AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Körpü

Nümunənin reyestr kodu : DA0204000007

Azərbaycanın ənənəvi əlaqə vasitələrinin bir qismini çay keçidləri körpülər, addamaclar, girmə, keçalat və suvatlar təşkil edirdi. Ərazidə mövcud olan irili-xırdalı çoxlu miqdarda çaylar üzərindən salınan körpülər vasitəsilə həm Azərbaycan kəndləri və şəhərləri bir-biri ilə, eləcə də xarici ölkələrlə əlaqə saxlayır, həm də onların üzərindən keçmişdə ticarət-karvan yolları keçirdi. Əlaqə işini qaydaya salmaqdan ötrü əhali ilk növbədə çayın ən dar yerindən hər iki sahili birləşdirən tək, qoşa, bəzən də üçəm tirlər atır, üzərinə köndələn şəkildə xırda ağac parçalarını yan-yana bənd etməklə primitiv körpü “addamac” düzəldirdilər. Çayın yatağı enli olduqda, içərisinə çay daşları doldurulmuş iri hörmə səbətləri (qoysara) çay yatağına yerləşdirir, üstünə tirlər ataraq primitiv körpü düzəldirdilər. Bu məqsədlə iri sal daşlardan və ağac yarmaçalarından da istifadə edilirdi. Adətən, təkərli nəqliyyat vasitələrinin və qoyun sürülərinin keçməsi üçün düzəldilən keçidlərdə yanaşı atılmış tirlərin üstünə çubuqhörmə çəpərə qoyur, üzərini ot-saman və ağac şaxları ilə örtüb torpaqlayırdılar. Azərbaycanın bütün bölgələri üçün səciyyəvi olan bu primitiv əlaqə vasitələri çox davamsız olur, tez-tez sıradan çıxırdı. Azərbaycanda iri körpülər salmaq, yolları abadlaşdırmaq, rahat nəqliyyat vasitələrindən istifadə etmək dövrün xüsusiyyətləri ilə əlaqədar olaraq maddi-texniki imkanların məhdudluğu şəraitində həm çətin, həm də ağır bir iş idi. Ona görə də, iri çaylardan keçmək üçün bir çox yerlərdə bərədən, primitiv daş körpülərdən, eləcə də girmə, keçalat və suvatlardan istifadə edilirdi. Qabırrı (İori) çayı üzərində Kəsəmən suvatı, Sənək suvatı, Qarabağlı suvatı və Ağ ev suvatı Eldar kəndlərinin daxili əlaqələrində mühüm rol oynayırdı. Qanıq (Alazan) çayı üzərində XIX əsrdə 10-dək girmə və keçidlər (Beslanlar, Anaqa, Urdo, Qozlu, Muğanlı, Boyaqçı, Çırpılı, Boyəhmədli, Lələli, Qotur və Almalı) fəaliyyətdə olmuşdur.

Tipoloji təsnifat baxımından Azərbaycanda inşa edilmiş körpülər daş, ağac, asma (kanat) körpülərdən ibarət olmuşdur. XIX əsrin sonlarından dəmir-beton konstruksiyalı körpülər də tikilmişdir. Qədim çağlardan başlayaraq son zamanlaradək Azərbaycanda asma körpülərdən də istifadə olunmuşdur. Bu körpülər sıldırımlı, yaxud çayın enli yerlərində böyük diqqətlə qurulurdu. Asma körpüləri hazırlamaq üçün çayın hər iki sahilinə möhkəm ağac dirəklər basdırırdılar. Bəzən dirək əvəzinə qayalardan da istifadə olunurdu. Sonra həmin dirək və ya qayalara möhkəm kəndirlər bənd edib üstünə taxta hissələr döşəyirdilər. XIX əsrin sonlarında belə körpüləri metal naqillərdən (tros) düzəldilmiş asma körpülər əvəz etmişdir. Xaçmaz rayonunun Köhnə Xaçmaz adlanan ərazisində hazırda piyadaların istifadə etdiyi belə bir körpü Qudyalçay üzərindən, Самух rayonunun Salahlı kəndində (Eldarda) və Burunqovaq kəndində isə Qabırrı çayı üzərindən salınmışdır. Kiçik və Böyük Qafqazın, eləcə də Talış dağlarının sıldırımlı və dərin dərəli dağ çayları üzərindən salınan belə körpülərin sayı onlarladır.

Azərbaycanın qədim ticarət mərkəzlərindən olan Şamaxı, Təbriz, Gəncə, Bərdə, Şəki, Naxçıvan, Ordubad və b. şəhərlərin ticarət yolları üstündə orta əsrlərdən istifadəyə verilən qiymətli, gözəl sənət nümunələri olan körpülər inşa edilmişdir. Xalqımızın keçmiş körpüsalma təcrübəsini parlaq surətdə əks etdirən Aza körpüsü, Şəkidə Qurcanaçay və Xanabadçay üzərindəki körpülər, on bir və on beşaşırımlı Xudafərin körpüləri, Sınıq körpü, Qazançı körpüsü, Gəncə körpüləri və s. əsrlərin sınağından çıxaraq, bir çoxu zəmanəmizədək öz əhəmiyyətini saxlamaqdadır. XIX əsrin ortalarında Gəncə-Tiflis poçt yolu ilə araba və furqonların hərəkətini asanlaşdırmaq üçün bu yolu kəsib keçən Tovuz, Həsənsu və Şəmkir çayları üzərindən ağac və daş körpülər salınması üçün dövlət tərəfindən də cəhdlər olmuşdur. 1864-cü ildən Tiflisdən Ağstafaya və İrəvana doğru poçt yolunun şoseləşdirilməsinə və əsas su maneələri üzərindən körpülər inşasına başlandı. 1871-ci ildə Gəncə şəhərinin mərkəzində Gəncəçay üzərindən Qafqazda ilk dəmir körpü istifadəyə verildi. 1873-cü ildə isə Yeni Ağstafa poçt stansiyasından Tovuza kimi 29 verstlik poçt yolunun şoseləşdirilməsinə və Həsənsu, Tovuz çayları üzərindən dəmir körpü inşasına qərar verildi. Lakin həmin dövrdə tezliklə Bakı-Tiflis dəmir yolu çəkiləcəyi güman edildiyi üçün bu layihə reallaşmadı və Həsənsu çayı üzərindən salınmalı olan körpünün dəmir konstruksiyaları qismən dəyişdirilərək Dilican yaxınlığında Ağstafaçay üzərindən körpü inşasında istifadə edildi. XIX əsrin 80-ci illərinin başlanğıcında Bakı-Tiflis dəmir yolu çəkilən zaman əsas su maneələri üzərindən salınan dəmir yolu körpüləri həm də araba və furqonların keçməsi üçün uyğunlaşdırıldı. Kür çayı üzərindən Poylu və Yevlax yaxınlığında, Həsənsu, Əsrik, Zəyəm və İncəçay üzərindən salınan dəmir yolu körpüləri relslərin səviyyəsinə qədər döşəndi ki, arabaların hərəkət etməsi mümkün olsun. 1897-ci ildə Quba şəhərində Qudyalçay üzərindən, 1908-ci ildə Şamaxı-Kürdəmir yolunu kəsib keçən Ağsu çayı üzərindən dəmir körpülər salınmış, XX əsrin əvvəllərində İrana mal aparılıb-gətirilməsini asanlaşdırmaq üçün Culfada Araz çayı üzərindən böyük dəmir körpü inşa edilmişdi.