Mərasim tamaşaları
Nümunənin reyestr kodu : FO0202000001
Azərbaycan mərasim tamaşaları nə qədər real münasibətləri, real məişət səhnələrini əks etdirirsə, bir o qədər rəmzi mahiyyət daşıyır. Məsələn, Novruz bayramının vazkeçilməz personajı olan kosanın paltarı, başına gələn hadisələr real insan həyatının əksidir, amma kosa eyni zamanda müəyyən əsatiri görüşün rəmzidir. Eləcə də, “Xıdır Nəbi” mərasimini icra edənlər real insan olsalar da, onlar xalq təsəvvüründə rəmzi varlıqlardır. Əli Sultanlı Azərbaycan dramaturgiyasının inkişaf tarixindən bəhs edərkən yazır ki, xalq daim öz əsatiri görüşlərini şəxsləndirməyə, insaniləşdirməyə çalışmış, təssəvvür etdiyi ruhu, şər qüvvələri xəyalından yerə endirərək onları cisimləşdirmiş, onlara müəyyən real surətlər vermişdi. Meydan tamaşalarındakı personajlar da xalqın bu əsatiri görüşlərinin nəticəsi olaraq yaranmışdı.
Azərbaycan mərasim tamaşaları, əsasən, məzhəkə üzərində qurulur. Hətta bəzi tamaşalar məzmunca dramatik olsa da, orada komizm ünsürləri ana xətti təşkil edir.
Mərasim tamaşaları saraylarda, xüsusi evlərdə deyil, karvansara həyətlərində, şəhər, qəsəbə, kənd meydançalarında göstərildiyindən həm də meydan tamaşaları kimi tanınır. Burada meydança həm səhnə, həm də amfiteatr rolu oynayır. Mərasim tamaşalarında dekorasiyadan istifadə olunmur. Meydançada çəkilmiş bir dairəni bəzən ev, saray, qala, şaquli qoyulmuş bir dəyənəyi isə bəzən qollu-budaqlı ağac təsəvvür etmək lazım gəlir. Tamaşaçılar kişilərdən ibarət olur. Qadınlar, bir qayda olaraq, nə oyunda, nə də tamaşada iştirak edirlər. Bu, bir tərəfdən İslam hicab ehkamı, digər tərəfdən tamaşalarda bayağı, açıq-saçıq səhnələrin göstərilməsi ilə əlaqədardır.
Keçmişdə təşkil olunmuş mərasim tamaşalarında bəydən tutmuş muzdura qədər cəmiyyətin bütün təbəqələri iştirak edirdi. Tamaşanın gedişinə rəhbərlik etmək üçün bəy seçilirdi. Bəy hər təbəqədən ola bilərdi və külli-ixtiyar sahibi idi. O, özünü tamaşada yaxşı aparmayanları ya cərimə edir, ya da meydançadan qovurdu. Buna baxmayaraq, tamaşa tam sakit məcrada keçirdi. Çünki əhali passiv tamaşaçı deyildi, tamaşanın bütün gedişində iştirak edirdi. Oyunbaz ilə tamaşaçı arasında rəsmi hüdud olmadığı üçün oyunbaz tamaşaçıya sual verə, ondan cavab tələb edə bilirdi, oyunun inkişafı da bu cavablardan asılı olurdu.
Yazılı mətni olmayan, müəyyən həcmə, müəyyənləşdirilmiş dialoqa malik olmayan mərasim tamaşaları yalnız şifahi şəkildə hafizələrdə saxlanmış ssenarilər üzərində qurulur. Personajlar müəyyən oyunbazlar tərəfindən canlandırılır. Oyunbazlar, əsas etibarilə, həvəskarlardan ibarət olur. Onların içərisində illərlə eyni rolu oynayan, rolunu əzbər bilən peşəkarlar da olur. Keçmişdə onlar kəndbəkənd gəzərək tamaşalar təşkil edir, pul və qida məhsulları toplayırdılar. Pul və ərzaq tamaşanın əvvəlində deyil, ya ortasında, ya da tamaşanın ən maraqlı yerində toplanırdı. Oyunbazlar həm xahiş, həm də başqa yollarla – təlxəklərə məxsus hərəkətlər, hoqqabazlara məxsus fövqəladə səhnəciklər göstərməklə tamaşaçını pul verməyə vadar edirdilər.
Ən məşhur mərasim tamaşaları bunlardır: “Kosa gəlin”, “Padşah” və yaxud “Xan bəzəmə” oyunu, “Xıdır Nəbi”, “Kəndirbaz” tamaşaları və s. Bunların bir qismi sırf mərasimlə bağlı olduğu halda, bir qismi mərasim çərçivəsindən kənara çıxmış, həm mərasim, həm də məişət səciyyəsi daşıyır.
Mərasim tamaşaları Azərbaycanda bir çox sənət sahələrinin – yazılı dramaturgiyanın, milli sirk sənətinin və s. formalaşmasında mühüm rol oynamışdı. M.F.Axundovdan başlamış müasir dramaturqlara qədər bir çoxları bu və ya digər dərəcədə xalq dramlarından bəhrələnmişlər. Xalq oyunbazlarının vaxtilə meydanlarda göstərdikləri hoqqabazlıqların, “Kəndirbaz” tamaşalarının milli sirk sənətinin formalaşmasında rolu danılmazdır.