AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Arıçı

Nümunənin reyestr kodu : DA0104000006

Arıçılıq Azərbaycan ərazisində ibtidai icma dövründən inkişaf edərək təkmilləşmiş, zəngin empirik ənənəyə əsaslanan arıçı peşəsi yaranmışdır. Ölkəmizdə 600-dən cox ballı bitki növünün olması qədimdən burada arıçılığın inkişafına səbəb olmuş, bu təsərrüfat sahəsi bal və mum toplanması, vəhşi (çöl) arı ovundan başlayaraq, meşə arıçılığı və ev arıçılığınadək inkişaf yolu keçmişdir. Azərbaycanda mənşəcə arıçılıqla bağlı coğrafi adların (Ballıqaya, Balçılı, Arıtəpə, Arıqaya, Arıxana, Arıdamı, Arıqıran və s.) olması bu ərazidə arıçılığın qədimliyini sübut edir. Qazax rayonunda Sarıtəpə adlı yaşayış yerindən tapılmış qabın içərisindən sarı rəngli məhlul – bal aşkar edilmişdir. Bu tapıntı Azərbaycan ərazisində hələ eramızdan qabaq I minilliyin əvvəllərində arı bəslənməsini və müəyyən səviyyədə inkişafını göstərir.

Arı da insan kimi qulluq, qayğı istəyir. Xalq arasında deyilmiş “Arını qoy bağçaya, balın getsin axçaya”, “Arının zilləti, balın ləzzəti”, “Balı süfrəmizdə, zəhməti torpağımızda” və digər müdrik el məsəlləri arıçılıq peşəsinin sosial-mənəvi rolunu və yerini göstərir.

Azərbaycanın arı genofondunu əsasən iki arı növü – Bozdağ Qafqaz arısı və Sarı Qafqaz arısı təşkil edir. Bozdağ Qafqaz arı cinsinə Qabaqtəpə və Qonaqkənd arı populyasiyaları, Sarı Qafqaz arı cinsinə Azərbaycan, Naxçıvan və Talış populyasiyaları daxildir.

Qədim zamanlarda arılar ağac oyuqlarında, kötük tənəklərdə, səbətlərdə və godda saxlanılırdı. Arıçı meşədə arıların məskən saldığı ağac koğuşlarından təkbaşına istifadə etmək hüququna malik idi. Koğuşları xususi işarə ilə damğalayır, bununla da həmin arıların müəyyən şəxslərə məxsus olduğunu bildirirdilər. İnanca görə arı “muqəddəsdir”, o “haram götürmur”, onu oğurlamaq olmaz, əks təqdirdə arılar qırılar.

Qədimdən god, sonrakı dövrlərdə səbət və təknə kimi pətək növləri yayılmışdır. Rütubətli iqlim şəraitinə dözümlü olan təknə pətək, əsasən, Böyük Qafqaz və Kiçik Qafqaz bölgəsində yayılmışdır. God və səbət pətəklərlə müqayisədə arıçılar təknə pətəkləri bir yerdən başqa yerə aparır, təknəni açıb arıları yoxlayır, müəyyən tədbirlər görürdülər. Arıçılıq təsərrüfatında tüstü körüyü, üztoru, ərsin, beçə səbəti, suvat (arılara su vermək üçün daşdan hazırlanmış su qabı), arı qaşığı, yem qabı, küpə kimi avadanlıqlardan istifadə olunmuşdur.

Arıçılar balı xalq meteorologiyası əsasında kəsirdilər. Gəndalaş bitkisinin başındakı saçaqlı çiçəklər qaralanda (avqustun əvvəllərində) arıçılar bal kəsməyə başlardı. Bəzi təcrübəyə görə, bal taxıl biçinindən sonra, yaxud pətəyin qarşısında şeh əmələ gələndə, avqust ayında “quyruqdondu”dan (“quyruqdoğdu”) sonra kəsilərdi. Balın kəsilməsinin başlanması arıçıların sevincinə səbəb olurdu. Bal kəsilən gün arıçının evinə qohum-qonşular dəvət edilir, arısı olmayanlara pay göndərilirdi.

Ənənəvi olaraq, arıçılar payızda arı ailələrini dağətəyi və düzənlik ərazilərə, iyun ayında isə yaylaqlara, dağ kəndlərinə köçürürlər. Arıçılar, bir qayda olaraq, mal-qara olan yerdə, yaxud natəmiz sahədə arı saxlamazdılar. Arıçılar arı pətəklərinə göz dəyməsindən qorxduqları üçün kənar adamları arıxanaya buraxmaz, arıların sayını söyləməz, onları tərif etməzdilər. Arıçılar pətəklərdən üzərlik, buynuz, heyva ağacının çubuğunu, qaratikan çöpünu və ya at, it, maral kimi heyvanların kəlləsini, təbii deşiyi olan çay daşı asar, bununla da arıları bədnəzərdən qoruduqlarına inanardılar.

Yunan tarixçisi Herodot (m.ə. 484-425-ci illər) yazırdı ki, Qafqazda yerli əhali səbət və gil qablarda arı saxlayır. I əsrdə yaşımış yunan coğrafiyaşünası Strabonun (I əsr) yazdığına görə, qədim Albaniyanın Şakaşena və Matiyena vilayətlərinin meşələrində elə ağac koğuşları var ki, arılar orada məskən salır, balı da yarpaqlardan süzülür. Strabon bildirirdi ki, albanlar meşələrdəki ağac koğuşlarında məskən salan arıların balını toplayır, ondan qida və müalicə vasitəsi kimi istifadə edirlər. Ərəb coğrafiyaşünasları əl-İstəxri, İbn Hövqəl və əl-Müqəddəsi Azərbaycanın dağlıq və dağətəyi yerlərində balın bol və ucuz olması barədə məlumat verirlər. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir. Hətta, xarici ölkələrə arıçılıq məhsulları (bal, mum) satılırdı.

XIX əsrin 90-cı illərindən arıçılığın inkişafı ilə əlaqədar Azərbaycanda çərçivəli pətəklər yayılmağa başladı. Belə pətəklərdə arıların yeri gen-bol və isti olur, havası normal dəyişir, zərərverici oraya daxil ola bilmirdi. Yeni pətəklərlə yanaşı, arıçılıq avadanlığı, mum təbəqələri hazırlayan və bal süzən maşınlar da meydana gəldi. 1895-1916-cı illərdə Qafqaz İpəkçilik Stansiyasının fəaliyyəti nəticəsində arı pətəkləri kötük təknədən çərçivəli pətəyə keçirilmiş, arı xəstəliklərinin qarşısının alınması üçün ciddi işlər görülmüşdür. 1920-1930-cu illərdə müxtəlif rayonlarda, arıçılıq təsərrüfatları təşkil olunmuş, qiymətli Qabaqtəpə arısı Azərbaycanın bütün arıçılıq təsərrüfatlarında yayılmışdır. XX əsrin ikinci yarısında artıq xeyli inkişaf etmiş, ixtisaslaşdırılmış iri arıçılıq təsərrüfatları yaradılmışdır.