AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çəçik boyunbağı

Nümunənin reyestr kodu : ST0303000001

Keçmişdə qadın bəzəklərinin böyük əksəriyyətini boyun və sinə (döş) bəzəkləri təşkil edirdi. Bunlar həm bahalı daşlardan tərtiblənən muncuqlardan, həm qiymətli metallardan (qızıl, gümüş), həm də daş-qaşla əlvan metalların kombinəsindən xüsusi incəliklə hazırlanırdı. Etnoqrafik bölgələrimizdə “boğazaltı”, “yaxagülü”, “heykəl”, “həmayil”, “qozalı boyunbağı”, “yelpazəli sinəbənd”, “hil”, “arpa”, “bacaqlı”, “nargilə boyunbağı”, “mərcanə”, “gül boyunbağı”, “qızıl boğazaltı”, “silsilə”, “xirtdəklik”, “qarabatdaq”, “qazayağı”, “mumasan”, “ilgək-qarmaq”, “sərmə”, “gərdənbağı”, “müsaviyan”, “şəddə”, “gərdənbənd” və s. adlarla məlum olan geniş çeşidli boyun və sinə bəzəkləri varlı qadınların geyim dəstində üstün yer tuturdu. Bunların içərisində Naxçıvan (Ordubad) zərgərlik məktəbi üçün xarakterik olan, mürəkkəb dekor tərkibi ilə seçilən, varlı qadınların bəzək-zinət qarderobunu süstləyən bahalı zinət əşyası kimi tanınan “çəçik” xüsusilə seçilirdi. Naxçıvan bölgəsində boyun-sinə bəzəkləri olan “qarabatdaq”, “silsilə”, “sərmə”, “gərdənbağı”, “sinəbənd” və “gərdənbənd” də geniş yayılmışdı. Ancaq “çəçik” bəzək elementlərinin sayına, harmonik görüntüsünə, müvazinətli silsilə formasında quraşdırılmasına, qəlibkarlıq nümunələrinin bir neçə qatda halqalarla birləşdirilərək cərgəvi surətdə düzülüşünə görə misilsiz və kamil zərgərlik nümunəsi olub, əsasən qızıldan hazırlanır və üzəri qiymətli daşlarla bəzədilirdi. Bölgənin bəzi kəndlərində çəçiyə “çənbərə” və yaxud “çəmpərə” də deyilirdi.

“Qarabatdaq” zərgərlik məmulatından fərqli olaraq, çəçikdə boğazaltının aşağı hissəsindən üzərində qiymətli daşlardan bəzəyi olan ətəklər, ay-ulduz, yarpaq formalı bəzəklər asılırdı. Çəçiyi hazırlamaq üçün zərgərlər bir neçə qatda (ətəkdə) qızıldan kəsmə bəzəklərlə bəzədilmiş zəncir hazırlayır və ona qızıl halqalar birləşdirirdilər. Bu halqaların uclarına ay-ulduz yerləşdirilirdi. Onların sayı çəçiyin ölçüsündən asılı olaraq 11-dən 19-a qədər ola bilərdi. Sonra həmin ay-ulduz kəsməsinin aşağı ucuna bəndlənən halqaya başqa bir kəsmə bəzək növü birləşdirilir və planda ətək yaradırdı. Bu qayda ilə üçüncü, dördüncü, beşinci ətəklər tərtib olunurdu. Halqalara isə nisbətən kiçik ölçülü halqalar vasitəsilə çəçiklər (itburnu formalı, içərisi boş olan qızıl fiqurlar, üçyarpaq yoncagülü, balıq, ulduz, aypara) birləşdirirdilər. Ən geniş yayılmış çəçik nümunəsi beş ətəkli çəçik idi. Əksər hallarda çəçik boyunbağının aşağı ətək qurtaracağının halqalarına qızıl sikkələr – imperial, çervon, əşrəfi, bacaqlı, rial, tilani və s. bəndlənirdi. Çəçik boyunbağı boğaza, üst cərgənin qurtaracaqlarına bağlanan qalın sapla ilgəklənib bağlanırdı.

XIX əsr Naxçıvan zərgərlərinin hazırladığı çəçiklər qiymətli sənət nümunələri kimi bir çox muzeylərdə saxlanılır. Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda mühafizə olunan çəçik XIX əsrin sonuna aid olmaqla, basma (kəsmə) texnikası ilə qızıldan hazırlanmışdır. Çəçiyin uzunluğu 15 sm, eni isə 10 sm-dir. Onun yuxarı hissəsi iki qatda bir-birinə halqalar vasitəsilə birləşdirilmiş, aşağı qatda isə beş cərgədən ibarət ətəyi ancaq qatlararası halqalarla bir-birinə bərkidilmişdir. Bəzək nümunələri balıq, çobanyastığı çiçəyi, düzbucaq bəzək, aypara, ulduz və üçyarpaq yoncagülü kəsmələridir. Bəzi kəsmələrin üstünə lacivərd rəngli qaşlar düzülmüşdür. Bu qiymətli boyunbağını, əsasən, şəhərin varlı qadınları gəzdirsələr də, ondan orta səviyyəli ailələrin qız-gəlinləri də istifadə edirdilər.

Çəçiklər formasına görə böyük və kiçik çəçik olmaqla iki variantda hasilə gətirilirdi. Kiçik çəçik bir ətəkli, böyük çəçik isə adətən 2-dən 9-a qədər ətəkli (silsilə formasında) ola bilirdi.

Çəçik boyunbağı XIX-XX əsrlərdə sifarişlə hazırlanan bəzək-zinət əşyaları içərisində üstün olmuş, özündən əvvəlki Azərbaycan zərgərliyinin ənənələrinə dayanmışdır. XIX əsrin 30-cu illərində Ordubadda fəaliyyət göstərən zərgərlərin hazırladığı zinətlər nəinki Naxçıvanda, Şuşada da yüksək dəyərləndirilirdi. “Çəçik” adlanan bəzək-zinət əşyası Naxçıvan zərgərliyi üçün səciyyəvi olsa da, onu Bakı zərgərlik məktəbinin bəzək-zinət nümunələri sırasında da görmək olardı.