AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Vücudnamə

Nümunənin reyestr kodu : FL0202110001

Təkcə Azərbaycan aşıq yaradıcılığında yox, həm də bir çox türk xalqlarının şifahi və yazılı ədəbiyyatında rast gəlinən vücudnamə insanın ömür yolundan bəhs edən qədim janrdır. Bu janr müxtəlif türk xalqlarında fərqli adlarla tanınır: yoşnoma (özbək), sənənamə (türkmən), yaşnamə, yaş dastanı, həyat dastanı, yaş türküsü (Türkiyə, Kıbrıs, Balkan türkləri), vücudnamə (Azərbaycan) və s. Azərbaycan ədəbiyyatşünas​lı​ğın​da sadəcə aşıq yaradıcılığına aid ədəbi örnəklər kimi öyrənilən vücudnamələrin türk xalqları ədəbiyyatında tarixi poetikasına nəzər saldıqda, strukturca daha rəngarəng olduğunu görürük.

Vücudnamələrin başlanğıc və təkamülü aşıq poeziyasından daha əvvələ – şifahi xalq təfəkkürünü əks etdirən örnəklərə, Orxon abidələrinə, “Qutadqu-bilik”, “Divani-hikmət” kimi klassik əsərlərə, bəzi məsnəvilərə, həmçinin orta əsr türk təsəvvüf ədəbiyyatının xüsusi janrlarından olan “Vücudnamə” adlı əsərlərə gedib çıxır.

Vücudnamələr məzmununa görə aşağıdakı qruplara ayrılır:

1. Ümumi olaraq insan ömrü ilə bağlı vücudnamələr;

2. Qız və qadınların ömrünü əks etdirən vücudnamələr;

3. Avtobioqrafik vücudnamələr;

4. Ömrün mövsümlərə bənzədilməsi ilə bağlı vücudnamələr.

Aşıq poeziyasında bir çox şeir şəkilləri vardır ki, sufilikdən gələn fəlsəfi-estetik axarın təsiri altında tədrici təkamül prosesi keçərək biçimlənmişdi. Bu şeir şəkillərinin sufiliyin rəmzi-irfani sistemi ilə bağlılığı təkcə şeirin məzmununda, misra və bəndlərində deyil, həm də şeir şəklinin adında özünü göstərir. Belə şeir şəkillərindən biri vücudnamələrdir. Vücudnamələrdə bəndənin dünyaya gəlişi və tanrıya qovuşana qədərki ömür yolu müəyyən mərhələlər üzrə, tarixi ardıcıllıqla təsvir olunur. Şeir bəndənin tanrıya qovuşması – vücuda çatması, onunla vəhdətə girməsi ilə başa çatır və bu səbəbdən də vücudnamə adlanır. Vücudnamələrdə olduğu kimi, aşıq yaradıcılığına məxsus qıfılbənd və müəmmaların, bağlama və deyişmələrin də əsasında sufilikdən gələn fəlsəfi-estetik baxışlar durur. Aşıq sənəti ağız ədəbiyyatının həmin hazır qəliblərini müəyyən dəyişmələr və yeniləşmələrlə özünküləşdirərək həm ifaçılıq, həm də yaradıcılıq materialına çevirmişdi. Bu zaman janrın qaynağını təşkil edən gerçəklik ünsürləri arxa plana keçmiş və onların yerini sufilikdən gələn rəmzi əlamətlər almışdı.

Vücudnamələr həm kollektiv və fərdi təfəkkürün insan ömrünə, müxtəlif yaş dövrlərinə olan münasibətinin, həm də insanın yaradılması və maddi dünyadan ayrılacağı gündən sonrakı vəziyyətini əks etdirən təsəvvüfi risalələrin (Qayğısız Abdal “Vücudnamə” və s.) sintezi şəklində ortaya çıxır. Aşıq şeirinin bütün şəkillərində yarana bilən bu nümunələr bəndlərinin sayının çoxluğu ilə diqqəti cəlb edir. Məsələn, Aşıq Valehin “Əsli-binadan vəsfimi söyləyim” misralı vücudnaməsi 36 bənddən ibarətdir. Bu şerin ən gözəl nümunələrinə Abbas Tufarqanlının, Aşıq Valehin, Xaltanlı Tağının, Molla Cümənin, Məlikballı Qurbanın yaradıcılığında rast gəlinir.

Yazılı ədəbiyyatda vücudnamələrin başlanğıc tarixi “Orxon” abidələrindən başlanır. İlk dəfə bu abidələrdə qəhrəmanın ömrünün müxtəlif mərhələlərində göstərdiyi hünərdən bəhs olunur. Orxon abidələrindən sonra Yusif xas Hacib, Əhməd Yəsəvi, Bədri-Dilşad kimi klassiklər öz əsərlərində vücudnamələrə müraciət etmişlər. Oğuz, qıpçaq, karluq və bulqar türklərinin arxaik dastan mətnlərində də qəhrəmanın boya-başa çatması mərhələsində tez-tez vücudnamələrə müraciət edilir. Aşıq yaradıcılığında xüsusi inkişaf yolu keçən vücudnamə müasir dövrdə də insanın yaş fəlsəfəsini əks etdirən şeirlər kimi diqqəti cəlb edir. Azərbaycan, qumuq, türkmən, türk, Balkan türkü, özbək, qazax, qırğız, uyğur, başqırd kimi türk xalqlarının vücudnamələri ümumi məzmun və forma xüsusiyyətlərinə malik olduğu kimi, spesifik özəllikləri ilə də seçilir.