AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Karvansara

Nümunənin reyestr kodu : DA0204000004

Tarixi Azərbaycan ərazisi coğrafi mövqeyi və iqtisadi resurslarına görə çox qədim zamanlardan dünya ölkələri arasındakı iqtisadi və mədəni əlaqələrdə mühüm rol oynamışdır. Bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilən Böyük İpək Yolu Azərbaycanı dövrün beynəlxalq ticarətinə qovuşdurmuş, dünya ölkələri arasında qədim zamanlardan mövcud olan iqtisadi, mədəni və siyasi əlaqələri daha da genişləndirmiş və möhkəmlətmişdi. Azərbaycanın Asiya və Avropanın qovuşuğunda yerləşməsi, burada neft, ipək, qızıl, boya, duz, xalça, zəfəran, parça və s. malların bolluğu onu beynəlxalq ticarət yollarının əsas məntəqələrindən birinə çevirən başlıca amil olmuşdur. Azərbaycan ərazisindən keçən Qədim Şərqin əsas ticarət yollarından biri onu Mərkəzi Asiya, Mesopotamiya, Hindistan və Kiçik Asiya ilə birləşdirirdi. Böyük İpək Yolunun bütün magistralı boyunca Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvansaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli tikili olan istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanılması üçün anbar-buzxanalar, müxtəlif dükanlar, yeməkxana, su quyuları, zirzəmi və s. olurdu.

Karvansaralar əcnəbi və yerli tacirlərin karvan mallarını həm də quldur-qarətçilərin hücumundan qoruyan qala tipli tikili idi. Ona görə də bu tip tikililərin xarici divarlarında pəncərə açırımları qoyulmurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarının keçirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərlərin qızğın ticarət gedən “qaynar nöqtələrində” tikilirdi. Yazılı məlumatlardan və etnoqrafik materiallardan aydın olur ki, iri karvansaralarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur.

Karvansara adlanan tikililərin elə bir təsnifatı olmamışdır. Onlar yalnız həcminə, əlverişli mövqedə salınmasına, rahatlıq üçün daha yaxşı şəraitinin olmasına, bir sözlə, tam kompleksə malik olmasına görə bir-birindən fərqlənirdi.

Orta əsrlərdə və XIX əsrdə Şamaxı, Dərbənd, Təbriz, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara salınmışdı. 1632-ci ildə Şamaxıda olmuş rus taciri F.Kotov Şabran-Şamaxı yolunda üç, Şamaxının özündə isə yeddi karvansaranın olduğunu qeyd edirdi. Səyyah A.Oleari bunlardan Şah karvansara və Ləzgi karvansaraları, oradakı qaynar icarət həyatı haqqında ətraflı məlumat vermişdir. Türk səyyahı Ö.Çələbinin yazdığına görə, Təbrizdə 200-ə qədər karvansara saymaq olardı. Tədqiqatçılar XV əsrdə Azərbaycan ərazisində ən yaxşı karvansaraların Bakı-Şamaxı və Beşbarmaqla Bakı və Salyan arasındakı ticarət yolu üzərində olduğunu qeyd edirlər. Bu karvansaralar su quyuları (ovdan), yonma daşdan hörülmüş hasarları və künbəzvari dam örtükləri ilə fərqlənirdi. XVII əsrin 30-cu illərində Azərbaycanda olmuş alman səyyahı Adam Oleari Bakı-Xızı yolu üzərində yerləşən Beşbarmaq dağı və Beşbarmaq karvansarası haqqında ətraflı məlumat vermiş və rəsmini çəkmişdir. Səyyah karvansaranın hər divarının uzunluğunun 42 addım olduğunu, dördkünc formada iri daşlardan tikildiyini, dərin su quyusu ilə təhciz olunduğunu yazırdı.

XVIII-XIX əsrlərdə Şəki şəhərində “İsfahan”, “Təbriz”, “Ləzgi”, “Təzə karvansara” adları ilə məlum olan karvansara binaları fəaliyyət göstərmişdir. Hazırda Şəkidə “Yuxarı” və “Aşağı” karvansaraların binaları qorunub saxlanılır. Yuxarı karvansara 300-dən artıq, Aşağı karvansara isə 242 otaq və zirzəmidən ibarətdir. XIX əsrin sonu-XX əsrin əvvəllərində karvan ticarəti öz əhəmiyyətini itirdiyinə görə, karvansaralar da öz əvvəlki qaynar həyatından məhrum olmuş, tarixi abidələrə çevrilmişdir.