Samanlıq
Nümunənin reyestr kodu : DA0204000026
Azərbaycanda kənd tipli məskənlərdə, adətən, həyətin məişət bölməsində ev heyvanlarının saxlanması üçün müvafiq yer ayrılır və arakəsmə vasitəsilə başqa bölmələrdən təcrid edilirdi. Həyətin bu hissəsi çox vaxt “mal məhləsi” də adlanırdı. Heyvanların saxlanması və yemlənməsi ilə əlaqədar həmin bölmədə pəyə, tövlə, vana, kərəskə, ağıl, küz, talvar, samanlıq və s. tikilirdi. “Mal məhləsi”, əsasən, həyətin giriş qapısı səmtində yerləşirdi.
Azərbaycanda ənənəvi təsərrüfat məişəti ilə bağlı tikililərinin (pəyə, mal gəmrəsi, qoyun qazması, banıstan, küz, samanlıq, anbar, quraqlıq, vana, kəriskə, təndirxana və s.) əksəriyyəti daimi yaşayış məskənləri üçün xarakterikdir. Bəzi tikililər həm əkinçilik, həm maldarlıq təsərrüfatı üçün nəzərdə tutulmuş, ikili təsərrüfat funksiyası yerinə yetirmişdir. Bunlardan biri “samanlıq” (dümülük) kimi tanınan saman, ot, taxıl saxlamaq üçün nəzərdə tutulan təsərrüfat tikilisidir.
Əhalinin təsərrüfat məişəti həyətlərin həcminə, habelə onların tərkibinə də təsir göstərmişdir. Bir qayda olaraq, suvarma suyu çatışmayan və maldarlıqla məşğul olan kəndli ailələrinin həyətində əkin-dirrik sahəsi olmurdu. Belə həyətlərdə təsərrüfat-məişət bölməsi nisbətən geniş sahəni əhatə edirdi. Çünki maldarlıq təsərrüfatı tövlə, ağıl, pəyə, küz, samanlıq, quraqlıq, talvar kimi bir sıra təsərrüfat tikililərinin olmasını tələb edirdi.
At və qaramalın bəslənməsində ot və yonca ilə yanaşı saman da əsas alaf növü sayılırdı. Taxıl döyülüb sovrulduqda sonra xırmanda qalan saman (taxıl küləşi) səbət və ya çalı araba ilə daşınıb samanlığa yığılırdı. Qış aylarında saman (taxıl və arpa samanı) hörmə çubuq səbətlərlə daşınaraq mal-qaraya verilirdi.
Xüsusən Abşeronda maldarlıqla məşğul olan əhali samanı qışa saxlamaq üçün 2-2,5 metr dərinlikdə, 3-4 metr diametrli dairəvi, yaxud həmin ölçüdə eni və uzunu olan kvadrat dərə qazırdılar. Dərənin dibindən yerin səthinə qədər ətrafını hörürdülər. Yer səthinə bir tərəfdən qapı qoyub tikintini davam etdirirdilər. Yuxarı qalxdıqca divarlar içəriyə doğru künbəzvari yığılır, axırda 80 sm-ə qədər diametri olan baca (deşik) qalır ki, onu da yastı iri daş, yaxud taxta qapaqla örtürlər. Samanlığın qapısından içinə tərəf pilləkən olur. Samanı əvvəlcə qapıdan, samanlıq yarıdan çox dolduqda isə yuxarıdakı bacadan tökürdülər. Bəzən samanın içində arpa da saxlanılır. Lazım olduqda samanı qapıdan götürürdülər.
Azərbaycanın başqa bölgələrində samanlığın tikilməsinin müəyyən qədər fərqli üsulları da qeydə alınmışdır. Samanlıq üçün dərə (kalafa) qazıldıqdan sonra yerə basdırılmış 4 və ya 6 ədəd haçanın üzərinə bir cüt yoğun sunaça (sün) atıb üstünə nazik pərdilər düzürdülər. Pərdilərin üstünü şaxla tutandan sonra onun üzərinə küləş tökürdülər. Samanlığın yanları çox vaxt çubuqdan hörülmə tərəcə ilə tutulurdu. Bunun üçün əvvəlcə samanlığın ətrafına haça payalar basdırılır, sonra onların araları tərəcə ilə tutulurdu. Samanı samanlığa doldurandan sonra qabağını qapaqla bağlayırdılar. Samanlığın üstü torpaqla örtüldüyündən çox hallarda yerdə qazılmış tövlələr kimi samanlıqların üstü də yaşıllaşırdı.
Samanlıq hər kəndlinin qapısında olmazdı, nisbətən tavanalı, varlı kəndlilər samanlıq tikərdilər. Samanlıq müəyyən qədər ictimai bina mahiyyəti daşıyırdı. Keçmiş şəhər və kənd əhalisinin, o cümlədən köçəbə elatların fərdi həyətlərində toy-düyün, yas mərasimlərini keçirmək üçün samanlıqdan geniş istifadə olunurdu. Toy olanda mağara hazırlıq məqsədi ilə samanlığı süpürüb təmizləyir, döşəməyə ot sərib üstünə kilim salır, pərdilərdən otuzluq lampalar asılırdı. Soyuq fəsillərdə mağarın olması üçün soba qalayardılar.
Bəzi hallarda kənd evlərinin və tövlələrin dam hissəsi də “samanlıq” adlandırılmışdır. Otu, samanı, alafı evin damına toplamış və yağışdan, sudan, oddan qorumuşlar. Evin dam hissəsi sağdan, soldan və yan tərəflərdən bağlı olduğundan ora yığılan ot, saman, alaf sudan, yağışdan yaxşı mühafizə olunmuşdur.
Samanlıq köməkçi tikilisi əkinçilik və maldarlıqla bağlı olduğundan müxtəlif formalar və quruluşlarda olsa da, bütün bölgələr üçün xarakterikdir. Məsələn, paytaxt Bakının yaxınlığında yerləşən Qala qəsəbəsində XVII-XX əsrlərə aid “Samanlıq” adlanan bir neçə tikili tarixi abidə qeydə alınmışdır. Müxtəlif bölgələrdə samanlıq adlanan tikililər, yer adları, hətta yaşayış məntəqələri məlumdur. Məsələn, Gədəbəy rayonunun Çoban dağının ətəyində yerləşən Samanlıq kəndi indiki Tovuz rayonunun Alakol kəndinin yurd yeri olmuşdur. Əsasən əkin yeri olan ərazidən qışlaq kimi istifadə edilmiş, daha sonralar daimi yaşayış məskəninə – kəndə çevrilmişdir.
-
Xalq yaşayış məskənləri və evləri
Fəzail Vəliyev
2007
-
Qarabağın elat dünyası
X.Xəlilov
1992
- Tərtibçi və biblioqrafiya