AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şah İsmayıl

Nümunənin reyestr kodu : FL0104020008

“Şah İsmayıl” dastanı Azərbaycan xalqının bədii, estetik və fəlsəfi düşüncəsinin ən parlaq nümunələrindən biri sayılır. Dastan quruluş etibarilə üç hissəyə ayrılır. Giriş və ya başlanğıc hissə – bura ustadnamə daxildir. Mətn hissəsi və ya süjet, motiv, obraz əlaqə​lərinə söykə​nən orta hissə və duvaqqapmanın daxil olduğu son hissə. “Şah İsmayıl” dastanında bu struktur elementlərinin hamısı bütünlükdə iştirak edir və müxtəlif komponent​lərlə səciyyələnir. Nəzm hissəyə rövnəq verən qoşma və gəraylılar isə obrazların daxili aləmlərinin açılmasında böyük rol oynayır.

Dastanda qəhrəmanın sevgisi uğrunda apardığı mübarizədən bəhs olunur. Əsas süjet yaradıcı obraz Şah İsmayıldır. Sevgi adlı nəcib hissin cazibəsini ilk dəfə dadan Şah İsmayıl, bütün gənclik ehtirası ilə sevgisinə təslim olur və Gülza​rı​na qovuşacağı günü səbirsizliklə gözləyir. O, öz yüksək sevgisi uğrunda mübarizə aparmaqdan usanmır. Onun sevgisi sərhədsiz, coşğun və tükənməzdir. Sevgisinə qovuşmaq üçün çıxdığı səfərdə qarşılaşdığı xanımlar da onu sevgisindən döndərə bilmir. Öz əzmi və gücü hesabına o, Gülzarına qovuşur.

“Şah İsmayıl” dastanının folklor mühitində Şamaxı, Tovuz, Təbriz, Sadaxlı, İrəvan, Quba, Qazax variantları mövcuddur. Dastan ilk dəfə 1847-ci ildə daşbas​ma şəklində nəşr edilmişdir. XIX-XX əsrin əvvəllərində Azərbaycan folklorunun dərc olunduğu ən sanballı mənbələrdən biri olan SMOMPK məcmuəsinin III və VII bura​xılışlarında dastanın başqa bir variantı nəşr olunmuşdur.

Görkəmli folklorşünas H.Əlizadə “Şah İsmayıl” dastanının nəşri tarixində bö​yük rol oynayaraq, bu dastanı itib-batmaq təhlükəsindən xilas etmişdir. Dastanın dilimizdəki ilk nəşri ona məxsusdur. O, tovuzlu Aşıq Mirzədən topladığı həmin variantı 1929-cu ildə “Azərbaycan el ədəbiyyatı”, 1937-ci ildə isə “Dastanlar və nağıllar” kitabında nəşr etmişdir. 1937-ci ildə Ərtoğrul Cavidin rəhbərlik etdiyi ekspedisiya zamanı Hüseyn İsgəndərov tovuzlu Nağı İmamverdiyevdən dastanın başqa bir variantını toplamışdı. Bundan əlavə, dastanın Əhliman Axundov, Bəhlul Abdullayev, Ayaz Vəfalı, həmçinin AMEA Folklor İnstitutu tərəfindən toplanaraq nəşr edilmiş variantları da məlumdur.

Das​tanın yaranması təqribən XVI-XVII əsrlərə düşür. Təbrizdən başlanğıc götürən dastan sevilmiş və çox böyük bir coğrafi əraziyə yayılmışdır. Türkiyə folklor məkanında 1855-ci ildən nəşr olunmağa başlayan das​tanın Əbül Qasım Firdovsi, Süleyman Tevfik Özdoroğlu, Məhərrəm Zəki Kor​qunal, Danış Rəmzi Korok, Səlami Münir Yurdatap, Ərgün Sav, Rəzzan Güney, Pertev Naili Boratav kimi naşir və tədqiqatçıları olub.

Dastana Avropa da biganə qalmamışdır. 1911-ci illərdə Afina və Odessada, 1924-cü ildə yenidən Afinada, 1963-cü ildə Sofiyada, 1966-cı ildə Vladimir Zayaçovski tərəfindən Bolqarıstanda, M.Hafiz tərəfindən Yuqoslaviyada geniş oxucu kütləsinə təqdim edilmişdir. İ.Kunoş 1892-ci ildə dastanı alman dilinə tərcümə edərək Almaniyada çap etmişdir. Kunoşdan 36 il sonra Hans Fişer elmi təhlillərlə birlikdə dastanı yenidən tərcümə edərək geniş ictimaiyyətə çatdırmışdır. Dastanın Avropada bu qədər maraq doğurması onun məzmunu, mükəmməlliyi, ciddi poetik sisteminin olması ilə bağlıdır.