AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Ürfan Əli

Əli Abuzər oğlu Quliyev 1949-cu ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə Tovuzun Alakol kəndindən olan aşıq Səməd Mehdiyevin yanında şəyird olaraq sənətin sirlərini öyrənməyə başlayıb. 1967-ci ildə orta məktəbi bitirdikdən sonra Politexnik İnstitutunun (indiki Texniki Universitet) Memarlıq fakültəsinə daxil olub. 1972-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurub Vətənə qayıtdıqdan sonra sənətin sirlərinə daha mükəmməl yiyələnmək üçün şəyird kimi böyük ustad Ədalət Nəsibova qulluq edib.

İstedadlı solo-saz ifaçısı kimi tanınan Əli Quliyev eyni zamanda bədii yaradıcılıqla da məşğul olur. “Sözdən pənah gətirmişəm” adlı ilk kitabı 2000-ci ildə işıq üzü görüb. Hazırda beş kitabın müəllifidir. “Molla Cümə”, “Koroğlu”, “Etnoqrafik etüd”, “Qalalı dağlar”, “Köç”, “Tanrı payım, telli sazım” və s. sənədli filmlərdə çəkilib. Respublikamızda dövlət səviyyəsində təşkil olunan bir sıra tədbirlərdə, bayram şənliklərində və yubileylərdə iştirak edib.

Aşıq Əli Quliyevin ifasında lentə alınmış 32 solo saz ifası dövlət radiosunun fondunda saxlanılır. Məşhur “Dilqəmi” və “Ruhani” saz havaları isə radionun qızıl fonduna daxil edilib. Aşıq Əli Quliyev 2003-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Əlaqəli nümunələr

Günün nümunəsi

Toxuculuq dəzgah və alətləri

Azərbaycanın maddi mədəniyyət tarixinin bir sıra nailiyyətləri, antik dövrə aid arxeoloji qazıntılar zamanı əldə olunmuş yerli istehsal məhsulları burada mövcud olmuş sosial-iqtisadi və texniki irəliləyişdən xəbər verir. Bəsit burma, eşmə və hörmə vərdişləri sahəsində əldə edilən ilk əməli təcrübə sonralar əyirmə üsulunun yaranmasına və bu əsasda geyim və digər məişət vasitələri üçün z...

Ətraflı