AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sehrli nağıllar

Nümunənin reyestr kodu : FL0110060001

Azərbaycan sehrli nağılları süjet tərkibinin zənginliyinə, bədii xüsusiyyətlərinə görə digər nağıllardan seçilir. Ən kamil və ən yaxşı nağıl nümunələri məhz bu qrupun payına düşür. Söyləyicilərin ustalıq və peşəkarlığı, sənətkarlığı, müxtəlif süjetləri birləşdirməklə ənənəvi variantlardan fərqli tamamilə yeni nağıl yaratmaq kimi bir çox yaradıcılıq xüsusiyyətləri, əsasən, bu nağıllarda özünü göstərir.

Sehrli nağıllar digər nağıl qruplarından sabit struktura malik olmasına, özünəməxsus obrazlar sisteminə və qəhrəman tipinə görə fərqlənir.

İlk növbədə, qeyd etmək lazımdır ki, sehrli nağıl qəhrəmanı passiv qəhrəmandır. Köməkçi əldə etdikdən sonra qəhrəman passivləşir, sehrli əşya və köməkçi onun əvəzindən fəaliyyət göstərir. Başqa sözlə, sehrli nağıl qəhrəmanı qarşıya qoyduğu məqsədə sehrli əşya və köməkçilər sayəsində çatır. Sehrli nağıllarda köməkçi rolunda o dünya varlıqları, əsasən, dərya atı, div, Simurq quşu, göyərçin cildinə girmiş pəri qızlar, sehrli əşya kimi isə o dünya varlıqlarına məxsus predmetlər – onların sehrli üzüyü, papağı, qılıncı, yaxud da həmin varlıqların yaşadığı məkana məxsus əşyalar – orada bitən ağacın meyvəsi, çubuğu və sair çıxış edir. Bir qayda olaraq, qəhrəman müəyyən sınaqlardan keçdikdən sonra bu köməkçi vasitələrə yiyələnir.

Sehrli nağılların digər bir əlaməti onların ikiqütblü olmasıdır. Bir tərəfdə ideallaşdırılan nağıl qəhrəmanı, digər tərəfdə isə antaqonist və ya yalançı qəhrəman, bir tərəfdə idealizə edilən işıqlı dünya, digər tərəfdə qaranlıq, yeraltı dünya, bu dünyaların arasında isə marginal zonalar yerləşir ki, hər iki dünyanın sərhədində olduğu üçün mediator (vasitəçi, əlaqələndirici) funksiyasını yerinə yetirirlər.

Azərbaycan sehrli nağıllarının süjet tərkibinin formalaşmasında Şərqin bir çox mədəni abidələrinin rolu danılmazdır. Bir çox sehrli nağıllar məhz ərəb mədəniyyətinin ən möhtəşəm abidəsi olan “Min bir gecə”dən alınmışdı. Təbii ki, kitabdan şifahi ənənəyə qayıdan həmin nümunələr şifahi mətnin qanunlarına uy​ğun inkişaf etmişdi: variant​laşmış, özünün bir çox motivlərini itirmiş, yerinə yeniləri cəlb olunmuşdu. Nə qədər variant​laş​maya məruz qalsa da, həmin nağıllar ori​jinala məx​​sus ciz​gilərini tam itirməmişdi. Əksər motivlər bir-biri ilə səsləşir, personajlara verilən adlar belə orijinal​dan yal​nız fonetik cəhətdən fərq​lənir.

Sehrli nağılların süjet tərkibi, əsasən, beynəlxalq süjetlərdən təşkil olunur. Digər nağıl qrupları ilə müqayisədə beynəlxalq süjetlərin ən yüksək göstəricisi – 71 faizlə məhz bu qrupun payına düşür. Bu süjetlərin başqa xalqlarda qarşılığının olması, onların eyniliyi anlamına gəlmir. Müxtəlif xalqların sehrli nağılları eyni süjetlər əsasında qurulsa da, hər bir xalqın mədəni müxtəlifliyindən, inam və etiqadından asılı olaraq dəyişilmiş, nəticədə beynəlxalq süjetlərin hər bir xalqa məxsus yerli variantları formalaşmışdı. Ona görə də, başqa xalqlarda variantlarının olmasına baxmayaraq, “Məlikməmməd” (TR 301), “Cantiq” (TR 318), “Cəlayi-vətən” (TR 590B*) kimi sehrli nağıllar məhz Azərbaycan üçün xarakterik variantlardır.

Sehrli nağıllar vaxtilə insanların mənəvi həyatının bir parçasına çevrilmişdi: folklor məclislərini, qış aylarında təşkil olunan nağıl gecələrini, iməcilikləri, aşıq məclislərini və s. onlarsız təsəvvür etmək mümkün deyil. Müasir dövrdə ənənəvi folklor məclislərinin məişətdən çıxması sehrli nağılların auditoriyasının daralmasına, onların tədricən şifahi dövriyyədən çıxmasına səbəb olmuşdu. Son illər bölgələrdən toplanmış folklor materiallarının təhlili göstərir ki, sehrli nağılların auditoriyası, demək olar ki, çox daralmış, yaddaqalan nümunələr isə çox az hallarda ifa olunur.