Al arvadı
Nümunənin reyestr kodu : DR0203000008
Azərbaycan xalq inanclarında geniş yayılmış mifoloji varlıqlardan biridir. Azərbaycan folkloru və entoqrafiyasına dair araşdırmalarda, həmçinin türkoloji dilçilikdə bu personajla bağlı zəngin etnoqrafik və dilçilik materialları mövcuddur. Digər türk xalqlarında albastı, al və s. adlarla tanınan bu mifoloji varlığın Ulu ana obrazından ayrıldığı hesab olunur (C.Bəydili). Ona görə Ulu anaya məxsus bir çox funksional özəllikləri onda görmək mümkündür. Azərbaycan folkorunda al arvadı, hal anası, su nənəsi və s. adlarla tanınan bu mifoloji personajlar eyni obrazın fərqli paradiqmalarıdır. Al arvadı dağınıq saçlı, iri döşlü, sağ döşünü sol çiyninə, sol döşünü sağ çiyinə atmış şəkildə təsvir olunur. Digər mifoloji varlıqlar kimi al arvadı da tərsinə hərəkət edir. “Get” deyəndə gəlir, “gəl” deyəndə gedir. Mətnlərdə o, hündür boylu, iri bədənli, dabanı irəli, pəncəsi geri şəklində, hədindən artıq gözəl bir qadın kimi təsvir olunur. Öz gözəlliyi ilə kişilərin ağlını başından alır, onları səsləyib aparır, dalına salıb onları qayadan aşağı atır və s.
Mifoloji mətnlərdə al arvadının uşağı olmadığı, ona görə zahı qadınlara qənim kəsildiyi, onları öldürdüyü qeyd olunur. Deyilənə görə, al arvadı tük və ya yarpaq şəklində evin bacasından və ya pəncərəsindən zahı yatan otağa daxil olur, zahının yeməyinin və çayının içinə düşür. Zahı onu qəbul etdikdə zahının bədəninə daxil olub onun ciyərini çıxarır, aparıb onu suya çəkib yeyir. Zahı həmin an deyil, al arvadı ciyəri suya çəkdikdən sonra ölür. Ona görə duyuq düşən şəxslər ciyəri suya çəkməyə qoymurlar və ya suyu qılınclayıb al arvadını məcbur edirlər ki, ciyəri qaytarıb yerinə qoysun. Deyilənə görə, zahı ondan sonra özünə gəlir. İnanca görə, heyvanın ciyərini bütöv şəkildə suya çəkdikdə də al arvadına yol açılır. Ona görə yaşlı qadınlar cavan gəlinlərə məsləhət görərdilər ki, heyvanın ciyərini bütöv halda suya çəkməyin, hissə-hissə yuyun.
Zahını al arvadından qorumaq üçün qırxı çıxana qədər onu su üstünə getməyə qoymurlar, zahının başı altına çörək, soğan, ayağının altına qayçı, bıçaq, tüfəng qoyurlar. Bundan əlavə, al arvadı yaxın düşməməsi üçün kişi xeylağının papağı zahı yatan qadının başına qoyulur, zahının yatdığı yerin ətrafına cızıq çəkilir və ya sicimlə dairəyə alınır. Bütün bunlar zahı yatan qadını al arvadından qorumağa xidmət edir.
Quba-Qusar bölgəsində bu varlıq albab adı ilə tanınır. “Al” qırmızı, “bab” isə arvad anlamına gəlir. Həddindən artıq gözəl olduğu söylənilən bu varlığa ən çox çay kənarında, su hövzəsində təsadüf olunur. O qədər uzun saçları olur ki, ağacın budağında oturduqda hörüyünün ucu yerə çatır. Mətnlərdə albab cavan gəlinlərə paxıllıq edən, doğum zamanı onları boğub öldürən varlıq kimi verilir. Hamilə gəlinlərin döşləri üzərində oturub onları boğduğu, kişiləri çağırıb apardığı, dalına salıb qayadan aşağı atdığı qeyd olunur.
Al arvadı gözəgörünməz varlıqdır, amma dindar adamların, seyidlərin, uşaqların gözünə görünür. Onu üstünə iynə sancmaqla və ya şişlə dağlamaqla tutmaq mümkündür. Şifahi ənənədə al arvadını tutub işlədən, ondan uşağı olan şəxslər haqqında təsəvvürlər də geniş yayılmışdır. Al arvadını tutan şəxslər onu bir müddət işlətdikdən sonra ya tövbə etdirib azad edirlər, ya da al arvadı üstünə sancılmış iynəni bir uşağa çıxartmaqla özü xilas olur. Xilas olduqdan sonra çox vaxt həmin ailəni qarğayır. Bu gün də bir çox ailələr evlərinin daim zibilli olmasını babalarının tutduğu al arvadının onları qarğaması ilə əlaqələndirirlər. Al arvadı ona məxsus əşyanın olduğu evə yaxın düşmür. Ona görə al arvadının hər hansı bir əşyasını (boyunbağısını və s.) ələ keçirən şəxslər onu nəsildən nəsilə ötürməklə saxlamağa, bununla da özlərini al arvadından gələn bir çox fəlakətlərdən qorumağa çalışırlar.