Ağac üzərində oyma
Nümunənin reyestr kodu : SD0101000002
Təbriz, Naxçıvan, Şəki və Ərdəbil şəhərləri tarixən bədii ağacişləmə sənətinin mərkəzləri olmuşdu. Azərbaycanın bu və başqa şəhərlərində ağac üzərində oyma xüsusilə geniş yayılmış və burada çalışan ustalar bədii oyma sənətinin bir çox parlaq nümunələrini yaratmışlar. Mənbələrdə həkkak, nəqqaş terminləri ilə təqdim edilən bədii oyma ustaları istər məişət əşyalarını, istərsə də tavan, qapı və pəncərələri müxtəlif üslublu naxışlarla bəzəmişlər. Şəki xan sarayının tikintisi zamanı oyma ustalarının yaratdıqları naxışlar indi də öz gözəlliyini itirmir.
Müxtəlif növ parçalar üzərinə bəzək vurmada işlədilən taxta qəliblərin hazırlanması bədii ağacişləmənin ən mürəkkəb sahələrindən biri hesab olunur. Belə qəliblərin hazırlanması, sözün əsl mənasında, sənətkardan zərgər dəqiqliyi və rəssam təxəyyülü tələb edir. Qoz və palıd ağaclarından bədii oyma üsulu ilə hazırlanmış belə qəliblərlə nəbati və həndəsi naxışlar, stilizə edilmiş bəzi quş və heyvan təsvirləri həkk edilir.
Ağac üzərində oyma iki üsulla aparılır. Birinci üsulda ağacın yalnız bir üzü işlənir. Qusar rayonu Həzrə kəndindəki XVI əsrə aid Şeyx Cüneydin qəbrinin üstü, həmçinin Azərbaycanın bir çox şəhərlərində həyət və məscid qapıları bu üsulla hazırlanmışdı. İkinci üsulda isə ağacın hər iki üzü oyulur. Bu üsula muzeylərdə saxlanan şərbət və ovşala qaşıqlarını misal göstərmək olar. İkiüzlü oyma üsulu ilə bəzədilmiş bu qaşıqların sapı sənətkarlıq baxımdan xüsusi maraq doğurur. Bu üsuldan, həmçinin sandıq, mücrü, qapı, darvaza, məhəccər və tağların bəzədilməsində də istifadə edilir. Şəkidəki Xan sarayının, Gəncədəki Came məscidinin qapıları oyma üsulu ilə işlənmişdi.
Ağac üzərində oymanın inkişaf etdiyi əsas bölgələrdən biri Naxçıvan şəhəridir. Tarixi mənbələrin yazdığına görə, muxtar respublikanın bir çox şəhərlərində hələ XI-XII əsrlərdə yüksək keyfiyyətli ağac məmulatı hazırlanmışdı. Həmin dövrdə Azərbaycanda olmuş bir ərəb səyyahı gündəliyində qeyd edir ki, Naxçıvanda ağacdan hazırlanmış və yaxşı rənglənmiş qablar – kasa, tabaq, təknə və sair məmulat xaricə göndərilmək üçün ən yaxşı mallar idi. Ordubad şəhərindəki bir çox həyət və məscid qapıları birüzlü oyma üsulu ilə hazırlanmışdı. Bu üsuldan muxtar respublikanın Culfa, Babək, Şahbuz, Şərur rayonlarında, eləcə də Naxçıvan şəhərində yaşamış sənətkarlar da məharətlə istifadə etmişlər. Naxçıvanda memarlığın bütün bəzəkləri binanın daxilində işlənmiş, evin ətrafı isə hasarla hörülmüş olurdu. Gözəçarpan yer darvaza olduğuna görə binaların həyətə giriş qapıları oyma üsulu ilə hazırlanmışdı. İkiüzlü oymalara isə muxtar respublikada fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində qorunub saxlanan ev əşyaları (sandıq, mücrü, qaşıq və sair) aid edilir. İkiüzlü oyma üsulundan təkcə ev əşyalarının deyil, həm də otaq qapıları, məhəccər, tağ və s. bəzədilməsində də istifadə olunmuşdu. Bu məişət əşyalarının üzərində müxtəlif məzmun və motivlərdə, xüsusən həndəsi formalarda kəsilmiş ənənəvi naxış sənətinin növlərinə də rast gəlinir.
Oyma ustaları məmulatı hazırlayarkən hansı ağac növündən istifadə edəcəklərinə xüsusi diqqət yetirirlər. Məsələn, qoz və qızılağacdan təknə, tabaq, tut ağacından saz, cır armud, yemişan, fıstıq ağaclarından çömçə və qaşıq hazırlanır. Xəmir təknəsi çox vaxt qovaq ağacından hazırlanır. Təknə süd sərmək üçün nəzərdə tutulursa, qovaqdan deyil, qoz, fıstıq və qızılağac ağaclarından düzəldirlər. Qovaqdan düzəldilən təknənin südü qıcqırdıb xarab etdiyi uzun illərin təcrübəsində öz təsdiqini tapmışdı. Göründüyü kimi, ustalar təsərrüfat aləti, ev əşyası üçün ağac növü seçərkən onların nəinki istehsal, hətta fiziki xüsusiyyətlərini də nəzərə alırlar.