AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Rəqslər

Nümunənin reyestr kodu : FM0400000001

Azərbaycan musiqisi

Azərbaycan incəsənətinin ən geniş yayılmış sahələrindən biri də rəqslərdir. Xalq rəqsləri milli instrumental musiqimizin əsasıdır. Rəqslər xalq tərəfindən yaradılıb əsrlərdən bəri şifahi halda nəsildən-nəslə keçmişdi. Azərbaycan instrumental xalq rəqs musiqisi üçün melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapazon müxtəlifliyi, tədrici inkişaf, təkrar, variasiya və sekvensiya metodu səciyyəvidir. Rəqslər özünəməxsus lad əsası, metro-ritmik xüsusiyyətləri və rəngarəng formaları ilə seçilir. Xalq mahnılarında olduğu kimi, rəqslərdə də xalqın hissləri, duyğuları, temperamenti əks olunmuşdu. Rəqslər tarixi mənbə olmaqla yanaşı, xalqın musiqi təfəkkürünün ən xarakterik xüsusiyyətlərini üzə çıxarır. Bu musiqi nümunələrinin qorunub saxlanması müasir folklorşünaslığın əsas məsələsidir.

Rəqslər ifa tərzinə görə iki yerə ayrılır. "İnnabı", "Mirzeyi","Cəngi" kimi rəqs nümunələri kişilər üçün nəzərdə tutulmuşdu. Qadınlar arasında isə daha məşhur olan rəqslər "Haxışta", "Halay", “Vağzalı” sayılır. İndiyədək səslənən qədim xalq rəqs musiqi nümunələri, eləcə də professional xoreoqrafiya sənəti onu göstərir ki, xalq rəqs musiqisi və rəqslərini üç mövqedən təsnif etmək mümkündür: 1. Rəqslərin musiqi müşayiəti; 2. Rəqqasların cinsi və sayı; 3. Rəqslərin janrı.

Mövzu əsasına görə Azərbaycan xalq rəqsləri və rəqs musiqisi beş janra bölünür: 1. Ənənəvi rəqslər; 2. Məişət rəqsləri; 3. Zəhmət rəqsləri; 4. Qəhrəmanlıq, hərbi və idman oyun rəqsləri; 5. Yallı oyun rəqsləri. Azərbaycan xalq xoreoqrafiya sənətində dəstgah şəklində ifa olunmuş çox hissəli rəqslər də mövcud olmuşdu. Hələ XIX əsrdə Azərbaycanın bir çox bölgələrində, xüsusilə Şamaxı toylarında, Qarabağ şənliklərində “Çaharzən” (Dörd qadın) adlanan rəqs dəstgahı ifa olunurdu.

Azərbaycanda rəqs sənətinin yaranması miladdan öncəyə təsadüf edir. Rəqs sənətinin meydana gəlməsinin bir çox səbəbləri vardır. İbtidai icma quruluşu dövründə ölkə ərazisində yaşayan qədim insanlar ova çıxdıqları zaman əl çalaraq, yaxud ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. Bu baxımdan Qobustan qaya təsvirləri zəngin tarixi irsimizlə yanaşı, musiqi və rəqs mədəniyyətimizin inkişaf tarixini öyrənmək üçün də böyük əhəmiyyətə malikdir. Qobustanda iri qaya üzərində təsvir edilmiş xalqımızın bu gün də milli rəqsi sayılan, bir elin kollektiv surətdə öz sevincini, bacarıq və istedadını əks etdirən “Yallı”nın tarixi çox uzaq əsrlərlə bağlıdır. Həmçinin Ordubadda Gəmiqaya təsvirlərində də od və günəş rəmzi sayılan kiçik dairə, ətrafında isə qollarını yuxarı qaldırıb rəqs edən insan rəsmləri mövcuddur. Naxçıvan ərazisində aşkara çıxarılan və üç min ildən artıq yaşı olan boyalı bir qabın üzərində iki nəfərin rəqsinin incəliklə təsvir olunması Azərbaycan rəqs mədəniyyətinin çox qədim tarixindən xəbər verir. Rəqslərdən həm də dini ayinlərin icrasında, tanrıların şərəfinə verilən qurban mərasimlərində istifadə olunmuşdu. Müəyyən dövrlərdə rəqsləri çeşidli mərasimlərdə görmək mümkün idi. Bu baxımdan əcdadlarımızın məişəti, milli mədəniyyəti, adət-ənənəsinin dolğun əksini tapdığı dəyərli mənbə kimi “Kitabi Dədə Qorqud” dastanı əhəmiyyətlidir.

Demək olar ki, incəsənətin bu növü xalq məişətinə sirayət etmiş, taxıl biçini, məhsul yığımı, baharın gəlişi, el şənliklərində də yer almağa başlamış və insanlar arasında geniş yayılmışdı.

Xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli rəqslər mövcuddur. Kişi və qadınların tək, qoşa, kütləvi rəqslərini, eləcə də oynaq mahnı ilə müşayiət olunan rəqsləri göstərmək olar. Həmin rəqslər öz xoreoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi və dəqiqliyi, oynaqlığı və şuxluğu ilə insanlara böyük mənəvi zövq verir. Bu zəngin mənəvi sərvət sadədən mürəkkəbə doğru inkişaf yolu keçmiş, saflaşmış, cilalanmış və bu gün də öz təbii görkəmində varlığını davam etdirir.