AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Minik və yük nəqliyyatı

Nümunənin reyestr kodu : DA0203020001

Əsrlər boyu Azərbaycanda əsas nəqliyyat vasitələri kimi minik və yük heyvanlarından (at, dəvə, öküz, kəl, zebu, qatır, uzunqulaq) istifadə olunmuş, bu nəqliyyat vasitələri hətta son dövrlərədək öz əhəmiyyətini itirməmişdi. Bu nəqliyyat heyvanları minik və yük vasitəsi kimi istifadə olunmuş, müxtəlif növ yaysız, yaylı, ikitəkərli, dördtəkərli arabaların qoşqu qüvvəsi funksiyasını yerinə yetirmişdi. Minik və yük nəqliyyat vasitələrinin inkişafı müxtəlif peşə sahələrinin (nalbəndlik, sərraclıq, baytarlıq və s.) yaranmasına gətirib çıxarmışdı.

Qədim dövrlərdən atın minik və yük nəqliyyatı kimi istifadə edilməsini arxeoloji qazıntılar zamanı tapılmış at sümükləri, qoşqu ləvazimatı, at bəzəkləri təsdiqləyir. Orta əsrlərdə kənd təsərrüfatı, sənətkarlıq, ticarət, nəqliyyatın inkişafı, eləcə də müharibələr Azərbaycanda minik və yük nəqliyyatına ehtiyacı daha da artırmış, Qarabağ, Qazax (Dilboz), Şirvan və Quba at cinsləri yayılmışdı. Minik və yük vasitəsi kimi istifadə olunan at cinslərinin bəslənməsi işi genişlənmiş, atçılıq təsərrüfatının inkişafına gətirib çıxarmış, Azərbaycanın müxtəlif bölgələrində atçılıq zavodları, damazlıq təsərrüfatı yaradılmışdı.

Mingəçevirdə arxeoloji qazıntılardan tapılan heyvan fiquru göstərir ki, hələ m.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi, m.ə. II minillikdən isə dəvədən minik və yük vasitəsi kimi istifadə edilmiş, uzun əsrlər boyu əhəmiyyətini itirməmişdi. Yükgötürmə qabiliyyəti, aclığa və susuzluğa davamlı olması qatırın mühüm nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdı.

Atdan minik vasitəsi kimi istifadə etmək üçün onu yəhərləmişlər. Lakin ilk vaxtlar atı yəhərsiz və yüyənsiz minmiş, yüyən əvəzinə buruntaq işlətmişlər. Tunc və dəmir yüyənlərin meydana gəlməsi isə m.ə. I minillyin əvvəllərinə aid edilir. M.ə. II minilliyin axırlarında atları yəhərləmişlər. İlk yəhərlər yumşaq dəri döşəkcədən ibarət olmuş, sonralar onu ağac qaltaqlı yəhərlər əvəz etmişdi. Ağac qaltaqlı yəhərin və üzənginin meydana gəlməsi nəqliyyatda və hərbi işdə irəliyə doğru ciddi addım olmuşdu. Azərbaycanda minik yəhərlərinin bir neçə növü qeydə alınmışdı: müsəlman yəhəri, çərkəzi yəhər, ingilis yəhəri və s. Keçmişdə qadınlar üçün xüsusi formalı yəhərlər hazırlayırdılar. Əkinçilik və bağçılıq məhsullarını, məişət avadanlıqlarını, heyvandarlıq məhsullarını, sənətkarlıq əşyalarını satış bazarlarına çıxarmaq üçün yük atı ən sərfəli nəqliyyat vasitəsi idi. At ilə bir çox təsərrüfat işləri (ot, odun, dərz daşımaq) yerinə yetirilirdi. Yük daşımaq üçün atın belinə yük yəhəri – palan və navar qoyulurdu. Yük atını yəhərləmək üçün belinə tərlik qoyub üstünə navar vurur, üstündən çul salır, atın belini tapqırla çəkirdilər.

İribuynuzlu heyvanlardan yükdaşıma vasitəsi kimi köçmə maldarlıqla məşğul olan əhali daha çox istifadə edirdi. Xüsusilə köç zamanı ev əşyaları və barxana doldurulmuş məfrəşləri iribuynuzlu heyvanlara yükləyir, qadın və uşaqları da onun üstünə mindirirdilər. İribuynuzlu heyvanlardan bəzən minik vasitəsi kimi də istifadə edilmişdi.

Azərbaycanda dəmir yolu çəkilənədək dəvə əsas yük heyvanı sayılırdı. Bir dəvənin yükü 2-3 at yükünə bərabər idi. Yüklü dəvə bir gündə fasiləsiz olaraq 30-35 km, fasilə ilə 50 km-dək yol gedə bilirdi. Azərbaycanda istehsal olunan məhsullar istər daxili, istərsə də xarici bazardan dəvə karvanları ilə daşınırdı. Dəvə ilə yük daşımaq üçün xüsusi dəvə çuvalından, sandıqlardan, səbətlərdən, tuluqlardan istifadə edilirdi. Dəvəni yükləmək üçün onların birhürgüclülərini və ikihürgüclülərini karvana hazırlayırdılar.

Arxeoloji tədqiqatlara və yazılı mənbələrə əsasən, hələ Tunc dövründən Azərbaycanın yollarında uzunqulaqdan istifadə olunmuşdu. Uzunqulaqdan maldar elat daha çox istifadə edir, yükləmək üçün belinə palan vururdular.

Müasir dövrdə avtomobil nəqliyyatının coğrafiyası gündən-günə genişlənsə də, ənənəvi minik və yük nəqliyyat vasitələrindən, xüsusən kənd yerlərində fərdi təsərrüfatda, dağlıq ərazilərdə istifadə olunur.