Yel baba
Nümunənin reyestr kodu : DR0203000013
Bütün küləklərin ixtiyarının əlində olduğuna inanılan mifoloji varlıqdır. İnanca görə, külək onun əmrinə tabedir; o istədiyi vaxt əsər, istəməyəndə yox. Xırman sovuran zaman insanlar “Yel baba, Yel baba, gəl atıva saman apar” deyərək onu köməyə çağırardılar. Başqa bir inancda Yel babanın Fatma nənənin yeddi rəng ip yumağını götürüb apardığı və onu göyün yeddi qatına doladığı deyilir. Həmin motivin bir qədər fərqli variantına “Göyçək Fatma” nağılında rast gəlinir. Nağılda Fatmanın daradığı yunu külək aparır, yunun dalınca gedən Fatmanın “Əlçinimi ver baba // Qurban olum, yel baba” deyərək yeldən kömək istədiyi deyilir.
Azərbaycanın bəzi bölgələrində Yel tanrısına Heydər baba deyilir. Xırman sovrulan zaman oxunan mərasim nəğmələrində Heydər, Heydər, əsə gəl // Yeddi xırman basa gəl!.., və ya Heydər, Heydər, çörək ver // Kişilərə ürək ver. // Xırmannarı yığmağa // Sərin-sərin külək ver – deyərək onu köməyə çağırardılar. Muğanın bəzi bölgələrində Yel çərşənbəsinə Heydər çərşənbəsi deyilməsi də, Heydərlə Yel obrazının eyni personajlar olduğunu deməyə əsas verir. Qazaxlar da xırman sovrulan zaman külək olmadıqda Mirhaydar adlanan obrazı köməyə çağırardılar. Heydər adının Həzrət Əlinin adlarından biri olmasından çıxış edən tədqiqatçılar Heydər babanın da mifoloji varlıq kimi bu obrazdan ayrıldığını ehtimal edirlər.
Yel babaya etiqadla bağlı bir sıra inanclar da yaranmışdır. “Yel baba gəlməmişdən qabaq xırmandan buğda, dən götürmək günah sayılır. Sovurulmamış buğdadan götürənin oğlunun öləcəyinə inanılır”, “yeli əsdirəni söyməzlər”, “yel çərşənbəsi gecəsi söyüd ağacının altında niyyət edib Yel babanı çağırdıqda külək əsərdisə və söyüdün budaqlarını torpağa toxundurardısa, onda diləyin hasil olacağına inanılır”.
Xakaslardakı “Şil eezi”, macarlardakı “Sel-ane” da Yel baba ilə, demək olar ki, eyni funksiyanı daşıyırlar. Anadolu türkmənləri arasında Yel baba adlanan türbə mövcuddur. Aşağı Sırdərya boyunda yaşayan əkinçi qazaxlar küləyin, yelin ixtiyarının Jalanaş Ata (Yalın Ata) adlı mifoloji varlığın əlində olduğuna inanırlar. Buna görə xırman sovrulan zaman yel göndərsin, külək əsdirsin deyə ona üz tutardılar. Türk xalqlarında olduqca geniş yayılmış Yel baba obrazının genezisi, mifoloji xarakteristikası və daşıdığı simvolika haqqında ətraflı tədqiqat aparılmadığı üçün onun haqqında hələlik əsaslı fikir söyləmək çətindir.
-
Azərbaycan şifahi xalq ədəbiyyatı
Ramil Əliyev
-
Mifologiya, II cild
Ramazan Qafarlı
2019
- Biblioqrafiya və tərtibçi