarını bəyan edirlər.

Azərbaycanda uşaqlara müxtəlif yaşlarda, bəzən bələkdə ikən, bəzən isə 3-8 yaşlarında “sünnət toyu”, yaxud “kiçik toy” edirlər. Müəyyən ailələrdə bu mərasim ailə daxilində icra olunur. Əksər hallarda isə şənlik məclisi qurulur.

“Kiçik toy”da mərasim başlayanda uşağın anası şirni stolu düzəldir, stola şəkərbura, paxlava və s. düzür. Mərasim iştirakçıları məcməyidən konfet, meyvə götürər, oraya pul atardılar. Məcməyidə yığılan pul dəlləyə, uşağın balıncının altına qoyulan pul isə uşağa çatırdı. Bir neçə gün sonra mərasim “küldən çıxma” mərhələsi ilə davam edərdi. Həmin gün kirvə ailəsi, yaxın qohumları ilə kirvəsinin evinə gələrdi. Ailə üzvləri və sünnəti olan uşaq üçün hədiyyələr, şirniyyat alınardı. Ev yiyəsi də öz növbəsində süfrə açar, qonaq dəvət edərdi. Beləliklə, iki ailə arasında kirvəlik davam edərdi. Qeyd etmək lazımdır ki, kirvəlik mərasimindən sonra kirvə evin ən əziz, sadiq, inanılmış adamı, üzvü sayılardı. Azərbaycanda kirvəlik münasibətləri güclü olmuşdur. El arasında belə bir deyim də var: “Kirvə kirvənin damının üstünə çıxmaz ki, torpaq tökülər”. Azərbaycanda kirvənin nə qızını almaq, nə də o ailəyə qız vermək olmazdı.

Göründüyü kimi, Azərbaycanda “kiçik toy”, yaxud sünnət mərasimi kimi icra olunan bu adət əsrlərdən bəri icra olunmuş, nəsillərdən-nəsillərə ötürülərək ənənəviləşmişdir. Lakin, müasir dövrdə bu mərasim əksər ailələrdə həkimlər tərəfindən icra olunur, sonra isə mərasim qeyd olunur.