AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zərgərlik

Nümunənin reyestr kodu : ST0704000001

Azərbaycanda antik və orta əsr abidələrindən tapılmış geniş çeşiddə qızıl və gümüş məmulatı – üzük, sırğa, alınlıq, birçək asmaları, boyunbağı, zəncirə, telbasan, bilərzik, toqqa və libas bəzəkləri burada zərgərliyin texniki cəhətdən yüksək inkişaf səviyyəsinə çatdığını göstərir. Zərgərlik sənəti təkcə qızıl və gümüş məmulatı istehsalını deyil, habelə qiymətli daşların, başqa sözlə, ləl-cəvahiratın (mirvari, zümrüd, firuzə, yaqut, ləl, əqiq, almaz, brilyant və s.) işlənmə texnikasını da əhatə edir.

Zinət əşyaları istehsalının mühüm texnoloji tələblərindən biri xammalın başqa metallarla (mis, gümüş) qatışıq tərkibdə işlənməsindən ibarətdir. Qiymətli metalların istehsal prosesi üçün zəruri yumşaqlıq və elastiklik məhz bu yolla tənzimlənir. Az miqdarda qatışığı olan qızıl və ya gümüş ərintisinin sərtliyi və kövrəkliyi azaldığından döyülərkən yaxşı yayılır, ovulub dağılmır, üzərində işləyən zaman sınıb korlanmır. Ərintidə xalis qızıl və ya gümü​şün miqdarı tələb olunan həddən aşağı düşdükdə xammal istehsal əhəmiyyətini saxlasa da, dəfinə dəyərini itirir. Ona görə də qızıl və gümüş ərintisinin keyfiyyətinin saxlan​ması zərgərliyin başlıca şərtinə çevrilmişdi. Ərintinin tərkibində xalis qızıl və ya gümüşün miq​darını müəyyən etmək məqsədilə tarixən xüsusi ölçü vahidi – əyar sistemi yaranmışdı. Qızıl və gümüşün rəsmi surətdə qəbul olunmuş əyarı məhək daşı vasitəsilə müəyyənləşdirilir.

Orta əsrlərdə, o cümlədən XVI-XVII əsrlərdə metaldan düzəldilmiş bədii sənət nümunələrinin bir qolunu zinət işləri təşkil edir. Qiymətli metallardan düzəldilmiş bu əşyalar gəzdirilməsi və taxılmasına görə 4 hissəyə bölünür: 1) boyun bəzəkləri; 2) qol və barmaq bəzəkləri; 3) baş bəzəkləri; 4) libaslara bənd olunan bəzəklər.

“Dingə” (Qazax), “cıqqa” (Gəncə, Muğan) və s. adlarla tanınan tac zəmanəmizə gəlib çatmış baş bəzəklərinin ən arxaik növü hesab olunur. Boyun bəzəkləri metal (əsasən, qızıl) və qiymətli daşlardan (inci, mərcan, mirvari, kəhrəba və s.) olmaqla iki növdə düzəldilir. Qol, bilək və barmaq bəzəkləri tətbiq məqamına görə çox yaxın olsa da, tipoloji cəhətdən bir-birindən xeyli fərqlənir. Ləl-cəvahiratla bəzədilmiş qızıl və ya gümüşdən hazırlanan bazubənd, əsasən, kişi zinəti kimi məhdud dairədə işlənir. Bunun müqabilin​də qadın zinəti kimi qolbaq (bilərzik) və üzük daha kütləvi səciyyə daşıyır. Geyim (yaxa, bel) bəzəklərinin cüzi bir qismi, xüsusilə xalis cəvahiratdan (mirvari və inci düzümlərindən) ibarət yaxalıqlar asma, xeyli hissəsi (əşrəfi, bacaqlı, imperial, çervon yaxalıqlar, zəbərcəd sinəbənd, yaxagülü, pilək, həbbə, əmbərcə, qoza düymə, məlilə və ya sərmə) isə bəndləmə zinətlər qrupuna daxildir.

Dəmirçilik və misgərliyə nisbətən zərgərlik sənəti daha çox şəhərlərdə inkişaf etmiş, əsas zərgərlik mərkəzləri Bakı, Gəncə, Şamaxı, Şəki və Şuşa olmuşdu. Orta əsrlərdə olduğu kimi, XIX əsrdə də zərgər dükanları çox vaxt ayrıca təşkil edilirdi. Sürətlə böyüyən kapitalist Bakısı XIX əsrin sonralarında zərgərliyin ən böyük mərkəzinə çevrilmişdi.

Qızıl məmulatının hazırlanmasında işlənən əmək alətləri (zərgər kürəsi, körük, zindan, məngənə, çəkic, kəlbətin, həddə, simkeş, qələm, biz, sümbə, bıçaq, matqab, buta, hövnə, yeyə, sürtgəc, maqqaş, məhək daşı, zərrəbin və s.) və istehsal prosesləri (əritmə, döymə, zolaqlama, hədələmə, burma, eşmə, oyma, cızma, taraşlama, lehimləmə və b.) müştərək səciyyə daşımaqla, eynilə gümüşbəndlik sənətində tətbiq edilmişdi.

Zinətin bədii formasını və dekorativ bəzək məziyyətini gücləndirmək məqsədilə bir sıra texniki üsullar tətbiq olunur. Zinət ustaları iş prosesində həm yekcins metal (qızıl və ya gümüş), həm də cəvahiratdan (ləl, yaqut, firuzə, inci, brilyant, əqiq və s.) ibarət müxtəlif materialların qatışığından istifadə etdiklərindən həmin üsulların, demək olar ki, hamısına mükəmməl bələddirlər. Bu və ya digər zinət növünün hazırlanması prosesində həndəsi, nəbati, zoomorf və astral motivli naxış ünsürləri tətbiq edilir.

Azərbaycanda zinətlər 7 texniki üsulla (döymə, basma, qarasavad, şəbəkəçilik, xatəmkarlıq, gümüşkarlıq və minasazlıq) bəzədilir. Basma üsulu daha çox kəmər, düymə, qolbaq və s. düzəldilməsində işlədilir. Qarasavad üsulu ilə daha çox zinətlər (kəmər, bilərzik, sinəbənd, çarpaz, vəzn və s.) və silahlar (qılınc, xəncər, tapança və s.) bəzənir.