AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq sənəti

Nümunənin reyestr kodu : FM0100000001

Azərbaycan folklorunda mühüm rol oynayan aşıq sənəti nümunələrinin müəllifinin bəlli olması bu sənət sahəsini yazılı ədəbiyyata yaxınlaşdırsa da, bu sahələr arasında ciddi fərqlər vardır. Yazılı ədəbiyyatda yazıçının qələmindən çıxan əsər zəif olsa belə heç bir dəyişikliyə uğramır, olduğu kimi qalır. Amma aşıq ədəbiyyatına məxsus nümunələr müəyyən aşıqlar tərəfindən yaradılsa da, şifahi şəkildə yayılır, ağızdan-ağıza keçərək günümüzə gəlib çatdığı üçün müəyyən dəyişikliyə uğrayır, variantlaşır. Şifahi xalq yaradıcılığının digər nümunələri kimi aşıq sənəti də sinkretikliyi ilə diqqəti cəlb edir. Aşıq şairlik, bəstəkarlıq, müğənnilik, aktyorluq kimi bir çox sənət sahələrinə məxsus xüsusiyyəti özündə birləşdirən dastan və saz havalarını yaratmaqla bərabər onları məharətlə ifa edən xalq sənətkarıdır. Bütün bu xüsusiyyətlər aşıq yaradıcılığını şifahi ədəbiyyata yaxınlaşdırır, onu folklorun bir qoluna çevirir.

Aşıqlar iki qrupa ayrılır: ustad ifaçı aşıqlar. Ustad aşıqlar yaradıcı aşıqlardır, onlar saz havalarını, dastanları məharətlə ifa etməklə yanaşı, özləri də yeni havalar yaradır, yeni dastanlar qoşurlar. İfaçı aşıqlar isə yalnız ustad aşıqların yaratdığı şeir və dastanları xalq arasında ifa edirlər.

Araşdırıcıların gəldiyi qənaətə görə, aşıqlıq sənətinin kökü orta əsrlərə – təkkə ocaqlarına bağlanır. Təkkəyə bağlı sufi-dərvişlərin özlərinə verdiyi aşiq adı onların təkkədən ayrılıb müstəqil sənət yolunu tutmaları ilə aşıq şəklini alır. Başlanğıcda onlar təriqət əhli idilər, təsəvvüfə bağlılıqlarını bildirmək üçün özlərinə Qul, Miskin, Abdal, Xəstə, Sultan kimi təxəllüslər götürür, təriqət məzmunu daşıyan rəvayətlər, hekayələr söyləyirdilər. Təkkədən çıxan həmin sufi-dərvişlər xalq içərisinə gedərək təsəvvüf ideyalarını tərənnüm və təbliğ etməyə başlayırlar. Aşıqlıq müstəqil bir sənət sahəsinə çevrildikdən sonra həmin təxəllüslər də arxa plana keçməyə, aşıqlıq tərəfi önə çıxmağa başlayır. XVII əsrdən başlayaraq müstəqil zümrə kimi formalaşan aşıqların repertuarında artıq bəşəri mövzular, bəşəri eşqin tərənnümü, daha sonra ictimai mövzular əsas yer tutmağa başlayır. XVII-XIX əsrlərdə Azərbaycanda mənəvi mədəniyyətin üst qatında artıq aşıq ədəbiyyatı dururdu, geniş dinləyici auditoriyasına malik olub kütlə içində özünə güclü dayaq tapdığına görə XIX əsrədək öz hakim mövqeyini qoruyub saxlaya bilmişdi. Aşıq ədəbiyyatının cəmiyyətdəki mövqeyindən bəhs edərkən Məmmədhüseyn Təhmasib yazır: “XVII-XVIII əsrlərdə aşıq ədəbiyyatı, aşıq şeiri o qədər geniş yayılmış, elə böyük şəxsiyyətlər yetirmişdi ki, hətta yazılı ədəbiyyatın önündə getməyə, ona istiqamət verməyə başlamış, Vaqif ədəbi məktəbinin formalaşmasında həlledici rol oynamışdı”.

Aşıq sənəti müxtəlif bölgələrdə özünəməxsus inkişaf yolu keçmiş, nəticədə sənətkarlıq xüsusiyyətlərinə, repertuarına, ifa tərzinə, musiqi özəlliyinə görə bir-birindən fərqlənən mühitlər formalaşmışdı. Araşdırıcıların fikrincə, XV-XVI əsrlərdən etibarən formalaşmağa başlayan aşıq mühitləri XIX əsrdə artıq formalaşma dövrünü başa vurmuşdu. Şirvan, Gəncəbasar, Borçalı, Təbriz, Urmiya aşıq mühitləri bu gün öz fəaliyyətini davam etdirsə də, aşıq sənətinə təxminən 70-dək el sənətkarı bəxş etmiş Göyçə, Ağbaba, Dərələyəz aşıq mühitləri Ermənistanın azərbaycanlıları öz doğma yurdlarından qovması nəticəsində dağılmışdı. Muğamın təsiri ilə xeyli zəifləmiş Qarabağ aşıq mühiti isə Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalından sonra məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

Rəqs, vokal ifa, musiqi, şeiriyyət və hekayəçiliyi özündə birləşdirən Azərbaycan aşıq sənəti 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.