AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ev

Nümunənin reyestr kodu : DA0204000010

Xalqımızın maddi mədəniyyətinin mühüm tərkib hissələrindən biri olan yaşayış evləri öz rəngarəngliyi və tiplərinin müxtəlifliyi ilə Qafqaz regionunda özünəməxsus yer tutur. Ev insanların əsas yaşayış vasitələrindən olub, onların təbii-zəruri istirahətini, təsərrüfat, məişət və həyati tələblərini təmin edən mühüm maddi mədəniyyət abidəsidir. Xalq yaşayış evi tiplərinin yaranmasında ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat məşğuliyyəti, inşaat materialları, tikinti texnikası və ailə məişəti müəyyənedici rol oynamışdır. Məhz bu amillərin təsiri ilə xalq yaşayış evləri müxtəlif tipdə olmuş, təbii mağaralardan (zağa, kaha, daran, sığnaq, kühül) müasir yaşayış evlərinə kimi uzun bir tarixi təkamül prosesi keçmişdir. Müxtəlif ev tiplərinin formalaşmasında mövcud ictimai quruluş, bu quruluşun dəyişməsi ilə həmahəng dəyişən ictimai həyat tərzinin də mühüm rolu olmuşdur. XX əsrin əvvəllərinə qədər Azərbaycan kəndlilərinin iqtisadi vəziyyətinin ağırlığı, mədəni səviyyənin ümumən aşağı olması, ictimai-iqtisadi inkişafın ləng sürəti yeni tipli müasir evlərin yaranmasını uzun müddət ləngitmiş, bir sıra arxaik ev tiplərinin son zamanlara qədər qalmasına imkan yaratmışdır.

Azərbaycanda ən qədim məskən tipləri təbii və süni mağaralar olmuşdur. Belə mağaralar həm də ibtidai insanların ilk yaşayış evləri olmuşdur. Təbii mağaralar мəhsuldar qüvvələrin inkişafı və bununla həmahəng olaraq inşaat texnikasının təkmilləşdirilməsi nəticəsində süni mağaralar və qazma tipli evlərlə əvəz olunmuşdur. Süni mağaraların Azərbaycan ərazisində neolit dövründən başlayaraq istifadə olunduğunu qeyd edən İ.M.Cəfərzadə yazır ki, möhkəmlənən və iqtisadi cəhətdən güclənən ibtidai qəbilələr öz yaşayış yerlərini genişləndirməkdən əlavə, özlərinə əvvəlkindən daha əlverişli və formaca fərqli yaşayış məskənləri salmağa başladılar. Beləliklə, məişətə yeni məskən tipi süni mağara daxil oldu. Daş hörgünün meydana gəlməsi isə qazma və yarımqazma tipli evlərin yaranmasında mütərəqqi rol oynamışdır. İctimai inkişafın sonrakı dövrlərində xalqın yaşayış evi fonduna qazma, qaradam, möhrə ev, kərpic evlər, ağac evlər, daş evlər daxil olmuş, eləcə də əhalinin məişətində daha mürəkkəb memarlıq-konstruksiya quruluşuna malik ev tipləri meydana gəlmişdir. Bu ev tipləri xalq arasında “işıqlı ev”, “ağ otaq”, “tənəbi ev”, “aynabəndli ev”, “imarət”, “malikanə”, “mülk”, “qəsr” və s. adlarla məlum olub, əsasən, iqtisadi cəhətdən təmin olunmuş varlılara məxsus idi. Adətən, belə evlər hündür daş hasarlarla əhatələnir, alaqapılarla təchiz olunur, xarici kompozisiyasının həlli və onun tərkib hissələri ilə seçilir, ağac şəbəkəli qapı və pəncərələri ilə diqqəti cəlb edir, interyerdə divar və tavanlar zəngin bədii tərtibatı ilə göz oxşayırdı. Kənd yerlərində isə belə ev tiplər nadir hallarda tikilərək çoxyerləşkəli, kürsülü, aynabəndli, ikimərtəbəli, əksər hallarda isə çatmadam örtüklü olurdu.

Tədqiqatçılar Qafqaz, Cənubi Qafqaz və Azərbaycan xalq yaşayış evlərinin təsnifatı məsələsi ilə hələ XIX əsrdən məşğul olmağa başlasalar da, bu məsələ XX əsrin ortalarından başlayaraq daha ciddi problem kimi qarşıya çıxmışdır. Bu problemin həllində yekdil rəy və vahid qayda olmadığından, ayrı-ayrı tədqiqatçılar məsələyə öz ixtisasları çərçivəsində yanaşaraq, müxtəlif təsnifat prinsipləri irəli sürmüşlər. Məsələn, arxitektorlar evlərin memarlıq-plan quruluşunu əsas götürmüşlər. Etnoqraflar isə yaşayış evlərini tarixi-təkamül, mədəni-məişət və memarlıq-konstruksiya xüsusiyyətlərinə, ənənəvi tarixi prinsipə və yaşayış evlərinin bütün əlamətlərinə kompleks yanaşmaqla təsnifat prinsiplərinə üstünlük vermişlər. Rus etnoqrafı V.P.Kobıçev isə Azərbaycan xalq yaşayış evlərinin təsnifatını verərkən etnik əlamətləri əsas meyar kimi qəbul etmişdir. Azərbaycan xalq yaşayış evlərinin təsnifat baxımından öyrənilməsinin indiki səviyyəsini nəzərə almaqla, onları şərti olaraq beş qrupa bölmək olar:

I. Əhalinin həyat tərzinə görə: 1. Oturaq əhaliyə məxsus daimi evlər; 2. Elatlara məxsus müvəqqəti evlər (alaçıq, dəyə, muxuru, coma, qarakeçə, dünnüklü ev, mağardəyə, çadır və s.).

