AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yel çərşənbəsi

Nümunənin reyestr kodu : DB0204010009

İlaxır çərşənbələrin üçüncüsü Yel çərşənbəsidir. Yel çərşənbə – boz ayın dörd çərşənbəsindən birinə verilən adlardan biridir. Təbiətdə oyanmanın, canlanmanın birinci şərti, sözsüz ki, havanın qızması ilə bağlıdır. Bu üzdən də, havanın mülayimləşməsini, istiləşməsini bilavasitə xəbər verdiyi üçün çərşənbə həmin adla da tanınmışdır.

Bu günə xalq arasında “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir. Muğan zonasının bir sıra kəndlərində isə “Heydər çərşənbə” adı ilə də tanınır.

Yel çərşənbəsi təbiətin elə bir vaxtıdır ki, qış gücdən düşərək son köçünü sürür. Qar əriyir, suyun buzu sınır, torpağın donu açılır, canına hərarət hopur. Bahar yağışları yağmağa, torpağa can verməyə başlayır. Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünü təmizləməsi kimi qəbul olunur.

Yel tanrısına inam xalqın şifahi təfəkküründə uzun zaman başlıca mövqe tutmuş, bu inam bir çox adət-ənənələrdə, bayram və mərasimlərdə öz əksini tapmışdır. İlaxır çərşənbələrin üçüncüsünün də Yellə bağlanması bu inancların çox erkən vaxtlardan xalq arasında mövcud olduğunu göstərir.

Şifahi ənənədə Yel tanrısı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Bu mərasim və ayinlər təkcə ilaxır çərşənbələrdə, yaxud Novruz şənliklərində deyil, ilin müxtəlif dövrlərində, fəsillərində insanın Od, Su, Yel və Torpaq tanrısının yardımına ehtiyacı olan məqamlarda icra olunmuşdur. Məsələn, bəziləri elə hesab edir ki, taxıl döyülən zaman keçirilən Yel baba mərasiminin Novruz şənlikləri ilə heç bir əlaqəsi yoxdur. Yelin dörd müqəddəs ünsürdən biri kimi ilin başlanğıcında rol oyandığını, Novruz şənliklərinin dörd ünsürlə bağlı yarandığını nəzərə alsaq, onda aydın olar ki, Yel baba mərasimi öz kökü etibarı ilə Yel tanrısı etiqadı ilə bağlıdır, onu Novruz ayinlərindən kənarda tutmaq olmaz. İlin bütün fəsillərində, aylarında dörd müqəddəs ünsürün yardımına ehtiyac olanda insanlar ona müraciət edə bilərlər.