Alqışlar
Nümunənin reyestr kodu : FL0101000001
Azərbaycan folklorunun arxaik janrlarından hesab olunan alqışlar ritual təsəvvürlərdən qaynaqlanan qəlib sözlərdən ibarətdir. Qədim təsəvvürlərə görə, pis söz insanlara uğursuzluq gətirdiyi kimi, yaxşı söz insanlara xoşbəxtlik, sağlamlıq, uğur gətirir. Sözün təsir gücünə inanan qədim insanlar dua-sənalarının Allah tərəfindən qəbul olunacağına inanırdılar.
Alqışlar praktik məzmunlu olsa da, müəyyən poetik xüsusiyyətləri vardır. Alqışlarda ritmik cümlələrdən, qafiyəli sözlərdən, müqayisələrdən, bədii təyinlərdən geniş istifadə olunur. Fikrin qısa və aydın olması, artıq söz və ifadənin işlədilməməsi, fikrin bənzətmə yolu ilə metaforik şəkildə çatdırılması alqışların başlıca xüsusiyyətidir. İfadə baxımından qısa, məna baxımından geniş və əhatəli olan alqışlar elə dil vahididir ki, onları başqa dilə olduğu kimi tərcümə etmək mümkün deyil. Alqışlar yalnız milli özünəməxsusluqla, milli təfəkkürlə bağlı dil, mədəniyyət hadisəsidir, gündəlik həyatda tez-tez istifadə olunduğu üçün daim yenilənir, bədii cəhətdən cilalanmaqla yanaşı, dövr və zamanla səsləşən yeni-yeni nümunələri əmələ gəlir.
Alqışlar həm mənşəyinə, həm də məzmununa görə qruplaşdırılır. Mənşəyinə görə aşağıdakı qruplara bölünür: 1. Mərasimlə bağlı yaranan alqışlar; 2. Məişətlə bağlı yaranan alqışlar; 3. Mifoloji və dini təsəvvürlərin təsiri ilə yaranan alqışlar. Məzmununa görə isə, süfrə alqışları, səfər alqışları, toy alqışları, ev inşası ilə bağlı alqışlar və s. olmaqla müxtəlif qruplara bölünür.
Mərasimlə bağlı alqışlar toy, sünnət və digər mərasimlərdə icra olunan rituallarla əlaqəlidir. Məsələn, “Bəylik hamamına gedəsən”, “Bəylik taxtını görüm”, “Toy şirnini yeyim”, “Gəlinlik lampanı yandırım” alqışları toy mərasimi ilə əlaqədar yaranmışdı. Məişət alqışları isə gündəlik həyatın müxtəlif tərəflərini özündə əks etdirməklə xalqın həyatını, məişətini, etik-estetik görüşlərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. “Evin abad olsun”, “Evinə şadlığa gələk”, “Duz-çörəkli olasan”, “Süfrən həmişə açıq olsun” və digər məişət alqışları real təsəvvürlərə, həyat hadisələrinə əsaslanır.
Alqışların böyük bir qismini isə mifoloji və dini təsəvvürlərlə bağlı yaranan nümunələr təşkil edir. Bu gün dilimizdə yalvarış məqamında işlənən “Başına dolanım”, “Başına dönüm”, “Qurbanın olum”, “Ayağın altında ölüm” kimi qəlibləşmiş ifadələr ilk baxışdan sezilməsə də, mifoloji təsəvvürlərdən qaynaqlanan alqış səciyyəli ifadələrdir. Folklorşünas B.Abdullanın yazdığına görə, bu alqışlar bir işin icrası ilə digərinə təsir etməyin, yəni təqlidi sehrin gücünə inamdan doğmuşdu. Qədimdə bir adam xəstələnəndə bir heyvanı onun başına dolandırıb sonra kəsirdilər, bununla da xəstənin azar-bezarının həmin heyvana keçdiyinə inanılırdı. Bu ayinin izlərini özündə yaşadan həmin ifadələr də “Sənin dərdi-bəlan, azar-bezarın mənə gəlsin” anlamına gəlir. İndinin özündə də böyüklərin uşağı kiminsə başına dolanmağa qoymamaları, dolandığı tədqirdə isə bu hərəkəti əks istiqamətdə təkrarlatmaları həmin təsəvvürün qalıqlarıdır.
İnsan həyatının müxtəlif sahələrini əhatə edən alqışlar birdən-birə yaranmamış, müəyyən arxaik təsəvvür və görüşlər nəticəsində meydana çıxmışdı. Həmin təsəvvür və görüşlər ictimai inkişafın sonrakı mərhələsində unudulub sıradan çıxsa da, daşlaşmış şəkildə alqış və qarğışlarda yaşamaqdadır. Altay türklərində alqış və qarğışların şaman ayinlərində istifadə olunmasından (şamanların qamlama ayinlərində söylədikləri dualar məhz alqış adlanır) çıxış edən bir çox tədqiqatçılar, bu numünələrin vaxtilə şaman mərasimlərinin bir parçası olduğunu, sonralar mərasim bağını itirərək müstəqil janra çevrildiyini iddia edirlər.
-
Nəğmələr, inanclar, alqışlar
Toplayıb tərtib edəni Azad Nəbiyev
1986
-
Azərbaycan xalq ədəbiyyatı, I cild
Azad Nəbiyev
2009
- Biblioqrafiya və tərtibçilər