Bayatı-Şiraz
Nümunənin reyestr kodu : FM0302020001
Azərbaycan şifahi professional musiqisinin yeddi əsas muğamından biri olan “Bayatı-Şiraz”ın emosional təsir qüvvəsi rəngarəng və genişdir. “Bayatı-Şiraz” lirik məzmun kəsb etməklə dinləyicidə qəmginlik hissi yaradır, onu düşündürür, muğamın zil registrli şöbələri isə hətta dinləyicini həyəcanlandırır.
Muğam tarixinin, hissə və şöbələrinin mükəmməl bilicisi, tarzən Mirzə Fərəc (1847-1927) “Bayatı-Şiraz” muğamının 17 şöbə və guşədən ibarət olduğunu qeyd edir: 1. Dəramənd, 2. Bayatı-İsfahan, 3. Bayatı-Şiraz, 4. Əbülcəp, 5. Cəfəriyyə, 6. Budəşti, 7.Azərbaycan, 8. Bayatı-kürd, 9. Hacıyuni, 10. Giləyi, 11. Dəsti, 12. Məhdi-Zərrabi, 13. Qatar, 14. Bayatı, 15. Aşiqi-Guş, 16. Niiriz-Davudi, 17. Üzzal.
Mirzə Fərəcin tərtib etdiyi cədvəldəki “Bayatı-Şiraz”ın tərkibində “Şur”, ”Rast”, “Nəva” və digər muğam-səsdüzümlərinə müvəqqəti keçidlər özünü göstərir. Bakı Musiqi texnikumunun Şərq şöbəsi üçün düzəldilmiş proqramda (1925) “Bayatı-Şiraz” muğam dəstgahı “Bayatı-İsfahan” adlandırılmışdı.
XIX əsrdə Bakı musiqi məclislərində ifa olunan “Bayatı-Şiraz” muğam dəstgahı “Bayatı-İsfahan” adını daşımış, İranda indi də bu adla tanınır. Musiqi texnikumunun Şərq şöbəsi üçün düzəldilmiş ilk proqramda “Bayatı-İsfahan” 10 şöbə və guşəni özündə cəmləşdirir. “Mayeyi-Bayatı-Şiraz”, “Bayatı-İsfahan”, “Əbülçəp”, “Azərbaycan”, “Bayatı-Kürd”, “Hacı-Yuni”, “Dəşti”, “Qatar”, “Üzzal”, “Bayatı-Şiraz”. Proqramdakı şöbə və guşələrin məcmusu Mirzə Fərəcin yuxarıda göstərdiyimiz “Bayatı-Şiraz”ın (bəzi guşələri çıxmaqla) şöbə və guşələr cədvəlinə daxil olan adlara uyğun gəlir. Bu cədvəldən “Bayatı-Şiraz”ın qədim muğamlardan olmadığı və son əsrlərdə yarandığı üçün başqa dəstgahların şöbə və guşələrini mənimsədiyi, onların hesabına dəstgah şəklini əldə etdiyi aydın olur. “Bayatı-Şiraz”ın ifa cəhətdən sonrakı inkişafı nəticəsində bəzi şöbə və guşələr “Bayatı-Şiraz” məqamına uyğun gəlmədiyi üçün dəstgahın tərkibindən ixtisar edilmişdi. Məsələn, “Azərbaycan” guşəsi “Şahnaz”ın kadensiyasında işlənmiş, “Bayatı-kürd” “Nəva” dəstgahına, həmçinin kiçik formalı müstəqil “Bayatı-kürd” muğamına, “Hacıyuni”, “Şur”, “Qatar”, “Mahur-hindi”yə (sonradan ondan ayrılaraq kiçik həcmli müstəqil “Qatar” muğamına) keçmiş, “Dəşti” isə əvvəl ”Nəva”da şöbə kimi mövcud olmuş, sonra “Dəşti” adı ilə kiçik formalı müstəqil muğam kimi işlənməyə başlamışdı.
Hazırda “Bayatı-Şiraz” muğam dəstgahının məcmusunu 8 şöbə və guşə təşkil edir: “Bərdaşt”, “Mayeyi Bayatı-Şiraz”, “Nişibi-fəraz”, “Bayatı-İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza kadensiya”dır. Bu muğam dəstgahı “sol” Bayatı-Şiraz tonallığında ifa edilir. İndi əksər hallarda “Bayatı-Şiraz” muğam dəstgahı “Nişibi-fəraz”la başlayır. Bu halda “Bərdaşt” və “Mayeyi-Bayatı-Şiraz” şöbələri öz növbəsində ixtisar edilir.
Azərbaycanda “Bayatı-Şiraz” əsasında çoxlu rəng və təsniflər, lirik mahnılar yaranmışdı. Bu muğam-dəstgah əsasında F.Əmirov “Gülüstani-Bayatı-Şiraz”, S.Ələsgərov “Bayatı-Şiraz” simfonik muğamlarını, H.Əliverdibəyov “Bayatı-Şiraz” xor muğamını yazmışdı.