II. İnşaat texnikası və tikinti materiallarına görə: 1. Möhrə-kərpc evlər (kərpic durma, möhrə ev, zomalaq ev, qojlu ev, səlyani); 2. qarğı evlər (çovustan, qarğı durma, tapan ev, qom ev); 3. Daş evlər (daxal, daşqura dəyə, qala yaşayış evləri, şirvani, tıtı ev, tövlə-səki); 4. Ağac evlər (bağdadı, bitəmə, carcar, cımğa, kərtmə, çubuqhörmə, aradoldurma, cəlinəkə, sündünəkə).

III. Dam örtüyünün formasına görə: 1. Piramidal-pilləli dam örtüklü evlər (qaradam, pəyəbaşı); 2. Yastı dam örtüklü evlər (daxal, tıtı ev, tövlə-səki, eyvanlı evlər, bağdadı); 3. Balıqbeli dam örtüklü evlər (şirvanı, çovustan, qojlu ev, durma); 4. Çatmadam örtüklü evlər (səlyani, ağ otaq, tənəbi ev, qavxanalı ev, imarət, aynabəndli ev). Sonuncular örtük materialına (avar-qamış, kirəmit, taxtapuş, tənəkə və s.) görə də bir-birindən fərqlənirdi. Çatma damlar, həmçinin ikiyamaclı-səlyani (тecavan, çartanbel, iki çatılı, şilvərli) və dördyamaclı-qaytarma (dörd çatılı, çahargül, xəlfə) olmaqla iki formada təzahür edirdi.

IV. Evlərin hündürlük baxımından və ya yer səthinə nəzərən yerləşməsinə görə: 1. Batıq və ya qazma-qabartma evlər (təbii və süni mağara, qazma (pəyə), qaradam, kühül, yarımqazma evlər); 2. Yerüstü evlər. Yerüstü evlər həmçinin birmərtəbəli, kürsülü, antlı eyvanlı, qulangərişli, seyvanlı, qojlu, iki və ya üçmərtəbəli olurdu. Yerüstü evlər otaqların düzülüş formasına görə (təkcərgəli, ikicərgəli) və sayına görə də (bir, iki və ya çoxotaqlı) fərqlənirdilər.

V. Plan quruluşuna görə: 1. Kəllayı (təнəbi) və ya kəlləzal (kəlləbaş); 2. Qoşa kəllayı; 3. Cərgəvi (düzdəmə); 4. Dairəvi-oval.

İlk dəfə ibtidai insanların yaşayış evləri süni mağaralar formasında qədim daş dövründən – Paleolit dövründən yaranmağa başlamışdır. Azərbaycan ərazisinin Qarabağ, Xanlar (Göygöl), Şamaxı, Gədəbəy, Kəlbəcər, Zəngilan və Naxçıvan bölgələrində ibtidai incanların təbii mağaralardan hələ qədim zamanlardan yaşayış evi kimi istifadə etdiklərini elmi tədqiqatlar sübut edir. Azıx, Tağlar, Bəy, Qobustan, Zübeyir, Qazma, Aveydağ mağaraları əcdadlarımızın ilk sığınacaq yeri kimi məlumdur. Neolit (Yeni daş) dövründən isə süni mağaralar formalaşmışdır. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində və Kiçik Qafqaz dağları bölgəsində (Qubadlı, Zəngilan, keçmiş Qonaqkənd, Lerik, Şamaxı, Kəlbəcər, Laçın), eləcə də Cənubi Azərbaycanda təsadüf olunur. XX əsrin 30-cu illərində etnoqraflar Ə.K.Ələkbərov və Q.T.Qaraqaşlı Kəlbəcər, Gədəbəy, Xanlar və Laçın rayonlarında yaşayış əhəmiyyətini hələ də itirməmiş süni mağara məskənlərinin olduğunu qeydə almışlar. Tarixi-etnoqrafik baxımdan yaşayış məskənlərinin rəngarəngliyi ilə seçilən Şirvan bölgəsində süni mağara tipli məskənlər, əsasən, Sündü, Dərəkənd, Mərəzə, Ərəbqədim, Poladlı, Nabur, Təsi, Yekəxana kəndlərində son zamanlara qədər qalmışdır. Kühül adlanan belə “yaşayış evi”ndən XX əsrin 30-cu illərindən başlayaraq təsərrüfat məqsədilə istifadə olunmuşdur. İctimai inkişafın sonrakı mərhələsində artıq yuxarıda adları sadalanan ev tipləri xalq məişətinə intensiv surətdə daxıl olmağa başlamışdır. XIX-XX əsrin əvvəllərinə kimi arxaik ev tipləri xalqın istifadəsində qalmışdır. Hazırda keçmişə məxsus ev tipləri ilə yanaşı, müasir evlər – çoxmərtəbəli, çoxyerləşkəli, bütün kommunal şəraitlə təchiz olunmuş evlər, eləcə də mülk tipli evlər xalqın istifadəsindədir. Azərbaycanın Quba, Şəki, Şuşa, Gəncə, Bakı, Şamaxı, Ordubad və s. şəhərlərində belə ev tiplərinə tez-tez rast gəlmək olar.