AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kiçik həcmli muğamlar

Nümunənin reyestr kodu : FM0301000001

Kiçik həcmli muğamlar silsiləsinə həcm etibarilə dəstgahlardan kiçik, şöbə və güşələrin sayı ondan az olan muğamlar daxildir. Kiçik həcmli muğamlar adətən 3-5 şöbə və güşədən ibarət olur. Dəstgahlarda olan geniş inkişaf kiçik formalı muğamlar üçün xarakterik deyil. Kiçik həcmli muğamlar əvvəllər müəyyən bir muğam dəstgahının şöbəsi olmuş, sonradan onun melodiyası genişlənmiş və dəstgahdan ayrılaraq müstəqil muğama çevrilmişlər. Müasir Azərbaycan şifahi professional musiqisində “Qatar”, “Bayatı-kürd”, “Dəşti” kimi nümunələr məhz dəstgahlardan ayrılmış kiçik həcmli muğamlardır. Dəstgahın kompozisiyalarındakı geniş inkişaf, tədricən emosional gərginliyin yaranması kiçik həcmli muğamlar üçün səciyyəvi deyildir.

Muğam dəstgahlarından fərqli olaraq kiçik həcmli muğamlarda “Bərdaşt” olmur. “Bərdaştın” əvəzinə müqəddimə səciyyəli təsnif oxunur və ya “Dəraməd” çalınır. Kiçik həcmli muğamlar təsniflə tamamlanır. Burada rənglərdən çox az istifadə olunur. Müqəddimə səciyyəli təsniflər kiçik həcmli muğamlarda “Bərdaşt”ı əvəz edir, şöbələrin musiqi materialını özündə cəmləşdirən bu təsniflər məhz muğamın şöbələri arasında “bağlayıcı” rol oynayır, sonda oxunan təsniflər isə muğamda “yekunlaşdırıcı” funksiya yerinə yetirirlər.

Kiçik həcmli muğamlar silsiləsinə aid olan 5 muğam 7 əsas laddan cəmi ikisinə əsaslanır.

1.”Qatar” – “rast” ladına əsaslanır və “Mahur-hindi” dəstgahı ilə əlaqəlidir. “Qatar” muğamının məcmusunu 3 şöbə təşkil edir: “Qatar” (zildə), “Qatarın mayəsi” və “Qatar” (zildə).

2. “Rəhab” – “Şur” ailəsinə daxil olan kiçik həcmli muğamdır. “Rəhab” 10 şöbə və guşədən ibarətdir: “Əmiri”, “Rəhab”, “Bayatı-Feili”, “Məsihi”, “Əraq”, “Hüseyni”, “Rəncgah”, “Raki-Hindi”, “Raki-Abdullahi”, “Rahab”.

3. “Şahnaz” – “Şur” ailəsinə daxil olduğu kimi öz lad əsasına görə də şura aiddir. “Şahnaz” müstəgil muğam kimi 3 şöbədən ibarətdir: “Şahnaz”, “Dilkəş” və “Zil Şahnaz” (“Şəddi-şahnaz”).

4. “Bayatı-kürd” – “Şur” ailəsinə daxil olan kiçik həcmli muğamlardan biridir. “Bayatı-kürd” muğaminin məcmusunu 3 şöbə təşkil edir: “Bayatı-kürd”, “Bayatı-Əcəm” və “Bayatı-kürdə ayaq” (kadensiya).

5. “Dəşti” – “şur” ladına əsaslanır və “Şur” muğam ailəsinə aiddir. “Dəşti” muğamı 8 şöbə və guşədən ibarətdir: “Dübeyti”, “Gileyi”, “Gəbri”, “Bayatı-kürd”, “Nəhib”, “Qərai”, “Məsnəvi” və “Şah-Xətai”.