AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Divani

Nümunənin reyestr kodu : FL0202030001

Azərbaycan aşıq yaradıcılığında sadə ölçü və quruluşa malik olan divani geniş yayılmış aşıq şeir şəkillərindən biridir. Sözün kökündə “toplanan yer” anlamına gələn “divan” sözü dayanır. Divan həm keçmiş zamanlarda mübahisələri həll etmək, davalara baxmaq üçün toplanan məclisə, həm də Şərq ölkələrində bir şairin əsərlərinin məcmusuna verilən addır. Şeir öz adını klassik ədəbiyyatdan alsa da, klassik nümunələr arasında belə şeir şəklinə rast gəlinmir. Orta əsr divan ədəbiyyatına aid şeir formaları – münacat, nət, qəzəl, qəsidə, müxəmməs, qitə, rübai və s. arasında divani şeir şəkli yoxdur. Bu faktın özü divaninin klassik ədəbiyyata məxsus şeir şəkli olmadığını, aşıq repertuarında formalaşaraq bu janrla xarakterizə olunan struktur, mövzu, forma və s. əlamətlər qazandığını göstərir. Amma Azərbaycan folklorşünaslığında divanilərin qəzəlin təsiri ilə yaranması haqqında fikirlər də mövcuddur.

Divanilər coşqun, təntənəli, döyüş və mübarizə ovqatında yazılan 15 hecalı dördlüklərdir. Beş, yeddi, doqquz və ya on bir bənddən ibarət şeir qatarına malik olan divanilər əksər aşıq şeirləri kimi rədiflidir və aşağıdakı şəkildə qafiyələnir: aaba, ccca, ddda və s. 15 hecanı bir nəfəsə oxumaq çətinlik törətdiyindən ifa zamanı aşıqlar hər bir misranı iki yerə bölüb oxuyurlar. Bu zaman I misra – 8, II misra – 7 hecadan ibarət olur. Beləliklə, dörd misralı bənd səkkiz misra şəklini alır. I, III, V və VII misralar səkkiz, qalanları isə yeddi hecalı olaraq iki müxtəlif hecaların növbələşməsinə əsaslanır. Misraların təqtiləri aşağıdakı kimidir: 4+4+4+3.

Divani şeirinin təsiri ilə aşıq poeziyasında “Baş divani” və “Ayaq divani” havaları yaranmış, sazın qoluna kədər və sevinc duyğularını ifadə edən əlavə iki pərdə bağlanmışdı. Həmin pərdələrdə çalınan havalar orada oxunan şeirin əhval-ruhiyyəsinə uyğun olur. Yəni kədərli divanilər baş pərdədə, qələbə, mübarizə ruhlu divanilər isə ayaq pərdədə oxunur.

Aşıqlar bu şeir şəklindən döyüş, çağırış, mübarizə ruhunda şeirlərin yazılmasında, həmçinin deyişmə zamanı bir-birinin istedadını və bacarığını yoxlamaq üçün istifadə edirlər. Ona görə də aşıqlar divanini həm də “Haqq qapısı”, “Aşığın məsləyi”, “Aşığın ədəb-ərkanı” adlandırırlar.

Divanilərin saya (adi) forması ilə yanaşı, “Qıfılbənd divani”, “Cığalı divanı”, “Divani-mərsiyə”, “Divani-fəxriyyə”, “Divani-müsəddəs”, “Zəncirləmə divani” və s. şəkilləri vardır.

Orta əsrlərdə divanlara daxil edilən əsərlərin qafiyə və rədifləri hansı hərflə qurtarırsa, növbəti şeir də həmin hərflə başlayırdı. İradə Köçərlinin yazdığına görə, divan ədəbiyyatının tərtibində tətbiq olunan bu üsul sonralar mahiyyətini dəyişərək aşıq ədəbiyyatında divanilərin “zəncirləmə”, “ikibaşlı”, “hərfli” kimi formalarının yaranmasına səbəb olmuşdu. Zəncirləmə divanilərdə I bəndin I misrası hansı sözlə qurtarırsa, sonra gələn bütün misralarda həmin söz misranın baş sözü olur. Bu qayda şeirin sonuna kimi davam edir.

XVI əsrdə yaşayıb yaratmış Qurbaninin Şah İsmayılın ölümü münasibətilə dediyi “Ola” rədifli mərsiyəsi və “Gözəl” rədifli ustadnaməsi elmə məlum ilk divani nümunələridir.

Fələk, sənlə əlləşməyə bir belə meydan ola,

Tut əlimi, fürsət sənin, lütf ilə ehsan ola.

Getmiş idim mürşüdümə, dərdimə dava qıla,

Nə biləydim, mən gəlincə xak ilə yeksan ola.

Divani aşıq şeirinin himni sayıldığından bütün aşıq məclisləri, dastan gecələri bir qayda olaraq divani ilə açılır.