AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Biləsuvar

Rayon haqqında məlumat

Biləsuvar rayonunun ərazisi 1 360 km2, əhalisinin sayı 99,2 min nəfər, yaşayış məntəqələrinin sayı 1 şəhər və 25 kənd, əhali sıxlığı 72 nəfər/km2-dir.

Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Biləsuvarın qədimliyini sübut edən 10 arxeoloji abidə və orta əsrlərə aid memarlıq abidəsi olan Şəhriyar qalası hələ də öz tədqiqatçılarını gözləyir. 1288-1290-cı illərdə Qızıl Ordu qoşunlarının Azərbaycana hücumu zamanı Elxani hökmdarı Arqun xanın (1282-1291) hərbi düşərgəsi Biləsuvarda idi. Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində Biləsuvar rayonu haqqında verilmiş məlumatda qeyd edilir ki, Biləsuvar, Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə, Biləsuvarı X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır. Sabir Nəsiroğlunun tarixi mənbələrə istinadan yazdığına görə isə, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. Biləsuvar sözü də bu iki tayfanın - bolqar və suvarların cəmləşib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. 

Rusiya və İran arasında 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən sonra Azərbaycan ərazisi iki hissəyə bölünmüşdür. Bu tarixdən etibarən Biləsuvar rayonu da ikiyə bölünmüş, bir hissəsi İran tərəfdə qalmışdır. 1914-cü ildə Rusiya imperiyası İranla sərhədi bağladıqdan sonra sərhədə yaxın ərazilərdə yaşayan əhali 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvarın adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdır.

Bu gün Biləsuvar müstəqil Azərbaycanın inkişaf etmiş yaşayış məntəqələrindən sayılır. Rayonunun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli, şimal-qərbdən Saatlı, Sabirabad, şərqdən Salyan, Neftçala, cənubdan Cəlilabad rayonları, qərbdən isə İran İslam Republikası ilə həmsərhəddir. Ümumi sərhəd dairəsinin uzunluğu 241 km-dir. Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1360 kv. kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. adlarla tanınan bu çay rəsmi xəritələrdə Bolqar çayı kimi göstərilir.


Rayona aid qeyri-maddi mədəni irs nümunələri