At nəqliyyatı
Nümunənin reyestr kodu : DA0203020002
Uzaq yolların qət edilməsi ehtiyacı, köçmə təsərrüfat forması, aramsız davam edən müharibələr atdan minik-yük və qoşqu vasitəsi kimi istifadə zərurəti yaratmışdır. Bu da müvafiq peşələrin (mehtər, sərraclıq, palanduzluq, nalbəndlik, araba ustası) yaranmasına gətirib çıxarmışdır.
Minik atını yəhərləmək üçün əvvəlcə onun belinə tərlik, onun üstündən təkaltı, onun üstünə qaltaq, qaltağın üstünə isə “yastıq” adlanan yəhər döşəkcəsi qoyulurdu. Yəhər, adətən, atın belinə tapqır, sinəbənd və quşqun vasitəsilə bərkidilirdi. Ata minmək üçün yəhərin qaltağına ucu üzəngili qoşa qayışlar bərkidilirdi. Minik və ya yük atlarını noxta və yüyən (qaytarğa) vasitəsi ilə idarə edirdilər. Atın idarəsi üçün cilov, yüyən (qantarğa yüyəni, gəm yüyəni), qayış (alın qayışı, burun qayışı, boyun qayışı, yan qayışı), qantarğa başlığı, atın ağzına keçən qantarğa dəmiri (yumurta halqalı və ya qaşıq halqalı qantarğa dəmiri), boyunduruq, yanaq halqası, gəm dəmiri, zəncir, atın dilini gəm və ya qantarğa dəmirinin üstünə keçirməsini önləyən alət (kəmər lövhə), buxov, ayaqlara taxılan qurşun ağırlıqlar, qamçı və s. istifadə olunurdu. Atın belinə qayışlı keçə, yəhər altlığı salındıqdan sonra yəhər öndən arxaya doğru qoyulur, tapqır sıxılır, üzəngi qayışları və s. nizamlanırdı.
Tarixən Azərbaycanda atdan qoşqu vasitəsi kimi istifadə olunması geniş yayılmışdır. At arabasının öküz arabalarından əsas fərqi arabaya qoşulma ilə bağlı idi. “Haça qollu” arabalar dedikdə, əsasən, “boyunduruqlu”, yəni öküz və ya kəlin boyunduruqla qoşulduğu araba nəzərdə tutulurdu. “Əskeşli arabalar” isə at arabaları sayılırdı. Qolları düzbucaqlı əmələ gətirən əskeşli arabaya tək at, yaxud, qatır, ulaq qoşulduğundan el arasında “at arabası”, “qatır arabası”, “ulaq arabası” kimi də tanınırdı. Qoşqu qüvvəsindən asılı olaraq “əskeşli” arabanın ölçüsü dəyişirdi. Paralel qollar üzərində quraşdırılmış əskeşli arabaların banı düzbucaqlı formalı idi. Həm də tək at qoşulmuş əskeşli arabaların banı tutum etibarı ilə boyunduruqlu arabaların banından xeyli kiçik olurdu.
At arabaları iki və dördtəkərli olurdu. Qoşqu vasitəsilə hərəkətə gətirilən ikitəkərli araba dördtəkərli arabaya nisbətən daha geniş yayılmışdı. XIX əsrin sonu-XX əsrin əvvəllərində Şamaxı, Quba və Salyan ərazisində işlədilən at arabalarının təkərləri iri, çardağı isə kiçik olur, oxu təkərlə birlikdə fırlanırdı. Təkərlərin iri hazırlanması çox vaxt yerli şəraitdən asılı olurdu. Şamaxı və Göyçay qəzalarının düzənlik hissəsində və Qobustanda yolları tez-tez qum basdığına görə at arabalarının şinsiz təkərləri adi arabaların təkərlərindən iki dəfə iri olurdu. Çox yüngül olan bu arabaların çardağı kiçik və dördbucaqlı formada düzəldilirdi. Arabanın qolları tək at qoşmaq üçün yedək (əskeş) vəzifəsini görürdü.
Tək at qoşulmuş ikitəkərli araba xalq arasında “daşqa” adı ilə məlum udu. At daşqası içi həcmli olması, ucuz başa gəlməsi və rahat idarə olunması ilə fərqləndiyinə görə kəndli məişətində müstəsna rol oynayırdı. Ondan müxtəlif məişət yüklərinin (ot, odun, dən su, qaratikan, kömür və s.) daşınmasında istifadə olunurdu. At daşqasının qoşqu ləvazimatı xamıt, gövdəbənd, qaltaq, palan, tapqır, qaltaq qayışları, uzun cilovlu yüyən, matraq (qamçı), çubuq və s. ibarət idi. Qoşqu ləvazimatını əsasən yerli yəhər ustalar sərraclar hazırlayıb satmaqla məşğul idilər.
Dördtəkərli arabaların qoşqu qüvvəsinə görə at arabası fərqlənirdi. XIX ərsin ikinci yarısından başlayaraq Azərbaycanda kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar şəhərə əhalisi də çoxalırdı. Bu da öz növbəsində yeni-yeni nəqliyyat növlərinə ehtiyac yaradırdı. Bu dövrdə Bakı və Gəncə şəhərlərində qazalaq, prilotka, fayton, şərəban, dilican və s. kimi yaylı nəqliyyat vasitələri meydana gəlmişdir. “Prilotrka”, “fayton” və “qazalaq” kimi rahat nəqliyyat vasitələri Azərbaycana Rusiyadan gətirilmişdi.
Tək at qoşulan “qazalaq” öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Qazalağın çardağı (banı) oxa bərkidilmir. Yayların üstündə dururdu. Quruluşca qazalağa oxşayan prilotkaya bir at qoşulurdu. Dörd əsas hissədən ibarət idi: ox və təkərlər, ox üzərindəki iki ədəd yay, arabanın “evi” və qolları. Cütatlı nəqliyyat vasitəsi olan fayton rahat nəqliyyat növü olduğu üçün son zamanlara qədər istifadə olunmuşdur. XIX əsrin axırlarında Bakıdan müxtəlif istiqamətlərə işləyən 418 fayton qeyd alınmışdı. XIX əsrin axırlarında uzaq məsafələrə sərnişin daşımaq üçün at qoşulan nəqliyyat növləri də mövcud idi. “Şərəban”, “dilican”, və “kareta” ən çox Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Lənkəran istiqamətlərində istifadə olunurdu.
Azərbaycanda atdan minik kimi istifadə edilməsi m.ə. IV minilliyin axırlarına, yük və qoşqu heyvanı kimi istifadə olunması isə m.ə. III minilliyin sonu-II minilliyin əvvəllərinə aid edilir. Atın geniş şəkildə minik və qoşqu vasitəsi kimi istifadəsi yəhər və yəhər avadanlıqlarının kəşfi ilə sıx bağlı idi. M.ə. III minillikdən başlayaraq Azərbaycan ərazisində ikitəkərli arabalar yığılmağa başlamışdır. Tunc dövrünün sonu, Dəmir dövrünün başlanğıcında məhsuldar qüvvələrin inkişafı arabaya olan ehtiyac artmışdır. Əsrlər boyu Azərbaycanda əsas nəqliyyat vasitəsi olan at minik və qoşqu qüvvəsi kimi dağlıq və dağətəyi bölgələrdə hazırda da öz əhəmiyyətini itirməmişdir.