AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yəcuc və Məcuc

Nümunənin reyestr kodu : FL0109020004

Əfsanəvi Qaf dağının arxasında yaşadığı güman edilən, dünyanın sonu gəldikdə dağı dəlib bu üzə keçəcəkləri və yer üzündə həyatı məhv edəcəklərinə inanılan qövmün adıdır.

Bəzi tədqiqatçılar yəcuc-məcuc kəlməsinin ərəbcə olduğu və sürətlə hərəkət edən, ətrafa yayılan, alov kimi yandırıb yaxan şəxs və ya toplum anlamına gəldiyini iddia edirlər. Digər tədqiqatçılar isə bu kəlmənin ərəbcəyə digər dillərdən – assuri, arami, yunan və ya türkcədən keçdiyi qənaətdindədirlər. Onlara görə bu kəlmə “Əhdi-ətiq”də adı keçən gog və maqoq ifadələrindən yaranmışdır. Gog yəhudilərə düşmən kəsilən, onların mallarının talayan, uşaqlarını öldürən toplumun adı, magog isə onların yaşadığı ölkənin adıdır. Goq və maqoq kimi səciyyələndirilən bu qövm “Əhdi-cədid”ə görə şeytanla əlbir olub müqəddəs şəhəri işğal etməyə qalxışacaqdır.

Yəcuc-məcucları monqollarla eyniləşdirən tədqiqatçılar da vardır. Əbul-Kəlan Azadın yazdığına görə, miladdan öncə 600-cü ildə bugünkü Monqolustan torpaqlarında yaşayan və özlərinə monqol deyən toplumun adı monqoq və ya monçukdan gəlir ki, bu da məcuc gəlməsinə daha yaxındır. Quranı elmi baxımından şərh etməyə çalışan Cəmaləddin əl-Kasımi ərəblərin Qafqaz dağlarında yaşayan Akuk və Makuk adlı iki qövmdən söhbət etdiklərini və onları yəcuc-məcuc adlandırdıqlarını qeyd edir.

“Qurani-Kərim”də zaman və məkan verilmədən yəcuc-məcucların keçmişdə yaşamış bir toplum olduğu, ətrafa ziyan vurduqları, Zülqəreynənin tikdirdiyi böyük sədd sayəsində onların qarşısının alındığı bildirilir. Başqa bir surədə isə yəcuc-məcucların gələcəkdə ortaya çıxacağı, “vədəsi çatanda” onların önünün açılacağı deyilir. Tədqiqatçıların qənaətincə, “vədəsi çatanda” ifadəsi ilə qiyamətin yaxınlaşdığı zamana işarə edilir ki, bu da yəcuc-məcucların qiyamətin yaxınlaşdığını göstərən əlamətlərdən biri olduğunu göstərir. Beləliklə, yəcuc-məcuclar yer üzündə həyatı məhv edəcəklərin inanılan qövmün adıdır. Quranda keçmişdə olduğu kimi gələcəkdə də belə bir qövmün ortaya çıxacağı xəbər verilməkdədir.

Hədislərdə Məhəmməd peyğəmbərin yuxudan oyandıqdan sonra yaxınlaşan fəlakətlə əlaqədar “vay ərəblərin halına” dediyi və qiyamət yaxınlaşanda yəcuc-məcucların səddi yıxacaqları, təpələri aşaraq yer üzünə yayılacaqları, getdikləri hər yeri yandırıb yaxacaqları, suları içib qurudacaqları, hər kəsi yox edəcəkləri, Allah-taalanın göndərdiyi bir qurt sayəsində onların tələf olacağı, bunun sayəsində də insanların məhv olmaqdan qurtulacağı deyilir.

Azərbaycandan qeydə alınmış yəcuc-məcuclar haqqında mətnlər də məhz dini məxəzlər vasitəsilə şifahi ənənəyə keçmiş təsəvvürlərdir. Həmin mətnlərdə əciq-məciq kimi qeyd olunan bu qövmün Qaf dağının arxasında yaşadığı və qiyamət günü ortaya çıxacağı vurğulanır. Boyları şaxtikan ağacından da kiçik olacaq və tüfənglərini həmin ağacın budaqlarından asacaqlar. Şifahi ənənədən yazıya alınmış mətnlərdə deyilir ki, bu qövm səhərdən axşama qədər dağın torpağını yeyib bu üzə keçməyə çalışır, amma səhər gəldikdə yedikləri hissənin yenidən birləşdiyini görürlər. Yalnız axır-zamanda həmin qövmün içindən bir nəfər deyəcək ki, Allah qoysa, sabah dağı dəlib keçərik. Ondan sonra onlar dağı dəlib bu üzə keçəcək və qabaqlarına çıxan hər şeyi yeyəcək, göllərin, dənizlərin suyunu içib qurudacaqlar.

Göründüyü kimi, şifahi ənənədən yazıya alınmış təsəvvürlər yazılı məhəzlərdəki mətnlərlə demək olar ki, üst-üstə düşür. Eyni mənbədən gəldikləri üçün onlar arasında ciddi fərq müşahidə olunmur. Hətta şifahi ənənədəki əciq-məciq kəlməsi yəcuc-məcuc sözünün xalq arasında təhrif olunmuş variantıdır. Dini səciyyə daşıyan bu mətnlərin əsas daşıyıcıları mollalar, dini şəxslərdir, onlar vasitəsi ilə həmin mətnlər xalq arasında yayılmış və dünyanın sonu, qiyamət haqqında söhbət düşdüyü zaman söylənilmişdir.