AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ziyarətgah

Nümunənin reyestr kodu : DA0204000006

Ərəbcə “ziyarət” və “gah” sözlərinin birləşməsindən yaranan ziyarət sözü “ziyarət yeri”, “müqəddəs məkan” mənasını verir. Dini-mənəvi mədəniyyətin bir hissəsini təşkil edən müqəddəs yerlər (ziyarətgahlar, pirlər, ocaqlar, camelər, xanəgahlar, türbələr və s.) millətin mənəvi dəyərlərini ortaya qoyduqlarından, bu qədim inanc yerləri xalqın tarixini yaşadan və keçmişlə bu gün arasında körpü yaradan maddi-mənəvi sərvətlərimiz hesab olunur. Xalqın mənəvi dünyasında özünə möhkəm yer tutan, müxtəlif dövrlərdə siyasi rejimin diqtəsilə qadağan və ya təbliq olunan ziyarətgahların bir qismi kosmoqonik və astral inamlarla əlaqələnib, islamaqədərki inamlar sisteminin davamını təşkil etmiş, bir çoxları isə İslam dini məzhəblərinə bağlanmışdır. Dağ, ağac, su mənbələri, mağara, səma cismləri (ay günəş, ulduzlar) ilə yanaşı, dini və dünyəvi şəxslərin (şairlər, dövlət – sülalə nümayəndələri, imamlar və digər peşə sahibləri) məzarları da tarixən ziyarətgah olmuşdur.

Ziyarətgahların indiyədək xalqın diqqət mərkəzində olmasının səbəbləri onların müalicəvi xüsusiyyətlərə malik olması, inam yeri kimi məşhurlaşması, imam övladlarının adları ilə bağlı olması, eləcə də onların orta əsrlərdə əhali arasında böyük hörmət və nüfuza malik olan ruhani alimlərin, sufi şeyxlərinin qəbirləri ilə bağlı olmasıdır. Xalq onları müqəddəsləşdirərək iman gətirmiş, bu ziyarətgahlara tapınmış, onlardan kömək, ruzi-bərəkət, sağlamlıq diləmişlər. Müxtəlif zamanlarda dövlət və hakim təbəqə tərəfindən buradakı məzarlar üzərində memarlıq abidələri tikilmiş və beləliklə də onlar ziyarətgahlara çevrilmişdir. Ziyarətgahların daşıdığı vəzifələrdən bəhs edən etnoqraf İ.Məmmədova yazır ki, ziyarətgahlar dini-sosial və ideoloji mərkəzlər olub, əhali arasında ictimai əlaqələrin sıxlaşdırılmasında mühüm rol oynayırdı. Məscidlər kimi, ziyarətgahlar da xalqın dini inancının qorunub saxlanmasında və yaşadılmasında mühüm əhəmiyyət daşıyırdı. Xalq arasında böyük nüfuza malik olan ziyarətgahlar şəriət normalarının yayılmasında, orta əsr cəmiyyətinin maariflənməsində öz sözünü deyir, dövlət xadimləri və nüfuzlu şəxslərdən aldığı vəqflər hesabına maliyyələşirdi.

Ziyarətgahları tarixi mənşəyi baxımından 4 əsas qrupa bölmək olar: 1. İslamdan əvvəl yaşamış ayrı-ayrı fərdlərlə bağlı yaranmış ziyarətgahlar. Buna misal olaraq Bakı-Quba yolu üzərindəki Beşbarmaq dağındakı “Xıdır zində” ziyarətgahını, Naxçıvandakı “Əshabi-Kəhf” ziyarətgahını, Beyləqandakı “Cərcis peyğəmbər” ziyarətgahını və s. göstərmək olar. 2. İslama aidiyyəti olmayan döyüşçü, ictimai xadim və ya tarixi şəxsiyyətlərin qəbirləri üzərində yaradılmış ziyarətgahlar. Məsələn, Astara rayonu Maşxan kənd qəbiristanlığındakı “Seyid Əhməd” piri, Qusarın Həzrə kəndindəki “Şeyx Cüneyd”in, eləcə də Lənkəranın Şıxakəran kəndində Şeyx Zahidin, Bakı-Şamaxı yolu üzərində şəhid türk zabitinin ziyarətgahı bu qrupa aid edilir. 3. Tanınmış və tanınmamış müsəlman əməlisaleh bəndələrlə bağlı yaranmış ziyarətgahlar. Bu cür ziyarətgahlar Azərbaycanda onlarladır. Buzovna qəsəbəsindəki “Qədəmşah” ziyarətgahı, “Bibiheybət” piri, Nardaran piri, Mir Möhsün ağa ziyarətgahı bu qəbildəndir. 4. Bilavasitə İslam dini ilə bağlı olub, İslamiyyət zamanında yaranan ocaq-ziyarətgahlar. Lənkəranda “Baba Rəhman ocağı”, “Baba Nəcəf ocağı”, “Əli meydanı ocağı”, “Əlinin ayaq izi ocağı”, “İmamzadə ocağı” və s., Şimal-şərqi Azərbaycanda “Əfəndi Baba”,”Şeyx Yusif Əfəndi”, Murad piri”, “Həzrət baba piri” və s., Qazax bölgəsində “Hacı Mahmud Əfəndi” türbə-piri. Bu misallardan da görünür ki, əhali tərəfindən daha çox ziyarət olunan bu cür ziyarərgahların əksəriyyətinin İslam dini ilə güclü bağlılığı olmuşdur.

Bizə məlum olan ziyarətgahlar mömin şəxslərin məzarlarından, eləcə də təriqət şeyxlərinin zaviyəsindən, İslamaqədərki inamların yaratdığı müqəddəsliklərdən, kosmoqonik və astral təsəvvürlərdən və s. yaranaraq tarix boyu fəaliyyət göstərmişdir. Ölkəmizdə bu gün də ziyarətgahlar müqəddəs hesab olunur, onlara dövlət qayğısı göz qabağındadır. Ölkə ərazisində hazırda 748 pir və ziyarətgah qeydə alınmışdır ki, onların da 25-i Bakı şəhəri və onun ətraf kəndlərində fəaliyyət göstərir.