AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zorxana oyunları

Nümunənin reyestr kodu : FO0105000001

Dünya idman tarixinin ən nadir hadisələrindən olan zorxanalar orta əsrlərdə Səfəvilər dövründə yaranaraq, Azərbaycan, İran və İraq ərazisində geniş yayılmışdı. Zorxanalar bədən tərbiyəsi ilə məşğul olmaq üçün tikilmiş xüsusi idman evləri idi. Azərbaycanın bir çox şəhərlərində yerləşən bu tikililər ortasında kiçik gümbəzi olan tavanlı məscidi, hamam və ya türbəni xatırladırdı. Binanın ortasında 200-300 nəfərlik tamaşaçı yeri ilə əhatə olunan və eyni vaxtda 15-20 idmançı tutan dərin oyun meydançası yerləşirdi. Qovud və ya süfrə adlanan bu meydança müasir sirk arenasına bənzəyirdi. Planda səkkizbucaq və ya kvadratşəkilli, ölçüsü 10x10 metr, dərinliyi təqribən 1 metr olan bu meydançanın döşəməsi tikanlı otlarla doldurulur, üstü palçıqlanırdı. Binanın iç divarlarını müxtəlif rəsmlər bəzəyirdi. Tavan və divarlardan asqı adlanan parça, pərdə, ipək lentlər, xalça, çılçıraq, dəvəquşu tükü və yumurtası, tirməşal, quzu dərisi kimi bəzəklər asılardı.

Azərbaycan mədəniyyət tarixinin unudulmaz abidələrindən olan zorxana sənətində tamaşa, musiqi və əyləncə ünsürləri həddən artıq zəngin və qabarıq olduğundan, oradakı idman və yarış cəhətlərini üstələmiş, arxa planda qoymuşdu. Elə bu səbəbdən tarix boyu zorxana oyunları el tamaşalarımızın bir növü kimi qəbul olunmuşdur. Ənənəvi sayı doqquza çatan, musiqi və oxuma ilə müşayiət olunan həmin oyunları iki yerə bölmək olar. Ən əvvəl rəqsvari, şux ovqatlı müxtəlif idman məşğələləridir ki, bunlar irəlidəki oyun və yarışlara bir növ hazırlıq, müqəddimə olmuşdur. İkinci, cürbəcür idman alətləri ilə oynanılan oyunlar və güləşmə yarışıdır.

Səfəvilər dövründə Azərbaycanda yaşamış Mirnəcat özünün “Güli-küşti” adlı mənzum əsərində zorxana oyunları haqqında köklü məlumat vermişdir. Yarışlara uca kürsüdə oturub, qumrov adlanan saçaqlı zınqırovu cingildədərək yarış və oyunları idarə edən yaşlı sənətkar – mürşid rəhbərlik edirdi, zorxana oyununun əsas fiquru isə ən təcrübəli pəhləvan olan miyandar idi. O, həm hakim, həm təlimatçı, həm də meydan qızışdıran kimi çıxış edirdi. Zorxana oyunları adətən mil oyunu ilə başlayırdı. Mil oyununun iştirakçısı xalq arasında "milbaz", "toxmaqoynadan", "zopuoynadan" da adlandırılırdı. Oyunda milbazlar dairə şəklində ayaq üstə duraraq, milləri iki əlinə alır, təbilin ahənginə uyğun sağ əlindəkiləri yuxarı qaldırır, sol əlindəkiləri aşağı salırdılar. Yaxud hər iki mili başı üstündə tutub, hərlədir və ya bir mili tək əli ilə yuxarı atır, yerə endikdə isə dəstəyindən tuturdular. Bu hərəkətlər nağaranın ritmləri ilə getdikcə artan tempdə müşayiət olunurdu. Bunun ardınca oyun yekba, kəbbadə, sino, səngqaldırma güləş oyunları ilə davam etdirilirdi.

Zorxana pəhləvanları buzov dərisindən tikilmiş kisbət adlanan dar tuman geyərdilər. Kisbət arxadan beldə oturduğu halda, öndən göbək altında dururdu. Nazik dəri ipliklər ilə həm beldən, həm diz çanaqları altında sıx bağlanır, ön tərəfinə bəzəkli tikmələr salınırdı. Yağlıgüləş zamanı isə pəhləvanın gövdəsi ilə birlikdə tumanın da üz tərəfi yağlanır və heç vaxt yuyulmayaraq xüsusi zənbildə saxlanırdı. Zorxana idmançılarının qurşağa sarıyıb ayaqlarının arasından keçirdikləri parça ləng və ya təkaltı adlanırdı. Küşti iştirakçıları tünükə adlanan, çox qalın, davamlı parçadan tikilərək gödək şalvara bənzəyən dizlik-tuman geyərdilər. Bunun da üzəri tikmələrlə bəzənir, bəzi hissələri isə incə dəri və ya meşindən tikilirdi. Geyimin lifəsinin uclarında keçi tükündən əyrilib qızılı və gümüşü güləbətin sapından toxunmuş qotazları olan tumanbağısı da olurdu. Pəhləvanın gövdəsi və dizdən aşağı hissəsi açıq qalır, çox zaman ənənəvi olaraq bellərinə küsti adlanan kəndir bağlayırdılar.

XX əsrin əvvələrindən zorxanalar tədricən aradan çıxsa da, zorxana elementləri incəsənətdə, xalq sənətinin genetik yaddaşında yaşayırdı. 1944-cü ildə Azərbaycanda yaradılan səyyar sirkin direktoru və bədii rəhbəri, məşhur pəhləvan Rəşid Yusifov ətrafına güclü və bacarıqlı pəhləvanlar dəstəsi toplayaraq, “Zorxana” adlanan proqramla respublikanın rayonlarında çıxış etmişdir. 1946-ci ildə yaradılmış Azərbaycan Milli Sirk Kollektivinin tamaşasında üçüncü hissə “Zorxana” adlanır, məşhur pəhləvan Sali Süleymanın rəhbərliyi ilə böyük pəhləvanlar qrupu bu sənətin incəliklərini tamaşaçılara təqdim etmişlər. Milli sirk kollektivində məşhur miyandar Şonu Abdullanın nəvəsi Qasım Abdullayev həm də zorxana sənətinin mükəmməl bilicilərindən sayılmışdır.

Müstəqillik illərindən başlayaraq, qədim zorxana sənəti ölkəmizdə daha geniş təbliğ edilir, zorxana idman növü ilə məşğul olan gənclərimiz beynəlxalq yarışlarda uğurla çıxış edirlər.