AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xızı

Rayon haqqında məlumat

Xızı rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Respublikamızın paytaxtı Bakı şəhərinə ən yaxın dağlıq rayondur. Ərazisi 1.67 min kv.km., əhalisi 16368 nəfərdir. Bundan 3159 nəfərini qaçqınlar, 325 nəfərini isə məcburi köçkünlər təşkil edir (01.07.2016-ci il tarixinə). İqlim şəraiti mülayimdir və quru havaya malikdir. Rayon ərazisində sahəsi 110,35 kv.km olan Altıağac Milli Parkı fəaliyyət göstərir. Ərəb mənbələrində Xızıda yaşayanlar "Əhli Xizon", yəni Xızı əhalisi adlandırılır. Orta əsr tarixçiləri Xızı əhalisini eyni zamanda Bərməklilər, onun ərazisini Bərmək mahalı adlandırırlar.
 
Xızı rayonu 1928-ci ilə kimi Bakı Sovetinin tərkibində olmuş, sonra müstəqil rayon kimi fəaliyyətə başlamışdır. O zaman rayonun 72 kəndi, 24 minə yaxın əhalisi olmuşdur. 1940-cı illərdə Siyəzən rayonu təşkil olunanda rayonun Giləzi, Ağ Siyəzən, Zərgərli və sair sovetlikləri Siyəzən rayonunun tərkibinə daxil edilmişdir. Həmin dövrdən Dağ Quşçu, Ərziküş, Qızılqazma və sair sovetliklər Xızı rayonunun tərkibinə daxil olmuşdur. 1947-ci ildə Xızı rayonunda 60 kənd, 53 kolxoz, 14 sovetlik olmuşdur. Əhalisi isə 14647 nəfər təşkil etmişdir. Rayon 1956-cı ilə qədər fəaliyyət göstərmiş, 1956-cı ilin axırlarında Sumqayıta birləşdirilmişdir. 1963-cü ildə Abşeron rayonu təşkil olunur və Xızı zonası həmin rayonun tərkibinə verilir. Nəhayət 1990-cı ilin aprel ayında Xızı rayonu yenidən bərpa olunur. Mərkəzi Xızı şəhəridir. Rayonda 1 şəhər, 3 qəsəbə, 25 kənd mövcuddur.
 
Xızı rayonu dağ və dağətəyi zonalara malikdir. Dağlıq zonanın zirvəsi dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən “Dübrar” (İkiqardaş) dağıdır. Rayon eko və etno turizmin inkişafı üçün münasibdir. Rayonun dağətəyi - aran ərazisi ilə Xəzər dənizinin 30 km-lik sərhəddi vardır. Rayonun ərazisində külli miqdarda yüksək keyfiyyətli gil (Giləzi qəsəbəsi, Əmbizlər, Qasımkənd, Ağdərə kəndləri ərazisində), qum (Giləzi və Şuraabad qəsəbələrinin dənizkanarı ərazilərində), çınqıl (Qasımkənd, Əmbizlər, Ağdərə, Xələnc, Fındığan kəndləri və Giləzi qəsəbəsinin ərazisindən keçən Əmbizlər, Ağdərə, Xələnc, Ataçay, Tıxlı çayları) və bentonit (Ağdərə kəndi ərazisində) ehtiyyatları mövcuddur.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri