Atalar sözü və məsəllər
Nümunənin reyestr kodu : FL0103000001
Azərbaycan şifahi ənənəsində xalq ruhunun sərrast, axıcı, dərin və təsirli ifadəsi olan atalar sözləri milli təfəkkürdə cilalanmış tarixi təcrübəni, mühüm həyat həqiqətlərini bədii idrak və təxəyyülün süzgəcindən keçirərək əsrlər boyu yaşadır. Möhkəm milli xüsusiyyətlərə, dərin koloritə malik olduğu üçün başqa dillərə də çox vaxt eynilə tərcümə oluna bilməyən atalar sözləri öz canlılığını daim qoruyub saxlayan söz incilərindən ibarət hikmət xəzinəsidir. Folklorşünas Samət Əlizadə “Oğuznamə” kitabının ön sözündə yazır: “Atalar sözünün timsalında xalq öz zəkasının və dilinin ülviyyətinə, kəsərinə sığınmışdır;... Atalar sözü xalqın tarixə, tarixin də xalqa verdiyi ibrət dərsinin hamı tərəfindən qəbul və təsdiq edilən elə nəticəsidir ki, düzlüyünə və dəqiqliyinə şübhə yeri yoxdur”.
Atalar sözü və məsəllərin təsnifatından danışarkən, qeyd etmək lazımdır ki, müxtəlif məcmuə və kitablarda təsnifat prinsiplərinə müxtəlif prizmalardan yanaşılmışdı. QƏXTMT (SMOMPK) nümunələrində, Hənəfi Zeynallının “Atalar sözləri və məsəllər” (1926), Əbülqasım Hüseynzadənin “Atalar sözləri” (1926), Xudaverdi Həsənovun “Təbiət ülviyyəti və söz sərraflığı” (1994) kitablarında və s. atalar sözü və məsəllərin mövzu üzrə təsnifatı verilmişdi. Lakin bu təsnifat üsulu “təsadüfi əlamətlərə əsaslandığı və janrın həqiqi nəzəriyyəsini yaratmağa xidmət göstərmədiyi üçün” ən düzgün və ən uğurlu təsnifat əlifba sırası ilə verilən təsnifat hesab olunmuşdu.
Atalar sözü və məsəllər o qədər dərin məna qatına malikdir ki, müxtəlif məna və məzmun kontekstində çıxış edir. Bəzi atalar sözləri ilk baxışdan anlaşılır və aydın dərk olunur, bəziləri zahiri görüntü kimi anlaşıqlı olsa belə, işlənmə məqamında sakrallaşır, üçüncü qrup atalar sözləri isə həm zahiri görüntü şəklinə, həm də işlənmə məqamına görə sakral sfera atributu mahiyyəti daşıyır. Məhz buna görə atalar sözü və məsəllər müxtəlif aspektdə təsnif edilmişdi. Atalar sözləri və məsəllər, ilk növbədə, yaranma və inkişaf zəminində müxtəlif mərhələlərdən keçmişdi: 1. Ritual mərhələsi; 2. Əmək mərhələsi; 3. Təcrübə mərhələsi; 4. Sınaq mərhələsi; 5. Ümumiləşmə mərhələsi.
Folklorşünas Azad Nəbiyev atalar sözü və məsəlləri 4 qrupa bölür: 1. Əmək haqqında; 2. Vətən, dostluq və sədaqət haqqında; 3. Əxlaq, tərbiyə, məhəbbət və gözəllik haqqında; 4. Zülm, ədalət və qadın hüquqsuzluğu haqqında.
Bütün dövrlərdə hər bir etnik mədəniyyət çərçivəsində atalar sözləri sabit funksiya daşıyaraq kollektiv təcrübə və biliyin yaşadılması vasitəsi kimi öz vəzifəsini yerinə yetirmişdi. Milli dil və təfəkkür əsasında formalaşan atalar sözləri canlı nitqin özüdür. Atalar sözləri öz kiçik görüntü çevrəsindən çıxıb daha dərin qatlara qədər enən ibrətamiz ifadələr, insanları daim nəzarət çərçivəsində saxlayan, tərbiyə edən etik normalar sistemi, əxlaq kodeksidir. İnsan həyatını etik normalar çərçivəsinə salan və etik sərhəddə mənimsənən atalar sözləri ən qədim dövrlərdən başlayaraq məişətimizə daxil olmuş, bu gün də qiymətli söz inciləri kimi öz dəyərini qoruya bilmişdi.
Atalar sözü və məsəllər Azərbaycanda ən işlək folklor janrlarından biridir. Atalar sözlərində bitmiş bir fikir, hökm ifadə olunur: “Niyyətin hara, mənzilin ora“, “Asta gedən usta gedər” və s. Məsəllərdə isə fikrin tamamlanmasına ehtiyac duyulur: “Hər şeyin təzəsi, dostun köhnəsi”, “Dişsiz ağız, daşsız dəyirman” və s. Həmçinin atalar sözü və məsəllərin yaranmasında bayatılar, məşhur lətifələr, tapmacalar da çox rol oynamışdı: “Dəryaca ağlın olsa, kasıb olsan, güləllər”, “Ağlarsa anam ağlar, başqası yalan ağlar” və s. kimi bayatıların 3-4-cü misraları həm də atalar sözü funksiyasını daşıyır. Eləcə də, “Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı”, “El atan daş çox uzağa düşər”, “Toxun acdan xəbəri olmaz”, “İlan ulduz görməsə, ölməz”, “Keçi can hayında, qəssab piy axtarır”, “Nə tökərsən aşına, o çıxar qaşığına”, “İlan vuran ala çatıdan qorxar” və s. kimi atalar sözü və məsəllər ayrı-ayrılıqda lətifələrin əsas məğzini təşkil etmişdi.
-
Atalar sözü
Tərtib edəni Mətanət Yaqubqızı
2013
-
Xalq məsəllərinin janr xüsusiyyəti
Elmira Əliyeva
2012
-
Atalar sözü
Tərtib edəni Cəlal Bəydili (Məmmədov)
2004
- Biblioqrafiya və tərtibçilər