Zopu-zopu
Nümunənin reyestr kodu : FM0401010002
Oyun xarakterli yallı nümunəsidir. İştirakçılardan güc və cəldlik tələb etdiyindən oğlanlar arasında oynanılmışdır. Bu oyun vaxtilə Azərbaycanın Gədəbəy, Gəncə, Qazax, İrəvan, Qəbələ, Şəki, Qubadlı kimi müxtəlif bölgələrində oynanılıb. Hazırda oyunun əhatə dairəsi xeyli daralmış, yalnız müəyyən folklor kollektivlərinin ifasında qorunub saxlanmışdır.
Şifahi ənənəli digər xalq rəqslərində olduğu kimi bu rəqsin adı da bölgədən bölgəyə fərqlənir. Qədim xalq rəqslərinin tədqiqatçısı Kamal Həsənovun yazdığına görə, bu rəqs Lənkəranda “Zupa”, respublikanın şimalında, o cümlədən Şəkidə “Zopı-zopı” adı altında oynanılmışdır. Qubadlı rayonunda isə bu oyun “Zopugetmə” adı ilə tanınmışdır.
“Zopu-zopu” oyunu toylardan əlavə, bayramlarda, el şənliklərində də oynanılıb. Qubadlı rayonunda Novruz qabağı oynanılan “Şahbəzəmə” oyununda şahın verdiyi cəzalardan biri zopu getmək idi. Şahın cəzalandırdığı adamlar qara zurnanın sədaları altında zopu gedərdi. Bir nəfər qabağa düşər, əlində şümal tut çubuğu tutardı. Qıraqda da on, iyirmi dənə ehtiyat çubuq saxlayardılar. On beş, iyirmi cavan zopu çəkənin başına yığılardı. Dəstəni çəkən oynayar, zopubaşı qəfildən cibindən bir şey çıxardardı. Kim həmin əşyadan tapıb çıxardardısa, canını qurtarardı, yoxsa zopubaşı əlindəki çubuqla onları vurardı. Yaxud, yer qazıb ora su tökərdilər, dəstə üzvləri o suyu dilləri ilə yalamalıydılar. Yalamayan şəxsi zopubaşı çubuqla vurardı.
“Zopu-zopu” oyunu on-on beş nəfərdən ibarət cavan oğlanlar tərəfindən oynanılırdı. Oyunun maraqlı keçməsi yallıbaşıdan asılı idi. Onun əlində söyüd ağacından düzəldilmiş şiv (nazik, uzun çubuq) olurdu. Sevinc Bağdadovanın Qubadlı toylarından bəhs edən məqaləsində qeyd olunur ki, rəqs zamanı yallıbaşı cavanların gücünü, hazırcavablığını, diqqətini yoxlamaq məqsədi ilə müxtəlif hərəkətlər edirdi. Gözlənilmədən əks istiqamətə hərəkət edirdi. Dəstə üzvləri də həmin anda o istiqamətə dönməli idilər. Əgər kimsə həmin hərəkəti dəqiqliyi ilə yerinə yetirə bilmirdisə, yallıbaşı çubuqla vurub onu oyundan çıxarır, yerinə başqası girirdi. Yaxud yallıbaşı cibindən bir əşya – daraq, yaylıq və s. çıxarır, dəstə üzvləri üstlərində olmasa da, kənardan, tamaşaçılardan kömək alaraq həmin əşyadan əldə etməyə çalışırdılar. Yallıbaşı qucağına oğlan uşağı alırdısa, dəstə üzvləri də qucaqlarına oğlan uşağı almalı idilər. Yallıdakı maraqlı hərəkətlərdən biri toyxananın (mağar) ortasında çala qazmaqla icra olunurdu. Çalaya su töküb qarışdırılır. Rəqs zamanı oyunçular bir-bir başını çalaya yaxınlaşdırıb tez də geri çəkməlidirlər. Gecikən adamın başı palçıqlı suya salınırdı. Yallıbaşı hamıya eyni zamanda cəza vermək üçün bəzən əlinə sərçə, yumurta kimi ağıla gəlməyən şeylər alırdı, həmin əşyadan əldə etmək isə dəstə üzvlərinin məharətinə qalırdı.
Bu şəkildə oyun iki saata yaxın davam edirdi. Yallının sonunda dəstə üzvləri əvvəlki düzümlərini alırdılar. Yallıbaşı rəqs edə-edə cibindən pul çıxardır, oyunçulardan da eyni miqdarda pul alıb çalğıçılara xələt verirdi.
Keçmişdə toyların maraqlı keçməsi yallılardan asılı idi. Hansı toyda yallı olurdusa, həmin toy daha maraqlı keçirdi.