AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yekba

Nümunənin reyestr kodu : FO0105000006

Yekba zorxana oyunlarından biridir. Zorxana oyunları adətən mil oyunu ilə başlayıb yekba oyunu ilə davam etdirilir. Bu oyunda iştirak edən idmançı pəhləvənlar yekbagir adlanır. Onlar taxtadan hazırlanmış, formasına görə ortası dəstəkli qapı və ya darvazaya bənzəyən yekba və yaxud bargir adlanan idman aləti ilə müxtəlif hərəkətlər icra edirlər. Bu alətin orta hesabla boyu 150 sm, qalınlığı 3 sm olur. Vaxtilə alətin taxtadaş adlanan kiçik həcmli növü də mövcud idi. Oyun iştirakçıları arxası üstə uzanaraq hər əlində bir alət tutur, gah sol qolu, gah sağ qolu ilə onları yuxarı qaldırıb, gövdələrini sağa və sola çevirirlər. Bu oyun da dumbul çalınması ilə davam edir. Dumbul əvvəl ağır, sonra sürətli templə çalınır. Vaxtilə kim bu hərəkəti iyirmi dəfə təkrar etsəydi, o, böyük bir pəhləvan sayılardı.