AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağacişləmə

Nümunənin reyestr kodu : ST0100000001

Azərbaycanda ağacişləmə sənətinin tarixən geniş yayılması zəngin və bol ağac materialına malik meşə sərvəti, yerli əhalinin ağacdan hazırlanan məişət avadanlığı və istehsalat alətlərinə tələbatı ilə əlaqədardır. Qarağac, palıd, göyrüş, vələs, cökə, dəmirağacı, yemişan, qoz və s. ağac növlərindən ev əşyaları, məişət qabları, təsərrüfat alətləri və nəqliyyat vasitələrinin hazırlanmasında və inşaat işində geniş istifadə olunur.

Arxeoloji qazıntılar zamanı Xanlar rayonundan tapılan Tunc dövrünə aid ağac vəl, Mingəçevirdə küp qəbirdən tapılan e.ə. II minilliyin sonuna aid ağac qənddan, ilk orta əsrlərə aid çömçə, təknə bu sənətin qədim dövrlərdən Azərbaycanda inkişaf etdiyini göstərir.

Ağacişləmə sənətində ən vacib işlərdən biri ağacın vaxtında kəsilməsi və tədarüküdür. Ağacın kəsilməsi onun “suyunun çəkildiyi” dövr – payızın soyuqları düşəndən kiçik çillənin axırınadək davam edir. Sonra havalar isinməyə başladığından ağaclar “oyanır”, xalq arasında deyildiyi kimi, “ağaca su yeriyir”. Gövdəsinə su yerimiş ağac isə material kimi istifadəyə yaramadığından tədarük olunmur. Material tədarükündə sağlam ağacın seçilməsi əsas şərtdir. Güney yerin ağacı daha sağlam və yaxşı inkişaf etmiş olur. Adətən, düz və düyünsüz ağac kəsilib doğranır. Ağac məmulatını qurd vurmaması üçün palıd, qarağac, yemişan, dəmirağacı qaranlıqda, fıstıq, qovaq, söyüd, vələs, çinar kimi ağ rəngli ağaclar isə ay işığında kəsilir.

Ənənəvi ağacişləmə sənətinin ən geniş yayılmış sahəsi ev avadanlığının, təsərrüfat alətlərinin və nəqliyyat vasitələrinin hazırlanması hesab edilir. Ağac ustalarının bəziləri xarratlıq edərək ancaq ev əşyalarını, bəziləri kənd təsərrüfatı alətlərini hazırlayır, bir qrupu isə dülgərlik, şəbəkəçilik, sazbəndlik, təkərçilik və s. ilə məşğul olur.

İşlənmə texnikasına görə ağacişləmə sənətində oyma və şəbəkə xüsusi yer tutur. Oymada birüzlü və ikiüzlü oyma üsulundan istifadə olunur. Qusarın Həzrə kəndindəki XVI əsrə aid türbənin içərisində yerləşən Şeyx Cüneydin qəbrinin üstü birüzlü oyma üsulu ilə hazırlanmışdı. İkiüzlü oymadan isə şərbət və ovşala qaşıqları, sandıq, mücrü, qapı, darvaza, məhəccər və tağların düzəldilməsində, həmçinin Şəki Xan sarayının və Gəncədəki Cümə məscidinin qapılarının hazırlanmasında istifadə edilmişdi. Ağacişləmə sənətinin bədii sahələrindən biri şəbəkəçilikdir. Şəbəkə ustaları yaşayış evlərinin, sarayların qapı-pəncərələrini, eyvan və şüşəbəndlərini ornamentli şəbəkələrlə bəzəyir​lər.

Ağacişləmə sənətində müxtəlif növ kəsici, deşici, yonucu, oyucu, kərtləyici alətlər işlədilir. Ağacın kəsilib doğranması prosesində meşə baltası, nacaq və batman balta, “əl kərkisi” və “ayaq kərkisi”, ağac məmulatının yonulub hamarlanmasında dartı və rəndə, mexaniki yonma işində lisə və əyri, oyuq açmaq üçün burğu, lobur, matqab və müxtəlif formalı iskənə növündən istifadə edilir. Ağac materiallarının yonulmasında tətbiq olunan və yeganə mexaniki əmək aləti sayılan “xarrat dəzgahı”nın əl və su qüvvəsi ilə hərəkət etdirilən iki növü günümüzədək gəlib çatmışdı. Ağac məmulatını formaya salmaq və ona bəzək vermək üçün əyri, tişə, xətkeş və s. alətlərdən istifadə edilir.

Ağacişləmə sənətinin səciyyəsinə görə, ayrı-ayrı etnoqrafik bölgələr, hətta kəndlər bir-birindən fərqlənir. Quba qəzasının Çiçi, Nügədi, Amsar, Rustov kəndləri araba, Xaltan, Quşçu, Kömür, Zıxır kəndləri isə vəl, kürək, şana, təknə-tabaq istehsalı üzrə ixtisaslaşmışdı. Şəki bölgəsinin Tüntül, Xaçmaz, Xalxal, Vardanlı, Tərkəş, Sincan, Filfili, Baş Zəyzid kəndləri təkər istehsalı ilə məşğul olurdu. Şamaxının Cülyan, Ximran kəndləri təknə-tabaq hazırlayırdı. XIX əsrin ikinci yarısında Azərbaycanda neft sənayesinin və şərab istehsalının inkişafı Bakı və Gəncə şəhərlərində çəlləkdüzəltmə sənətinin daha da inkişafına səbəb olmuşdu. Salyanda arabaçılıq, Lənkəran, Göyçay və Naxçıvanda təknə-tabaqçılıq nisbətən daha geniş inkişaf etmişdi. XIX əsrin axırlarında Bakı şəhərində neft sənayesinin, Gəncədə isə şərab istehsalının inkişafı ilə əlaqədar həmin məhsulların daşınması bu şəhərlərdə ağacişləmənin yeni sahəsinin – çəlləkçiliyin inkişaf etməsinə səbəb olmuş, bununla əlaqədar Bakı, Quba və Salyanda araba istehsalı genişlənmişdi.