AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sanamalar

Nümunənin reyestr kodu : FL0207030001

Azərbaycan uşaq folklorunda özünəməxsus janr kimi nəzərə çarpan sanamalar ilkin təfəkkürün poetik forması kimi çox qədim tarixə malik olub sonradan uşaqlar arasında geniş yayılaraq daha çox onların yaddaşının möhkəmləndirilməsində mühüm rol oynayır. Ulu əcdadlarımız əkilən torpaq sahələrini ölçəndə, otlaqdan qayıdan mal-qaranı sayanda işi asanlaşdırmaq, səmərəsini artırmaq və alınan rəqəmləri, nəticəni uzun müddət yadda saxlamaq məqsədilə xüsusi şeir nümunələri yaratmışdılar. Həmin nümunələrin köməyilə onlar heyvanları cütləyib yoxlayardılar, itib yoxa çıxanı olardısa, bundan tez xəbər tutardılar. Vaxtilə təsərrüfatda, heyvanların sayılmasında sıx istifadə olunan həmin üsul – cütləmələr bu gün uşaqların dilindən düşməyən ən oynaq şeir şəklinin – sanamaların meydana gəlməsinə təkan vermişdi. Təsadüfi deyil ki, cütləmə bəzi sanamalarda bu gün də özünü göstərir:

Bir, iki – Bildirki.

Üç, dörd – Qapını ört.

Beş, altı – Daş altı.

Yeddi, səkkiz – Firəngiz.

Doqquz, on – Qırmızı don.

Sanamaların xarakterik xüsusiyyəti ondan ibarətdir ki, ondan müxtəlif oyunlarda istifadə edilir. Uşaqlardan birini oyundan çıxartmaq istədikdə poetik rəmzi sanamalardan istifadə olunur. Axırıncı rəmz dövrədə kimin üzərinə düşsə, o çıxır. Belə janr nümunələri bilavasitə uşaqların yaddaşını gücləndirdiyi üçün oyundaxili sanamada uşaqların yaddaşını təbiətdəki əşyaların xüsusiyyətləri ilə tanış etmək məqsədi də güdülür.

Sanamaların bir qismi miqdar sayları üzərində qurulur: əvvəl rəqəmlər sadalanır, sonra müəyyən fikir irəli sürülür. Yüzədək bütün saylara xüsusi məna çaları şamil edilir. Sanki dünyadakı varlıqlar rəqəmlərin xarakterinə uyğun hərəkətə gətirilir. Hər sayın digərindən fərqlənən funksiyası nəzərə çatdırılır. Saylar birdən on dördə qədər həm cütləşərək, həm də tək halda sözlərlə əlaqəyə girir. İkinci qisim sanamalarda saylar iştirak etmir. Xalq arasında təkərləmə adı ilə də tanınan bu oynaq şeirlərdə ahəng müxtəlif sözlərin, səslərin, səs birləşmələrinin təkrarı ilə əmələ gəlir.

Motal-motal,

Tərsə motal.

Qıl atar,

Qaymaq qatar.

Ağ quşum,

Ağarçınım.

Göy quşum,

Göyərçinim.

Təkərləmələr saylar iştirak edən sanamalara nisbətən daha axıcı və oynaqdır. Çünki oyun prosesi ritmik hərəkətlər əsasında qurulur. Bu qrup heca vəzninin dördhecalı ölçüsündə yaranır və mükəmməl qafiyə sisteminə malikdir.

Uşaqların yaradıcılığında ölçülü-biçili şeir həmişə sabit strukturunu qoruyub saxlaya bilmir. Çünki misralar çox hallarda hecaların bərabərliyi ilə deyil, oyun hərəkətlərinin ritminə uyğunlaşdırılmaqla yaradılır:

Sanamalar və təkərləmələr uşaq folklorunun oyunlarla əlaqəli yaranan, hərəkətlərlə tənzimlənən poetik nümunələrindən biridir. Oyunçular arasında seçim aparanda onlarsız keçinmək mümkün deyil.