AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kosmoqonik miflər

Nümunənin reyestr kodu : FL0109020001

Bütün dünya xalqlarında olduğu kimi, Azərbaycan xalqının mifoloji sisteminin özəyini təşkil edən kosmoqonik miflərdə dünyanın, kainatın, onun ayrı-ayrı elementlərinin və insanın yaranmasından bəhs edilir. Kosmoqonik miflər bir qayda olaraq dünyanın yaradılışdan qa​baq​kı xaotik çağının mənzərəsini cızmaqla başlayır. Bu tip mətnlər ayrı-ayrı ənənələrdə müstəsna dərəcədə bir-birinə bənzər və yaxın olub, hətta biri digərinin təkrarı təsiri də bağışlayır. Bununla yanaşı, ayrı-ayrı xalqlarda yaradılış düşüncəsini əks etdirən kosmoqonik miflər tipoloji baxımdan nə qədər yaxınlığı ilə seçilsə belə, bütün hallarda milli mifoloji sistemin hər birinin özünəməxsus struk​tur-semantik özəlliyini ifadə edir.

Azərbaycan mifləri arasında əski türk kosmoqonik yaradılış aktını əks etdirən mətnlər çox azdır, mövcud mətnlər isə İslam dininin təsirinə məruz qalmışdı. Lakin türk mifologiyası ilə bağlı bir çox mətnlər, anlayış və motivlər sonrakı dövrlərə aid dünya dinlərinin hakim olduğu mərhələlərdə aradan çıxmamış, müəyyən dəyişikliyə uğrayaraq funksional-semantik strukturunu qoruyub saxlaya bilmişdi. Eləcə də əski türk kosmoqonik mifləri yeni dini-ideoloji mühitdə transformasiyaya uğrayaraq yaşamağa davam etmişdi. Bu mətnlərdə dünyanın sudan yaradılması fikri hakimdir. Lakin bu da türk kosmoqonik mifinin ən qədim və arxaik şəkli olmayıb, daha qədim bir modelin transformasiyası kimi qəbul edilməlidir. Daha arxaik kosmoloji təsəvvürlərdə bütünlükdə kainat tanrı olaraq dərk edilmiş və tanrı dünyanı yaradan zaman öz bədən üzvlərindən və onların funksiyasından istifadə etmişdi. Bu arxaik model çox qədim dövrlərdə transformasiyaya uğrayaraq dünyanın bir yaradıcı tərəfindən sudan yaradılması şəklini almış, orta əsrlərdə isə müxtəlif dünya dinlərini qəbul edən türk xalqları arasında bu dinlərin terminləri və başlıca anlayışları ilə ifadə edilməyə başlamışdı.

Azərbaycan mifoloji mətnlərində dünyanın yaradılması müəyyən nizam üzrə baş verir; başlanğıcda xaos var, sonra ən önəmli addım atılaraq yer yaradılır və eyni zamanda yerin göydən ayrılması baş verir, daha sonra Gün, Ay, ulduzlar, ondan sonra isə zaman, bit​kilər, digər canlılar və s. meydana gəlir. Yəni kosmo​qonik miflərdə dünyanın yaranması başlıca ikili qarşıdurmaların ardıcıl surətdə yerləşdirilməsinin nəticəsidir.

Mifoloji sistemlərin çoxunda göylə sular aləminin başlan​ğıcda eyniyyət təşkil etməsi fikri hakim olmuşdu. Yerin sular aləmindən, göyün isə yerdən aralanması nəticəsində yeraltı dünya, Yer üzü və göy olmaqla üçlü dünya yaranmış, Tanrı və mədəni qəhrəmanların həmin dünyalardakı fəaliyyəti nəticəsində isə dünya nizama salınmışdı.

Kosmoqonik miflərin bir hissəsini dünyanın sonu haqqında təsəvvürlərlə bağlı esxatoloji miflər təşkil edir. Mifoloji düşüncədə yaradılış aktı zaman və mə​kan sərhədləri olan, həyatın axarında dövr edən, vaxtaşırı təkrarlanan hadisədir. Bu mənada kosmoloji modelin başlanğıc anını kosmoqonik miflər əks etdirirsə, dünyanın sonu ilə bağlı düşüncə​lərin təsvirini də məhz esxatoloji miflər verir. Beləcə, həm kosmoqonik, həm də es​xatoloji miflər vahid kosmoloji model ətrafında birləşmiş olur. Esxatoloji miflərin yaranış və təqvim mifləri ilə müqayisədə çox-çox sonrakı dövrlərdə meydana gəldiyi ehtimal olunur.

Esxatoloji miflərdə tufanın qopması, Yer üzünü su alaraq bütün canlıları məhv etməsi, kainatın xaosa çevrilməsi, bütün varlığın cəhənnəm şəklində bərqərar olması kimi qlobal hadisələr əksini tapır. Esxatoloji qəzalar, əsasən, Yer üzündə əxlaq və hüquq normalarının pozulmasından, insanların dəhşətli cinayətlərindən, təbiətə qarşı amansız rəftarından, ekoloji bəlalardan və ədalətsizliyin baş alıb getməsindən törəyir.

Beləliklə, dünyanın kosmoloji modelinin təsvirini verən, yaradılışla bağlı əski görüşlərin ifadəçisinə çevrilmiş Azərbaycan kosmoqonik mif mətn​lərinin də başlıca məzmununu nizamlayıcı kosmik başlan​ğıcla dağıdıcı xaotik başlanğıcın mübarizəsi, aləmlərin yaradıl​ması, təbiət obyektlərinin meydana gətirilməsi və başqa aktlar təşkil edir.