Antropomorf ornamentlər
Nümunənin reyestr kodu : DR0102010001
Antropomorf ornamentlər insan fiqurunu (və ya fiqurun hissələrini) istifadə, ya da stilizə edərək yaradılan insan, yaxud insanaoxşar təsvirlərdir.
Azərbaycan ərazisində paleolitin sonu, mezolit və neolit dövrünə aid külli miqdarda daş və gil qadın heykəlcikləri tapılmışdır. Bunların daha qədimləri real qadın fiquruna yaxın olsa da, sonrakılar sxematik, ümumiləşdirilmiş və uzunsov formaları və ağır aşağı hissəsi ilə seçilir. Onların üstündə həndəsi naxışlar (nöqtələr, spiralvari cizgilər) olurdu. Bu təsvir və heykəlciklər, daşdan düzəldilmiş böyük insan heykəlləri həyatı dərketmə vasitəsi, dünyanı anlamağın kodu olan rəmz rolu oynayırdı. Eyni zamanda onların vasitəsi ilə ibtidai insanlar ayin fəaliyyətlərində gələcəyi formalaşdırır, dünyanın mühüm tərəflərini, əlaqə və münasibətlərini ayırmaq və ümumiləşdirmək, onun qanunlarını formalaşdırmaq, öz təcrübə və biliklərini sistemləşdirmək, bir-birinə fikir və hisslərini ötürməyə nail olurdular. Bu o deməkdir ki, antropomorf ornamentlər insanların idrak və ünsiyyətinin zəruri vasitələri idi.
Antropomorf təsvirlər Azərbaycan incəsənətində digər tipli təsvirlərlə işlənərək, xalqımızın mənəvi aləmi, qədim inam və etiqadları ilə sıx bağlı olmuşdur. Bunlar ayrıca böyük heykəllər (balballar), heykəlciklər və müxtəlif tematik kompozisiyalar idi. Bu kompozisiyalar qayaüstü və daşüstü rəsmlərdə, mis və saxsı qablarda, metal məmulatlarda, parçada, xalçada, miniatürlərdə öz əksini tapmışdır. Adətən qayaüstü təsvirlər əlaltı alətlərlə yaranırdı (təbaşir, kömür, daş, oxra). Bu tematik təsvirləri 3 böyük qrupa bölmək olar: ov, döyüş və ayin mövzuları. Ov ayininin təzahürü olan ov təsvirləri ən qədimidir və bütün dünyada yayılmış mövzudur. Bu mövzular qayaüstü və daşüstü təsvirlərdən savayı bürünc kəmərlərdə, mis və saxsı qablarda əksini tapıb. İnsanlar süvari at üstündə və cəng arabası üstündə, müxtəlif növ silahlarla (kaman, ox, üçbaşlı əsa, nizə), it və əlinin üstündə ov quşu ilə təsvir olunub. Döyüş mövzusunda işlənmiş təsvirlərə də tez-tez rast gəlinir. Ayin mövzusu – miflərə, əsatirlərə həsr olunub, bunlar qadın və kişi – ayin obrazlarıdır və mərasim vaxtı əllərində müqəddəs cəm tutmuş halda, yaxud əllərini göyə qaldıraraq təsvir olunublar.
Rəqs motivləri, qadın başı formasında qablar da antropomorf təsvirlərə aiddir. Antropomorf heykəllər 2 qrupa bölünür: kiçik ölçülü və böyük daş heykəllər. Böyük daş heykəllər o qədər də çox deyil, zərdüştlük, xristianlıq və büt obyektləri hesab olunaraq məhv ediliblər.
Antropomorf ornamentlərə həm də insanların və heyvanların müxtəlif hissələrini özündə birləşdirən polimorf mifik varlıqlar – qadın-quş, pəri və s. təsvirlər daxildir. Onlara müxtəlif dövrün monumental-dekorativ sənət abidələrində, bədii sənət əşyalarında rast gəlinir. Bunlar ağacdan, buynuzdan, bürüncdən, qızıldan düzəldilmiş kiçik formalı əşyalar üzərində antropomorf təsvirlərdir. Antropomorf təsvirlərə o cümlədən insan fiqurunu stilizə edən ritmik naxışlar da aiddir.
Antropomorf təsvirlər bütün Azərbaycan ərazisində mövcuddur. XX-XXI əsrlərdə aparılan arxeoloji qazıntılar çox miqdarda artefakt ortaya qoydu. Qobustan, Naxçıvan, Gəncə, Xanlar, Mingəçevir, Qazax, Şamaxı, Gədəbəy və s. rayonlarda mədəni qatlardan tapılan ayin və mədəni əşyalar bu gün muzeylərimizdə saxlanılır.
Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ, Yazılıtəpə, Şonqardağ və Şıxqaya qayalıqlarında petroqliflər aşkar olunub. Bu petroqliflərin yaşı e.ə. X minilliyə təsadüf edir. Onlar 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə tərəfindən təhlil olunublar. Qobustan qoruğunda Qaya üstünə həkk olunmuş təxminən 6 min rəsm tapılıb və təhlil olunub, 100 min maddi mədəniyyət əşyası qorunub saxlanılır.
Azərbaycana məxsus antropomorf təsvirlər respublikanın bütün muzeylərində bu gün də nümayiş etdirilir.
-
Azərbaycan qayaüstü incəsənəti
Məlahət Fərəcova
2009
-
Qobustan dünyası
Cəfərqulu Rüstəmov
1994
-
Qobustan. Fotoalbom
Cəfərqulu Rüstəmov
1990
- Biblioqrafiya və tərtibçilər