AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xanəndə Babayev Arif İmran oğlu

Babayev Arif İmran oğlu XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı illərdən Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, ADMİU-da təhsil almış, təhsilini başa vurduqdan sonra əvvəl ADF-na, sonra isə ADOBT-na solist dəvət olunmuşdur. Bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm, Aşıq Qərib, Camal kimi yaddaqalan obrazlar yaratmışdır. A.Babayevin ifasında bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq AzRT fonduna daxil edilmişdir.
 
Onun yaradıcılığında "Şur", "Segah" muğam-dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi-muğamları xüsusi yer tutur. Xüsusilə "Segah" muğamını A.Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük zövqlə ifa edir. A.Babayev qastrol səfərlərində çox olmuşdur. Amerika, Avropa, Asiyanın bir çox ölkələrində Azərbaycan muğam sənətini musiqisevərlərə tanıtmışdır. Onun səsi respublikada və xaricdə qrammofon vallarına və kompakt disklərə yazılmışdır. A.Babayev AMK-nın professoru, “Solo oxuma (xanəndəlik)” kafedrasının müdiridir. Onun yetirmələri - Nəzakət Teymurova, Aygün Bayramova, Fehruz Məmmədov, Sevinc Sarıyeva, Gülüstan Əliyeva, Könül Xasıyeva, Səbuhi İbayev və başqaları bu gün muğam sənətinin tanınmış simalarıdır.
 
A.Babayev muğam müsabiqələrində münsiflər heyətinin üzvü kimi iştirak edir. O, öz bilik və bacarığını istedadlı xanəndələr nəslinin yetişməsinə sərf edərək, Qarabağ muğam ifaçılığı ənənələrini yaşatmağa çalışır. A.Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunmuşdur. 1988-ci ildə Xalq artisti adını almış, 1998-ci ildə “Şöhrət”, 2008-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Alqışlar

Azərbaycan folklorunun arxaik janrlarından hesab olunan alqışlar ritual təsəvvürlərdən qaynaqlanan qəlib sözlərdən ibarətdir. Qədim təsəvvürlərə görə, pis söz insanlara uğursuzluq gətirdiyi kimi, yaxşı söz insanlara xoşbəxtlik, sağlamlıq, uğur gətirir. Sözün təsir gücünə inanan qədim insanlar dua-sənalarının Allah tərəfindən qəbul olunacağına inanırdılar. Alqışlar praktik məzmunlu ol...

Ətraflı