AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Umbay

Umbay Sadıq oğlu Axundov 1940-cı il martın 21-də Laçın rayonunun Qarakeçdi kəndində anadan olub. 1946-cı ildə Qarakeçdi kənd yeddiillik məktəbində birinci sinfə gedib, 1953-cü ildə həmin məktəbi bitirib. Sonra təhsilini Minkənd orta məktəbində davam etdirib və 1960-cı ildə həmin məktəbi bitirib.

1960-cı ildə Şuşa Kənd Təsərrüfatı texnikumunun baytarlıq fakültəsinə daxil olan Umbay Axundov 1964-cü ildə burada təhsilini başa vurub, 1968-ci ildə isə Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1974-cü ildə ali təhsilini başa vurub.

Gənc yaşlarından aşıq sənətinə böyük maraq göstərən Umbay Axundov iki il aşıq Mais Gəncəlidən bu sənətin sirlərini öyrənib. 1971-ci ildə Gəncədə keçirilən rayonlararası aşıq festivalında I yerə layiq görülüb. 1976-cı ildə Ümumittifaq festivalının laureatı olub, qızıl medala layiq görülüb. Azərbaycan aşıqlarının 1984-cü ildə keçirilən IV və 2008-ci ildə keçirilən V qurultaylarının iştirakçısı olub. 1987-ci ildə şəyirdi Ədalət Axundovla birlikdə dövlət televiziyasında “Şah İsmayıl və Gülzar” dastanını söyləyib. 1989-cu ildə böyük tirajla ifalarından ibarət qramafon valı buraxılıb. Elə həmin ildən Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.

Aşıq Umbay Axundov bədii yaradıcılıqla da məşğul olur. “Laçında dillənən saz” adlı şeirlər kitabı 1992-ci ildə Zəlimxan Yaqubun redaktorluğu ilə “Yazıçı” nəşriyyatında nəşr olunub.

Anadan olmasının 70 illik yubileyi yüksək səviyyədə qeyd olunub və Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və pul mükafatına layiq görülüb. 2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Əlaqəli nümunələr

Günün nümunəsi

Yanıltmaclar

Azərbaycan uşaq folklorunun janr sistemində mühüm yer tutan yanıltmacların əsas əlaməti uşaq nitqinin inkişaf etdirilməsi üçün seçilmiş xüsusi tip oxşar səs və sözlərin, cümlələrin alliterasiya vasitəsilə bir ahəng, ritm əmələ gətirməsi və bunların düzgün tələffüzüdür. Söz oyunlarında ən çox işlənən yanıltmaclar uşaqların düzgün tələffüz vərdişinə yiyələnməsində, səlis danışmağa alışma...

Ətraflı