Keçəl
Nümunənin reyestr kodu : DR0203000010
Azərbaycan folklorunun əsas personajlarından biridir. Nəinki epik folklorda, bayram günləri oynanılan meydan tamaşalarından tutmuş paremioloji vahidlərə qədər fərqli folklor nümunələrində bu obrazla bağlı təsəvvürlərə rast gəlinir. Keçəl sehrli nağıllarda əsasən köməkçi funksiyası yerinə yetirir, çətin tapşırıqların icrasında qəhrəmana dəstək olur. Qaravəllilərdə isə nağılın baş qəhrəmanıdır, bütün hadisələr onun ətrafında cərəyan edir. Oynadığı roldan asılı olmayaraq onun xarakteri eynidir. Bütün mətnlərdə keçəl əməlbaz, kələkbaz, fəndgir bir obraz kimi çıxış edir. Keçəlin bu xüsusiyyəti “keçəl bic olar” məsəlində də qorunub saxlanmışdır.
Azərbaycanda keçəlin bir sıra növləri vardır: noxudu keçəl, zividi keçəl, üçgül keçəl. Bu obraz başqa türk xalqlarında kal (özbək), kalça (türkmən), kaloğlan (türk) adı ilə tanınır. Koroğlu dastanında Keçəl Həmzənin Kaloğlan adlandırılması da bundan irəli gəlir. Kal, kəl sözünün keçəl anlamı sonradan unudulduğu üçün Kaloğlan surəti Güloğlana çevrilmişdir (Ə.Əsgər).
Keçəllik o dünya varlıqlarına məxsus bir xüsusiyyətdir. O dünyanın sərhəddini keçdikdə qəhrəmanın o dünya varlıqlarının atributunu qəbul etməsi – özünün eybəcər uşağa, atının isə keçəl dayçaya çevrilməsi türk xalqlarının nağıl və dastanlarında olduqca geniş yayılmışdır. Eyni əlaməti daşıyan şəxslərə cəmiyyətdə mənfi münasibətin olmasının, onlara lağ edilməsinin arxasında da keçəlliyin o dünya ilə bağlığı durur. “Siman” nağılında bədəni tüksüz bir parça ət şəklində doğulan qəhrəmanı ailəsi qəbul etmir, yalnız həmin əlamətləri itirdikdən sonra sosiumda yaşamaq hüququ qazanır. Eyni ilə keçəl adam da cəmiyyətdə lağ obyektinə çevrilir. Başını qırxdıran uşaq olanda ətrafdakılar onun başına çırtma vurar, “başını ört, günəş gözümü qamaşdırdı” deyib lağ edərlər. “Keçəl oğlum olsun, ona yüz qız taparam” atalar sözü də həmin münasibəti əks etdirir. Oğlu olmayanın özünə keçəl bir oğlan övladı arzu etməsi, başqa sözlə, yoxdansa, keçələ də razı olması həmin münasibətin başqa bir formada ifadəsidir. Nağıllarda qəhrəmanın əsl-nəcabətini gizləmək üçün başına qoyun dərisi keçirib özünü keçəl şəklinə salması da dolayısı ilə həmin təsəvvürü əks etdirir. Keçəl qılığına girdikdən sonra eyni münasibətlə o da üzləşir. Padşah onu özünə layiq bilmir, digər kürəkənlərini sarayda, onu isə toyuq damında yerləşdirir.
Keçəllik həm də eybəcərlik hesab olunur. “Sehrli üzük” nağılında keçəlliyinə görə arvad ərini qəbul etmir, yalnız sehrli bulağın suyunda başını yuyub keçəllikdən xilas olduqdan sonra onu qəbul edir.
Keçəl o dünya varlıqları kimi qeyri-adi gücə sahibdir. Azərbaycanda leysan yağışlar yağanda və ya yağış uzun müddət kəsmədikdə qırx keçəlin adını bir kağıza yazıb ağacdan asırlar, onda yağışın kəsəcəyinə inanılır. Qazax nağıllarında keçəlin aydın bir gündə qar, boran yaradaraq ətrafı toz-duman eləməsi haqqında təsəvvürlər mövcuddur. Qazax məişət nağıllarının araşdırıcısı E.Tursunov demonik varlıqların boran, soyuq, gurultu yaratmaq xüsusiyyətlərindən çıxış edərək keçəli o dünyaya məxsus qüvvələrlə bağlayır. Saçın inanclarda güc, qüvvət simvolu olması və xeyirxah ruhların məskəni kimi təsəvvür olunmasına əsaslanaraq belə bir fikir yürüdür ki, saçdan məhrum olan həm də xeyirxah hamilərdən məhrum olur. Ona görə müəllif keçəl sürətinin nağıllarda kimsəsiz, yoxsul kimi təqdim olunmasını hamisizliklə əlaqələndirir. Müəllif nağıllarda keçəl surətinin idealizə edilməsini də bununla izah edir.
-
Foklorda obrazın ikiləşməsi
Muxtar Kazımoğlu
2011
-
Azərbaycan sehrli nağıllarında qəhrəman
Əfzələddin Əsgər
2017
-
Folklorda keçəl obrazı
Aynur Cəlilova
2016
- Biblioqrafiya və tərtibçi