AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Arıçılıq təsərrüfatı

Nümunənin reyestr kodu : DA0301000001

Azərbaycanda 600-dən çox ballı bitki növünün olması qədimdən burada arıçılığın inkişafına səbəb olmuş, bu təsərrüfat sahəsi bal və mum toplanması, vəhşi (çöl) arı ovundan meşə arıçılığı və ev arıçılığınadək bir yol keçmiş, əhalinin məişətində xüsusi yer tutmuşdu.

Azərbaycanın arı genofondunu, əsasən iki arı növü – Bozdağ Qafqaz arısı və Sarı Qafqaz arısı təşkil edir. Uzun xortumlu arılardan sayılan Qabaqtəpə arısı xarici görünüşü, bioloji xüsusiyyətləri və bir sıra əlamətlərinə görə Bozdağ Qafqaz arısı ilə eynidir. Qabaqtəpə arısı meşəli dağların üst zolaqlarında və yüksək dağ çəmənliklərində məskən salır. Sakit, zəhmətsevər, soyuğa və xəstəliyə dözümlülüyü, habelə məhsuldarlığı ilə diqqəti cəlb edən Qabaqtəpə arısı bəzən “qızıl arı” adlanır.

Bal arıları şirəni, əsasən, cökə ağacının çiçəklərindən toplayır. Təcrübəli arıçılar cökə ağacını meşənin “bal damarı” adlandırırlar. Qədim zamanlarda arılar ağac oyuqlarında, kötük tənəklərdə, səbətlərdə və godda saxlanırdı. Arıçı və ya kəndli meşədə arıların məskən saldığı ağac koğuşlarından təkbaşına istifadə etmək hüququna malik idi. Koğuşları xüsusi işarə ilə damğalayır və ya kərtmə nişan qoyur, bununla da həmin arıların müəyyən şəxslərə məxsus olduğunu bildirirdilər. Qədimdən god, sonralar səbət və təknə kimi pətək növləri yayılmışdı.

Keçmişdə beçəvermənin başlanması münasibətilə ailədə şadlıq edirdilər, beçəalma böyük bayram olurdu. Arılar beçə verdikləri zaman qaynamağa başlayır, təknənin qabağında uçuşaraq şah arının çıxmasını gözləyirlər. Səhər radələrində şah arı beçəni götürüb yuvanı tərk edir. Təcrübəli arıçılar şah arının beçəni nə vaxt uçuracağını müəyyən edə bilir və bu müddətdə arını nəzarətsiz buraxmırlar. Beçənin qaçmaması üçün arıçılar qab-qacaq döyəcləyib hay-küy salır, beçənin üstünə su çiləyir, torpaq atır, mis qabları bir-birinə vurur, tüfəngdən atəş açırdılar. Bu sayaq beçəni hürküdür və yaxınlıqdakı ilk maneəyə qonmağa məcbur edirdilər. Beçə ağacların yuxarı, qalın budaqlarına, əl çatmayan yerlərinə qonduqda təcrübəli arıçılar onu götürmək üçün xüsusi kiçik səbətdən istifadə edirlər. Səbətin aşağı hissəsini uzun payaya möhkəm bərkidir, içərisinə isə ballı şan, yaxud mum qoyurlar. Bəzi yerlərdə səbətin daxili divarlarına ətirli şirə çəkirlər. Uzun paya vasitəsilə səbəti beçə qonan budağa yaxınlaşdırıb arı topasının altına tutduqda beçə tədricən səbətə daxil olur. Beçə çox hündürə qonmayıbsa, arıçı səbəti qaldırır, bu zaman beçə topası səbətə tökülür.

Təbii bal 2 cür olur: çiçək balı və gəzəngi bal. Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Bunlardan cökə, yonca, qaratikan, akasiya, günəbaxan, zeytun, tütün və s. bitkilərin çiçəklərindən götürülən bal yüksək keyfiyyətli, şabalıd, dəfnə və s. bitkilərin balı isə nisbətən aşağı keyfiyyətli hesab olunur.

Balın kəsilməsində xalq meteorologiyası əsas götürülür. Gəndalaş bitkisinin başındakı saçaqlı çiçəklər qaralanda (avqustun əvvəllərində) arıçılar bal kəsməyə başlayır. Xalq təcrübəsinə görə, həmin dövrədək arılar lazımi qədər şirə toplaya bilir. Arıçılar hesab edirlər ki, balın həmin vaxtdan tez kəsilməsi əlverişli deyil, bu müddətdə arı ailəsində arıların sayı olduqca çox olur, bu da bal kəsilməsi işini çətinləşdirir. Təcrübəyə görə, bal taxıl biçinindən sonra, yaxud pətəyin qarşısında şeh əmələ gələndə, avqust ayında “quyruqdondu”dan (“quyruqdoğdu”) sonra kəsilir. Yaylaqda olan çobanlar quyruğu əridib yağını gecə çölə qoyardılar. Ertəsi gün quyruq donubsa, deməli, soyuqlar başlayır. Bunu nəzərə alan arıçılar balı kəsərdilər. Balın kəsilməsinin başlanması arıçıların sevincinə səbəb olur. Adətə görə, hazırda da bal kəsilən gün arıçının evinə qohum-qonşular dəvət edilir, arısı olmayanlara pay göndərilir. Arıçılar iş prosesində müxtəlif avadanlıqlardan istifadə edirlər. Bunlar tüstü körüyü, üztoru, ərsin, beçə səbəti, suvat (arılara su vermək üçün daşdan hazırlanmış su qabı), arı qaşığı, yem qabı, küpədir.