AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zurna

Nümunənin reyestr kodu : ST0802000002

Güclü və zil səsə malik nəfəsli musiqi alətidir. Zurna Azərbaycan ərazisində geniş yayılıb və mədəni həyatda özünəməxsus yer tutur. Zurnanın sur (şənlik, bayram) və “nay” (qamış) sözlərindən yarandığı, bayram, toy, ziyafət mərasimlərini müşayiət edən alət mənasını verdiyi güman edilir.

Zurna ərik, qoz və tut ağaclarından yonularaq hazırlanır. Ümumi uzunluğu 302-317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60-65 mm-ə çatır. Üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq açılır. Gövdənin baş tərəfinə maşa (beçə) taxılır. Onun uzunluğu 120 mm-dir və o, cır söyüd, qoz və ərik ağacından hazırlanır. Maşanın vəzifəsi alətin kök qaydasını nizama salmaqdır. Bürünc, mis və ya gümüş lövhədən hazırlanmış ”mil” maşaya taxılır. Əsasən, quru yerdə bitmiş qamışdan xüsusi üsulla hazırlanmış müştük 7-10 mm uzunluqda olur. İfaçı aləti səsləndirmək üçün ağız boşluğuna yığdığı havanı müştükdən nizamla üfləyir. Sədəf, sümük və bürüncdən hazırlanan dəyirmi tağalaq (dayaq) milin, təxminən, orta hissəsinə, girdə lövhəyə bərkidilir. Tağalaq dodaq üçün dayaq rolunu oynayır. Üfürülən hava müştük, mil və maşadan keçərək gövdəyə daxil olur və alət barmaqların köməyi ilə gövdədəki oyuqları açıb-bağlamaqla səsləndirilir.

Bu alətin tarixən “qara zurna”, “ərəbi zurna”, “cürə zurna”, “əcəmi zurna”, “qaba zurna”, “şəhabi zurna” kimi növləri mövcud olmuşdur.

Qədim insan məskənlərindən olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış 4 ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, yüksək zövqlə hazırlanmış bu alətlərin üç min il yaşı vardır.

Zurnanın adı “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında, orta əsr şairləri Qazi Bürhanəddin, Mustafa Zərir, Həbibi, Fədai Təbrizi, Neymətullah Kişvəri, Seyid Əbülqasım Nəbati, Mirzə Mehdi Şükuhi və başqalarının şeirlərində çəkilir. Azərbaycan xalqı onun sədaları altında öz oğullarını vətəni qorumaq üçün döyüşə yola salmış, əmin-amanlıq illərində isə övlad evləndirmiş, şənliklər, yarışlar keçirmişdir.

Hazırda zurnadan nəfəsli alətlər ansamblında, həmçinin xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında istifadə edilir. Ü.Hacıbəylinin “Koroğlu” operasında zurna həm də orkestrin tərkibinə daxil edilmişdir.