AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Folklor

Nümunənin reyestr kodu : F00000000001

Azərbaycan folkloru etnik mədəniyyətimizin ayrılmaz parçası, xalqın düşüncəsinin, ətraf aləmə baxışının, fəlsəfəsinin, dini təsəvvürlərinin məcmusu və şifahi tarixidir. Regionun keçmişi, tarixi şəxsiyyətləri, onların taleyi, fəaliyyəti, bölgənin etnoqrafiyası, coğrafi​yası, dili, məişəti folklorda öz əksini tapır. Ona görə də bir xalqı öyrənməyin ən yaxşı yolu onun folklorunu bilməkdir. Məhz bu xüsusiyyətinə görə nəhəng imperiyalar belə folklordan, bu sahəni araşdıran tədqiqatçılardan çəkinmiş, xalqın gözünü açacağından, özünəqayıdışı gücləndirəcəyindən ehtiyat edərək folklorun toplanmasına laqeyd münasibət bəsləmiş, bu sahə ilə məşğul olan tədqiqatçıları təqib etmişdi. Buna baxmayaraq, Azərbaycan xalqı folklorunu unutmamış, öz mədəniyyətinə, adət-ənənəsinə sahib çıxaraq onu yaşatmış, günümüzə gətirib çıxarmışdı.

Azərbaycan fokloru təkcə tarixinin qədimliyi, mifoloji təsəvvürlərin zənginliyi ilə seçilməmiş, həmçinin bir çox sənət sahələrinin kökündə durmuş, onların təşəkkülündə iştirak etmişdi. Azərbaycan yazılı ədəbiyyatı, teatrı, meydan tamaşaları kimi bir çox sənət sahələrinin məhz şifahi qaynaqlar əsasında təşəkkül tapıb inkişaf etdiyi aparılan araşdırmalarda da təsdiqini tapmışdı.

Azərbaycan folkloru geniş bir anlayışdır və şifahi söz sənətindən tutmuş xalq musiqisini, xalq oyun mədəniyyətini, bir sözlə, ənənəvi mədəniyyətin bir çox sahələrini əhatə edir. Folklor janrları arxaik, klassik və müasir olmaqla üç yerə bölünür. Arxaik folklor qədim mifologiya, şamanizm dini təsəvvürləri əsasında təşəkkül tapır, klassik folklor isə qəbilə münasibətlərinin, tayfa birliklərinin dağıldığı, dövlət şüurunun yarandığı və ilk dövlətlərin meydana gəldiyi şəraitdə inkişaf edir. Arxaik folklorun təyinedici əlaməti onun poetikası, mətnin strukturu ilə deyil, reallaşdığı mərasim, işləndiyi kontekstlə müəyyən olunur. And, alqış və qarğış, mərasim nəğmələri və digər janrlarda bu xüsusiyyət indi də qalmaqdadır. Klassik folklor isə ritual-mifoloji kontekstdən ayrılaraq daha çox söz sənətinin qanunları ilə inkişaf edir. Bura nağıllar, əfsanə və rəvayətlər, lətifələr, dastanlar və digər folklor janrları daxildir. Müasir folklora isə urbanizasiyanın genişlənməsi, texnologiyanın inkişafı ilə əlaqədar yaranan yeni nümunələr daxildir.

Azərbaycan folklorunun elmi şəkildə toplanmasına XIX əsrin ikinci yarısından başlansa da, həmin dövrədək tərtib olunmuş bir çox cünglərdə (toplularda) folklor örnəklərinə rast gəlmək mümkündür. Hətta XVI əsrdə yazıya alındığı ehtimal olunan “Kitabi-Dədə Qorqud” dastanı da ilk yazıya alınmış folklor nümunəsi hesab olunur. Sovet hakimiyyətinin qurulduğu ilk illərdə Azərbaycan folklorşünaslarının böyük əksəriyyəti repressiya qurbanına çevrilmiş və ya rejimin təqiblərindən xilas olmaq üçün mühacirət etmək məcbriyyətində qalmışlar. Bu da həmin sahədə müəyyən boş​luğun yaranmasına, folklorun toplanması və tədqiqinin zəifləməsinə gətirib çıxarmışdı.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mədəniyyətə qayıdış xalqın öz folklorunu, milli mədəniyyətini öyrənməsinə marağını daha da gücləndirmiş və bunun nəticəsində yazıya alınmış folklor örnəklərinin sayı dəfələrlə artmışdı. Həmçinin dini nağıllar, tayfa və nəsillərin keçmişi, tarixi haqqında rəvayətlər, 1905-ci ildə, eləcə də 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər haqqında xatirələr, bunun kimi bir çox nümunələr müstəqillik qazandıqdan sonra toplanmağa başlanmışdı. Həmin nümunələr sayəsində Azərbaycan folkloru yeni süjet və variantlarla xeyli zənginləşmiş, gələcək tədqiqatlar üçün zəngin material əldə edilmişdi.