Yəhərüstü
Nümunənin reyestr kodu : SD0104000002
Yəhərüstündən yük və ya nəqliyyat heyvanlarının (qatır, at, dəvə) bəzədilməsində və ya minərkən üzərində əyləşilən əşyalarda (yəhər və kəcavə) rahat oturmaq üçün istifadə olunur. Həmin əşya onun sahibinin cəmiyyətdəki mövqeyindən asılı olaraq daha zəngin və müxtəlif çalarlarda bəzədilirdi. Bunun ən bariz nümunəsi XVI-XVII əsrlərdə Azərbaycana səyahət etmiş ingilis səyyahı Antoni Çenkinsonun qeydləridir. O, Şirvan xanı ilə görüşü zamanı xana məxsus atın üzərindəki yəhərüstünün gözəlliyinə heyran olduğunu öz kitabında xüsusi qeyd etmişdir.
Yəhərüstü xovlu və xovsuz toxunuşlu olur. Əsasən oval, altı bucaqlı, səkkiz bucaqlı və yanları maili olan dörd bucaqlı formada toxunulur. Bəzən yəhərə keçirmək üçün yəhər üzünün üzərində dörd ədəd dəlik açılır və bu hissələr xovsuz texnikası ilə toxunulur, bəzən də əriş kəsilərək əlavə iplə və ya parça ilə göbələnərək dolama üsulla tikilir. Belə nümunələrdə toxucular ərsəyə gətirdikləri əl işlərinin üzərinə həm də öz imzalarını qeyd edirlər.
Belə nümunələrdən biri XX əsrin əvvəllərində toxunan, Şirvan qrupuna aid yəhərüstüdür (DDK-4335). Maraqlı kompozisiyası ilə seçilən bu yəhərüstünün üzərində xaçvari formada həyat elementi adlandırılan göl verilib. Gölün daxili dörd qütb (şimal, cənub, şərq, qərb) düşüncəsi ilə verilmiş ox istiqamətləri ilə bəzədilib. Toxucunun təxəyyülü ilə verilmiş bu naxışlar simvolik məna daşıyır. Əşyada təsvir olunmuş ulduz elementi işığı, zəkanı və xoşbəxtliyi simvolizə edir. Haşiyədə sahə boyu ardıcıllıqla verilmiş rombşəkilli hənsədi elementlər isə bəzi mənbələrdə bəd nəzərdən qorunmağı simvolizə edən element kimi qeyd olunur.
Azərbaycan xalqının məişətində əl əməyi vasitəsi ilə əmələ gələn xalça və xalça məmulatları mühüm rol oynamışdır. Müxtəlif məqsədlərlə istifadə olunan bu məmulatlar tariximizin qədimliyindən xəbər verir, demək olar ki, Azərbaycanın bütün bölgələrində toxunulurdu. Xüsusilə heyvandarlıq və köçəri həyat keçirən əhalinin məişətində xalça məmulatı olan yəhərüstünün mühüm yeri vardır.