AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yurd

Nümunənin reyestr kodu : DA0202000019

Yurd anlayışı çox geniş mənada vətəni, doğma torpağı, hər bir kəsin anadan olub boya-başa çatdığı ərazini, eli, obanı, kəndi, şəhəri ifadə edir. Etnoqrafik baxımdan isə yurd yaylaq təsərrüfatı ilə bağlı müvəqqəti yaşayış məskənidir, yaylaq, oba, düşərgə ilə sinonim sözdür.

Azərbaycanda ibtidai icma quruluşunun dağıldığı və sinifli cəmiyətin yarandığı dövrdən etibarən kənd tipli yaşayış məskənləri daha geniş intişar tapmışdır. Buraya tarixən yaranmış oba, şenlik, yurd, düşərgə, qışlaq, yaylaq, yataq, binə və başqa yaşayış məskənlərini də daxil etmək olar.

Maldarların yaylaqda yerləşdiyi ərazi yurd adlanırdı. Yurd dar mənada hər bir alaçığın yerləşdiyi sahəyə deyilirdi, geniş mənada isə buraya hər bir obanın istifadəsində olan otlaq yerləri daxil idi. Həmin sahədə hazırda adamların yaşayıb-yaşamamasından asılı olaraq, yurd əvvəlki yaşayış yeri adını saxlayır. Yaylaqlara köçmə və yurdsalma qaydalarında əsasən su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer tuturdu.

Qohum ailələrin bir neçə il dalbadal düşdükləri yurd yerləri, yaylaqlar ailə başçısının, bəzən də onların təmsil etdikləri kəndlərin adları ilə adlanırdı (Əmirəhmədin yurdu, Nəbi yurdu, Eldar yaylağı və s.). Obalar əvvəlki yurd yerlərinə üstünlük verirdilər, bu həm təsərrüfat baxımından əhəmiyyətli idi, həm də otlaqlarla və s. məsələlərlə bağlı münaqişələrin baş verməsinin qarşısını alırdı. “Yurd yeri seçə bilməsən, yurda düş” zərbi-məsəli maldarların ənənəvi yurd yerlərinə üstünlük verdiklərini göstərməklə yanaşı, insanların dünyagörüşündə yurda bağlılığın mənəvi baxımdan izahıdır.

Əgər yurd müvəqqəti olaraq başqa bir şəxsin icarəsinə verilirdisə, onda yurd yeri yenə də oraya ilk məskən salmış adamın adı ilə tanınırdı. Bir qayda olaraq yaylağa çıxan hər bir nəsil, tirə, coyğa daimi olaraq hər il əvvəlki yurd yerinə düşürdü. Bəzən yurd bir kənd icmasının adını daşıyırdı. Tatlı yurdu, Ziyadlı yurdu, Qızıl Hacılı yurdu, Qaraqoyunlu yurdu və s.

Yurdların salınması oba prinsipi əsasında baş verirdi. Obalar yaylaq yaşayış məskənindən daha çox kənd əhalisinin məhəllə, nəsil, tirə, oymaq, eləcə də qonşu kənd əhalisinin mal-qaralarını yaylaq və qışlağa köçürmək üçün yaratdığı birlik idi. Obalar müxtəlif formalarda təşkil olunurdu. Təsərrüfatında əkinçilik üstünlük təşkil edən kəndlərin əhalisi məhəllə, tirə halında qoyunlarını bir sürüdə birləşdirir, hər sürü üçün ayrıca çoban tuturdular. Qoyunları ayrı-ayrı sürüdə birləşən tirələr oba yaradırdılar, hər obada 20-30 ailənin heyvanı cəmləşirdi. Hər kəndin bir neçə obası olurdu, obaya bəylər, tavanalı ailələr, eləcə də az tavanalı ailələr daxil olurdu. Obalar yurd salır, bəzən isə bu birlik daha da inkişaf edərək yeni kəndlərin yaranmasına gətirib çıxarırdı.

Yaylaqda hər bir yurdun (obanın) otlaq sərhədi dəqiq müəyyən olunurdu. Müəyyən bir tayfaya mənsub sürülər başqasının yurdunda otarıla bilməzdi. Əks halda, bu ciddi narazılığa səbəb olardı. Hər bir yurdun faktiki sahibi obabaşı idi. Onlar iqtisadi mövqeyini saxladığı bütün dövrlərdə obaya və habelə yurda başçılıq edirdi. Yurdlar “otarası” deyilən təbii sərhəd işarələri ilə bir-birindən ayrılırdı.

Yaylağa çıxan maldarlar yurd yerini müəyyənləşdirdikdən sonra su mənbəyinə yaxın bir yerdə müvəqqəti yaşayış evlərini qurmağa başlayırdılar. Yurdda müvəqqəti yaşayış evləri – alaçıq, dəyə, qarakeçə, dünlüklü və ya sünəcəli ev, muxru və s. qurulurdu. Dəyə, qarakeçə, muxru və alaçıq öz həcminə, qısmən də formasına görə bir-birindən fərqlənən, qəlib və çubuqlardan ibarət sadə formalı ev tipləri idi. Müxtəlif quruluşlu yaşayış evləri vahid bir yurd daxilində qruplaşan bütün bir nəsli təmsil edirdi. Yaylaqda özlərinə münasib yaşayış evləri qurduqdan sonra çobanlar heyvanların bəslənməsinə, quzuların gümrah böyüməsinə və digər təsərrüfat işlərinə daha çox diqqət yetirməyə başlayırdılar.

Neolit mədəniyyətinə xas olan oturaq məişət tərzi üç böyük mədəni nailiyyətin yaranmasına gətirib çıxarmışdır. Əvvəla, bununla oturaq əkinçi və maldar tayfalara məxsus icma kəndləri və köçəbə tayfalara xas olan elat obalarından ibarət, qan qohumluğuna əsaslanan ilk nəsil-qəbilə məskənləri yaranmışdır. İkincisi, oturaq məskənlərin meydana gəlməsi vaxtı ilə gəzərgi həyat tərzi keçirən qəbilə və tayfaların müəyyən bir məkana bağlanıb qalmasını zəruri etmiş, “yurd” anlayışı yaratmışdır. Ailələr çox vaxt bir-birinə yaxın yerlərdə yurd salıb kənd daxilində məhəllə təşkil etmişlər. Üçüncüsü, oturaq məişət tərzinin yaranması qarşılıqlı ünsiyyət əlaqələrinin və qohumluq münasibətlərinin güclənməsinə əlverişli sosial-mədəni zəmin yaratmışdır. Bütün bu mütərəqqi irəliləyişlər isə təsərrüfat fəaliyyəti üçün əlverişli şəraitə malik olan məskunlaşma ərazilərində etnikləşmə prosesinin ilk rüşeymlərinin yarandığını göstərirdi.